Olimpiada qurtardı, ancaq yapistlərin şouları hələ indi başlayır. Yenə uca millətimizin baş-beyni Azərbaycanın idman ölkəsi olması, dövlətin idmançılara yüksək diqqət və qayğısı temasında silsilə verilişlər, reportajlarla dəlmədeşik ediləcəkdir. Olimpiadaya yollananlardan neçəsinin legioner olmasına heç fikir verilməyəcəkdir. Ancaq faktlar, həyatımız idmana, bədən tərbiyəsinə ölkədə həqiqi diqqətin sıfırdan aşağı olmasını göstərir.
Əgər idmana qayğı dedikdə hansısa güləşçiyə şübhə doğuran formada qələbə qazandırıb – peşəkar idmanda çirkli pulların böyük rol oynaması artıq sirr deyil – sonra onu ölkə əhalisi üçün çox fantastik məbləğlərdə mükafatlandırmaq, yol polisinə, gömrüyə-zada işə qoymaq nəzərdə tutulursa, əlbəttə, yapistlərin idmana qayğısı var. O cümlədən, içi təzək, çölü bəzək olimpiya kompleksləri qayırmaq həmin ölçülərlə idmana qayğı sayıla bilər. Lakin dövlətin idmana qayğısı, məncə, bu cür sabun köpüyü effektli hərəkətlərlə ölçülməz. İdman hər bir vətəndaş üçün əl çatan olmalıdır. Hər bir azərbaycanlının idmanla məşğul olmaq, öz potensialını açmaq imkanları yaradılmalıdır. Bunlar yoxdursa, dövlətin idmana qayğısı, Azərbaycanın idman ölkəsi olması əfsanədən, boşboğazlıqdan o yana getmir. İzah edəcəyəm.
Bakı məhəllələrindən birində uşaqlarımın oxuduğu məktəb var. Orda idman dərsləri demək olar keçilmir. Çox formal dərslərdir. Qabaqlar məktəbin böyründə bir qumluq vardı, uşaqlar yalandan da olsa orda uzunluğa tullanırdılar. Son təmirdə ora da asfaltlandı. İndi idman dərsləri o asfaltın üstündə keçilir. Birinci sinfi bitirib ikinci sinfə keçən oğlum 1 dəfə də olsun idman dərsində iştirak etmədi, baxmayaraq proqramda, dərs cədvəlində həftədə azı 1 “Bədən tərbiyəsi” dərsi yazılmışdı. Müəllim həmin dərsin yerinə də… “Riyaziyyat” keçirdi, valideynlərin guya razılığı ilə. Şəxsən mən belə razılıq verdiyimi xatırlamırdım. Guya uşaqlar əlavə riyaziyyat keçsələr bu, onlar üçün xeyirlidir. Əslində mən yaşlı qadın müəlliməni qınamırdım da, o, istəsə belə uşaqlara idman dərsi keçə bilməzdi.
Bu durum ölkənin nadir istisnalarla bütün məktəblərində eynidir. Uşaqlar üçün məktəb idman zalları, üzgüçülük hovuzları, başqa idman qurğuları yoxdur. Bədən tərbiyəsi dərsini çox vaxt başqa ixtisası bitirən müəllimlər, başdansovdu yola verirlər. Uşaqların idman normativlərini yerinə yetirməsi, istedadlı məktəblilərin seçilməsi, məktəb idman komandalarının yaradılması və sairə xəyaldan başqa bir şey deyil. Test imtahanlarında ən aşağı keçid ballarından biri adətən Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbulda olur.
Halbuki, bir çox Avropa dövlətlərində məktəblilər gündə 2 saat idman dərsi keçirlər! Uşaqlara üzgüçülükdən tutmuş futbola, gimnastikadan müxtəlif yüngül atletika növlərinə qədər – hamısını proqram əsasında, ən vacibi isə, pulsuz dövlət təhsilinin tərkibində öyrədirlər.
Uydurma daş parkları salınır, orda da idman qurğusuna nadir halda rast gəlirsən. Adicə qaçış zolaqları düzəltmək çətindirmi? Asfalt örtüklər qranitlə, sürüşkən mərmərlə əvəzlənir, nəticədə adam qaçanda ayaqları ağrıyır, zədə almaq ehtimalı artır. Bakıda 5-10 kilometr uzunluqda qaçış üçün elementar düz səkiləri olan təhlükəsiz küçə tapmaq çətindir.
İdmanın inkişafı, idman ölkəsi sayılmaq üçün iqtisadi azadlıqlar, gerçək sponsorluq lazımdır. Bizdə isə hər idman növünə bir naziri, məmuru qapazlayıb sponsor qoyurlar, o da kefi istəyəndə pul verir, vəziyyəti xarablaşanda vermir. (Cüdoya Füzuli Ələkbərovun, ağır atletikaya Cahangir müəllimin, furbola Hafkanın münasibətini xatırlasanız bəsdir).
ABŞ yazıçısı Con Apdaykın “Qaç, Dovşan, qaç” romanının qəhrəmanı bir gün ailəsindən bezib evdən qaçır və kimin yanında sığınacaq tapsa yaxşıdır? Orta məktəbdə ona basketbolu öyrədən sevimli idman müəlliminin. Amerikalıların idman kultunun, hər yarışda az qala medalların yarısını süpürləyib aparmaqlarının kökündə belə detallar dayanır. Mən romanı çoxdan oxumuşam, ancaq heç yadımdan çıxmır və hərdən düşünürəm ki, görəsən bizdə dara düşəndə idman müəllimini yada salan neçə nəfər olar. Neçə idman müəllimi adama qapı açar?
Yazar : Zamin HACI