Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova ilə istirahət mərkəzlərinin birində keçirilən konsertdə bir araya gəldik. Konsertdən öncə musavat.com saytının suallarına cavab verən modelyer ilə söhbətə yay istirahətindən başladıq:
– Yay fəslinin son günlərini yaşayırıq. Fəxriyyə xanım bu yay istirahət edə bildimi?
– Yay fəsli bitir, yeni sezon başlayır. Yay hər zaman gözlənilən fəsil olub. Insan bir az da olsa, dincəlmək fürsəti tapır, təbiət qoynuna çəkilir, dənizə üz tutur. İstirahət çox gözəldir. Bu yay yaradıcılıq fəaliyyətimdə önəmli hadisə baş verdi. İyulun 14-də Vyanada böyük moda layihəsi baş tutdu. Mən də kolleksiyamı orada nümayiş etdirdim. Gözləmədiyim halda Avropa moda təşkilatı “Fashion for Europe” mükafatını mənə təqdim etdi. Bu, mənim üçün sürpriz oldu. Çox qürurverici andı. Maraqlı tədbir idi, çox hazırlaşmışdım.
Bu yay Gəncədə və Qalaltıda oldum. Oralara uşaq vaxtlarımda valideynlərimlə getmişdim. Gözəl xatirələrim var. Növbəti dəfə gedəndə oraları tanımadım, çox gözəl atmosfer və şərait var. Bilirsiniz ki, ölkəmizdə o qədər gözəl və füsunkar məkanlar var ki, xarici ölkələrə getməyə dəyməz, məncə… İstirahətim çox yaxşı keçdi, öz düşüncələrimlə, ideyalarımla baş-başa qaldım. Ağlıma maraqlı layihələr gəldi. İnşallah ilboyu onları reallaşdıracağam.
– Qadınlardan, sağlam qidalanma yollarından bəhs edən kitabınız işıq üzü görməlidir. Kitab hazırlıqları bitibmi?
– İstirahət zamanı kitabım haqda da çox düşündüm. Qalaltıda, dağların ətəyində elə bir ilham gəldi ki, istədim kitabımı tez bir zamanda tamamlayım. Orada çox gözəl şərait var idi. Amma hələ tamamlama işləri üçün zaman lazımdır. Zaman keçdikcə kitabım barədə davamlı ideyalar gəlir, araşdırıram. İstər-istəməz vaxt uzanır. İstəyirəm ki, 20 il sonra da o kitab axtarılan, ehtiyac duyulan olsun.
– Yeni mövsümdə yeni kolleksiya təqdim edəcəksinizmi?
– Yeni kolleksiya hazırlayıram. Bu yay düşündüm ki, iştirak edəcəyim növbəti moda həftələrində geyimlərin bir qismini tanınmış simalar nümayiş etdirsin. Bir bölümdə modellər, digərində aktrisalarımız, müğənnilərimiz, ictimai xadimlərimiz podiuma çıxsın. Məqsəd yerli dizaynerlərin əl işlərinə məşhurların vasitəsilə diqqət çəkməkdir.
– Məşhurlardan söz düşmüşkən, kimlərin geyim stilini bəyənirsiniz?
– İndi hər şey o qədər inkişaf edib ki, məşhur simalarımız bir-birindən rəngarəng geyimlər geyinir. Mən “İnstagram” vasitəsilə bir çox sənətçimizi izləyirəm. Əksəriyyəti dəbə uyğun geyinir. Mən də çalışmışam ki, bu dəfə açıq hava konsertinə uyğun geyinib, saçıma çiçəklərdən ibarət aksessuar taxım. Yay bitir, mən də yayın son akkordlarına uyğun “obodok” düzəltdim.
– Bir çox tanınmışlarda “brend geyim” sevgisi olur. Sizdə də bu sevgi varmı?
– Vacib deyil ki, geyim bahalı və brend olsun. Maraqlı ideyalar vasitəsilə insan gözəl, pozitiv və baxımlı görünə bilər. Mənim üçün də geyimin brend olması vacib deyil.
– Məşhurlar bir geyimi 1-2 dəfə geyindikdən sonra bir kənara qoyub, istifadə etmirlər. Dünya ulduzları adətən, belə geyimləri xeyriyyə məqsədi ilə satışa çıxarır. Bizdə də Nadir Qafarzadə, Ayan Babakişiyeva, Gülay Zeynallı bu cür addım atıb. Sizin belə bir planınız varmı?
– Bu istək ağlımdan keçib. İstəmişəm ki, bir neçə dəfə geyindiyim ayaqqabıları, çantaları, libasları satışa çıxardım. Hazırda onlayn alış-veriş də dəbdədir. Dəfələrlə geyimlərimi seçib ayırmışam, sonra düşünmüşəm ki, görəsən, insanlar necə qarşılayar? İnsanların verəcəyi reaksiya məni narahat edir. Qorxuram ki, səhv anlayarlar. Hələ ki, bu haqda düşünürəm. Onu da vurğulayım ki, xeyriyyə məqsədi ilə edilən hər aksiya alqışlanmalıdır. Bəzi məşhurlar var ki, onlarda eksklüziv, dünyada 2-3 dənə olan geyimlər, aksessuarlar var. Onları satışa çıxarsalar, maraqla qarşılanar.
– Hər kəsin ona əziz olan bir əşyası var. Sizin də imtina edə bilməyəcəyiniz, satmağa qıymayacağınız geyim və ya aksessuarınız varmı?
– Təbii ki, elə geyimlərim var. Bir neçə ayaqqabım var ki, onları bir dəfə geyinmişəm, tam təzədir, ondan dünyada 2 dənədir. Amma onu xeyriyyə məqsədi ilə satışa çıxara bilərəm. Aldığım qiymətə sata bilməyəcəyimi bilirəm. Mən də kiməsə köməyim dəysin deyə, onları ucuz qiymətə sataram. Ortada xeyriyyə məsələsi varsa, tərəddüd etmədən sevdiyim əşyalardan imtina edərəm.