Məlum olduğu kimi, Türkiyə və İsrail arasında iyun ayında əldə olunmuş razılaşmaya əsasən iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq.
İki ölkə arasında razılaşmanın bir bəndi də “Mavi Marmara” gəmisində İsrail hərbçiləri tərəfindən qətlə yetirilən insanların ailələrinə maddi təzminatın ödənilməsidir. O da məlum olub ki, artıq İsrail hökuməti razılaşmanın bir maddəsi olan təzminatı boynuna götürüb və 20 milyon dollar təzminat ödəməyə hazırlaşır.
Türkiyənin daha bir təzminat qalmaqalı Rusiya təyyarəsinin vurulması ilə meydana gəlib. İyun ayında Türkiyə prezidentinin barışıq məktubundan sonra mediada Ankaranın Rusiyaya təzminat ödəyəcəyi xəbərləri yayılmağa başladı. Bildirilirdi ki, Moskva Ankaranın həm həlak olmuş təyyarəçinin ailəsinə, həm də vurulmuş təyyarəyə görə pul ödəməli olacaq. Hətta Moskvanın təzminatın ehtimal olunan məbləğini də müəyyən etdiyi bildirilirdi.
Həmin vaxt rusların diplomatik nümayəndələrdən ibarət heyətinin birgə komissiya yaradıb təzminat rəqəmlərini razılaşdırmağa hazırlaşdığı qeyd olunurdu. Belə ki, Rusiya qanunlarına görə, vəzifə başında həyatını itirən hərbçiyə hökumət 2 milyon rubl və ya indiki qiymətlərlə 30 min dollar təzminat verir. SU-24 bombardmançı təyyarəsinin qiyməti isə 30 milyon dollar olaraq hesablanırdı. Bundan başqa öldürülən pilotun xüsusi təyyarə ilə Ankaradan Moskvaya aparılması və dəfn məsrəfləri də hesablandığı bildirilirdi. Bundan başqa pilotun ailəsinin mənəvi təzminat tələbinə qarşılıq Türkiyənin 100 min dollar ödəməsi tələb olunurdu.
Bütün bunlar rəsmi olaraq təsdiqlənməsə də, media diplomati dairələrdə bu məsələlərin müzakirə olunduğunu qeyd edirdi. Yeri gəlmişkən, Türkiyə hökumət rəsmiləri, o cümlədən baş nazir Binali Yıldırım mediaya verdiyi açıqlamasında lazım olsa Türkiyənin təzminat ödəyə biləcəyini demişdi.
Ancaq maraqlıdır ki, nə məktublaşmadan sonra, nə də Rəcəb Tayyib Ərdoğanın Peterburq səfərindən sonra təzminat mövzusu gündəmə gəlmədi. Tərəflərin bu mövzunu gizli şəkildə həll etməyə çalışdığı, yoxsa hansısa anlaşma ilə əvəzlədiyi hələlik məlum deyil. Mümkündür ki, qarşıdakı dövrdə bu məsələ yenidən gündəmə gəlsin.
Lakin eyni zamanda beynəlxalq münasibətlər sahəsi üzrə mütəxəssislərə görə, Ankaranın hüquqi baxımdan bu təzminatdan imtina etməsi hüququ var. Bu səbəbdən də mümkündür ki, hər iki tərəf bu reallığı nəzərə alaraq təzminat mövzusunda daha konfidensial razılaşmaya gediblər. Beynəlxalq münasibətlər üzrə mütəxəssislərə görə, Rusiya təyyarəsinin Türkiyə ərazisində vurulmaması, üstəlik sərhəd pozuculuğunda ittiham olunması kimi nüanslar Ankaranın beynəlxalq hüquq baxımından təzminat iddialarını rədd etməsini əsaslandırır. Üstəlik, İsrail mövzusundan fərqli olaraq bu məsələdə BMT Türkiyəni haqsız çıxarmayıb. Yəni bütün hallarda beynəlxalq hüquq baxımından rusların Türkiyəni pilota görə ittiham edib təzminat alması çətindir.
Ancaq ehtimal etmək olar ki, iki ölkə rəhbəri arasında aparılan danışıqlarda hansısa formada bu məsələnin də həlli gündəmə gətirilib və iki tərəfi qane edən ortaq variant tapılıb. Çünki qəribə də olsa hər iki tərəf hələ ki, bu mövzuda susur. Susmaq isə razılıq əlamətidir.
Musavat.com