“Tarix maşında güzgü kimidir, orda arxaya baxıb qabağa hərəkət edirsən”. Bilmirəm bu müdrik fikrin müəllifi kimdir, ancaq yadımda qalıb. Bizim tarixə münasibətimiz bərbaddır, o səbəbdən tez-tez yol qəzalarına uğrayırıq. Yaddaşsızlıq ciddi problemdir.
Bir tanış ziyalı xanım təzəlikcə iki məsələdən mənə şikayətləndi. Sabir Rüstəmxanlı nəsə Qarabağ mövzusunda əsər yazıbmış, orda qarabağlıları qorxaq kimi təsvir edibdir. Yazıb ki, guya kimsə 20-ci əsrin əvvəlindəki erməni-müsəlman davasında müraciət edir, deyir gəlin silahlı dəstələr yaradaq, ermənilərə qarşı vuruşaq, buna ən az qoşulanlar isə Qarabağ azərbaycanlıları olur. Mənim Sabir müəllimi oxuyacaq qədər boş vaxtım yoxdur, bunu da yazıb-yazmadığını dəqiq bilmirəm. Ancaq yazsa nə olacaq? Yıxılana balta çalan çox olur. Döşəyin getsin.
Başqa bir cəfəngiyyatı isə təzə “tarixçi-yazarımız” Yunus Oğuz quraşdırıbmış. Məşhur Molla Nəsrəddin lətifəsini təhrif edibdir. Lətifəni yada salım, demək, Teymurləngin erkək fili olur, bu fil kəndliləri bezdirir, əkinlərini ayaqlayır, axırda yığışıb gedirlər şikayətə. Növbəyə düzülürlər, Teymurləng şikayətə gələnləri bir-bir döydürür, axırda Molla baxır dostları bunu atıb qaçıblar, şaha deyir ki, filiniz tək darıxır, dişisini də göndərsəniz yaxşı olar. Sonra kəndə qayıdır, namərd yoldaşlarına deyir gözünüz aydın, filin dişisi də gəlir. Uzun sözün qısası, Yunus əkə indi həmin lətifəni aparıb calayıb… Qarabağa. Guya orda Mollanı atıb qaçanlar qarabağlı kəndlilər imiş. Hörmətli dostumuz da bundan çox incimişdi – özü şuşalıdır – deyir nə üçün bunlar sözü bir yerə qoyub qarabağlıları təhqir edirlər.
Mən Yunus müəllimi də oxumuram, hətta dünyada axırıncı vərəq qala, üstündə onun cızmaqarası çıxsa yenə oxumaram. Bu mənada, Azərbaycan xalqında günah çoxdur. Tarixini yazmağı Sabir müəllimə və Yunus müəllimə həvalə edirsən, sonra da inciyirsən. İnciməyin yeri yoxdur. Hələ sizə (bizə) az eləyirlər. Az yazırlar. Nə yazsalar haqları var. Lap dərinə getsək, xoşun gəlmir, oxuma.
Sözgəlişi, elə həmin ziyalı xanımdan aralaşıb yeddi yaşlı oğlumla gedirdim, birdən yaxınlıqdakı dükandan radionun səsi gəldi, reklam olaraq “Azad Azərbaycan” dedilər. Bizim evdə belə radiolara, milli telekanalizasiyalarımıza baxmaq, dinləmək imkanı sıfırdır, uşaq buna görə həmin radionun adını ilk dəfə eşidirdi. Reaksiyasını olduğu kimi yazıram: “Nəyi azaddır? Qarabağı ermənilər tutublar”. Uşaq bunu başa düşür, ancaq biz böyüklər anlamaq istəmirik. İşğal altındayıq, əzizlərim. Özünüzü buna uyğun aparın. Yekə-yekə danışmağın mənası nədir?
Sumqayıtdan bir yoldaş da şikayət məktubu yazmışdı, deyir təzə icra başçısı şəhərdə hər yerə uzun hasarlar çəkir. Doğrudan da Sumqayıtın girişindən başlayaraq hər yer hasarlanır. Məqsəd nədir, zəhmətkeşlər bunu soruşur. Bəlkə Sumqayıt icra hakimi monqol-tatarların təzə hücumuna hazırlaşır? Ağıla başqa versiya gəlmir. 13-cü əsrdə monqol-tatarlar Azərbaycan üzərinə hücuma keçib şəhərlərimizi darmadağın edəndə, misal üçün, Gəncəni hasarları xilas etməmişdi. Monqollar Çin üsulu divar dağıdan alətlərlə Gəncənin hasarlarını uçurtmuş, şəhər əhalisini tamamən qılıncdan keçirmişdilər. Çalışmaq lazımdır Sumqayıtın hasarları qədim Gəncənin hasarlarına nisbətdə daha möhkəm olsun. Bu məqsədlə Sumqayıt icra hakimiyyətindən alimləri Gəncə icra hakimiyyətinə ezamiyyətə göndərmək lazımdır. Üstəlik, sezondur, Hacıkəndin, Göygölün, Toğananın, bulaq başında çəpiş pörtləməsinin yaxşı vaxtıdır. Ərazi bütövlüyümüzün, lazım gəlsə gedəcəyimiz yerlərin, bəşəriyyətin inkişaf spiralında tutduğumuz nöqtənin sağlığına vurmaq da olar.