Deyirlər, idmanı siyasətə alət eləmək olmaz. Amma yeri gələndə olar, lap o yana da keçər. Hətta bəzən idmanın özü elə siyasi məsələyə çevrilir. Necə ki, təzəcə başa çatan olimpiya oyunlarında Rusiya idmançılarına münasibətdə bunu müşahidə elədik.
Doğrudur, dopinq ittihamı öz təsdiqini əsasən tapdı, ancaq o da aydınca hiss olundu ki, beynəlxalq idman rəhbərliyi Rusiyaya qarşı həm də siyasi amillərə görə, Ukrayna məsələsinə görə qəzəbli və qisasçı ovqatdadır. Ortada əlbəttə ki, qıcıq doğuran Putin amili də var.
Yaxud 2010-cu ildə, bədnam Sürix protokolları gündəmdə ikən Ermənistanla Türkiyə arasında işə düşən futbol diplomatiyasını yada salaq. O zaman prezidentlər Abdulla Gül və Serj Sərkisyan iki ölkə yığmalarının oyunlarını həm İrəvanda, həm də Bursada seyr etməklə dünyaya belə bir mesaj çatdırmağa çalışmışdılar ki, guya türk-erməni münasibətlərinin düzəlməsinə, sərhədlərin açılmasına elə bir şey qalmayıb.
Sonrası bəllidir – Azərbaycanın köklü maraqlarını gözardı elədiyi üçün bu diplomatiya Azərbaycanın təzyiq ilə də dayandı. Hər necə olmasa, futbola siyasilərin bu dərəcədə marağının, siyasiləşən idmanın konkret halda nəyə apardığı üzə çıxmışdı.
İnsafən, o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya gələrək, Azərbaycanın könlünü aldı və Qarabağ məsələsində irəliləyiş olmayınca Ermənistanla sərhədin açılmayacağına Azərbaycan xalqını əmin elədi və məsələ bununla da qapandı. Lakin futbol diplomatiyası öz aktuallığını itirmədi.
Budur, indi də bu diplomatiyaya Türkiyə və Rusiyanın ehtiyacı yaranıb. Bəlli olub ki, avqustun 31-də prezident Putin iki ölkə arasında yoldaşlıq matçını izləmək üçün Antalyaya gələcək, orada türkiyəli həmkarı Ərdoğanla oyunu birgə izləyəcək.
Əlbəttə ki, bu dəqiqə bir-birinə olduqca lazım olan və qarşılıqlı ehtiyac duyan Türkiyə və Rusiyanın rəhbərliyinə dünyaya belə bir ortaq yaxınlaşma jesti göndərmək çox mühümdür. Bununla birincisi, lazımi ünvanlara, ələlxüsus da Qərbə mesaj verilmiş olacaq ki, Moskva və Ankara arasında əlaqələrin səviyyəsi liderləri futbol oyununu birgə izləyəcək qədər yüksəkdir, səmimidir.
İkincisi, bu səmimilik və yaxınlıq unikal bir imkan yarada bilər ki, Türkiyənin qonşuluğunda, insanlıq dramı yaşanan Suriya ilə bağlı iki ölkənin rəhbəri daha optimal və çevik qərarlar qəbul eləsinlər.
Belə olacaqsa, yəni axan günahsız qanların dayanmasına, uşaqların, qadınların, qocaların kütləvi qətliamının durdurulmasına futbol da yardımçı olacaqsa, töhfə verəcəksə, o zaman diplomatiyanın bu “növünə” yalnız uğurlar arzu eləmək qalır.
Uğur, imkanlar isə nə yaxşı ki, real görünür. Çünki Suriya böhranına ciddi təsir imkanlarına malik Türkiyə və Rusiya həqiqətən də çəkici bir yerə vursa, müharibə qısa zamanda dayanar, ölüm-itim, miqrasiya dalğası, İŞİD təhlükəsi durdurular; region da, dünya da rahat nəfəs alar.
Türkiyənin Suriya böhranı yaranandan bəri ilk dəfə bu ölkə ərazisində İŞİD və PYD-yə qarşı hərbi əməliyyatlara başlamasından belə qənaətə gəlmək olar ki, bu yöndə bütün dünyanın səbirsizliklə gözlədiyi ümidverici proses artıq başlayıb.
Məsələ də ondadır ki, dünya, Qərb Suriya yarasını nəhayət, sarımaq istəyirsə, ilk növbədə Türkiyəyə, prezident Ərdoğana dəstək olmalıdır. “Futbol diplomatiyası – 1″ iflas oldu, heç olmasa, ”Futbol diplomatiyası – 2″ başarılı olsun. Bəşəri dəyərlər naminə, bəşəriyyət naminə!..
Gözlər yenə Türkiyədə.