Əməkdar artist Sonaxanım Mikayılovanın Milli.Az-a müsahibəsi
– Adətən analar qızlarının aktrisa olmasına razı olmurlar. Amma sizdə əksinə olub. O, özü sizdə bu istedadı kəşf etmişdi, yoxsa?
– Mənim sənətə gəlişim anamla bağlıdır. Anam xırda əsərlər yazırdı. Özü bu sənətə həvəsli idi, ona görə də məni aktrisa kimi görmək istəyirdi. Televiziyada elan eşitdim ki, kinostudiyada aktyor kursları açılıb. Həmin kurslara getdim və qəbul olundum. Burada ilk sənət müəllimim xalq artisti Muxtar Maniyev oldu. Allah ona cansağlığı versin, hal-hazırda xəstədir. Amma o mənim sənətə gələrkən ilk addımlarımda böyük köməklik göstərib. Sonradan dedilər ki, Moskvada elə bir kurs açılır ki, 15 nəfər azərbaycanlı o kursda təhsil ala bilər. 4 il Moskvada Kinematoqrafiya İnstitutunda oxuduq.
– Bildiyimə görə, bir çox məşhur sənətçilərlə birlikdə təhsil almısınız. Tələbəlik illərindən ən xoş xatirələr hansılardır?
– Bəli, düz qeyd etdiniz. Həmidə Ömərova, Fərhad İsrafilov, Ömür Nağıyev, Ötkəm İskəndərov, Fərqanə Quliyeva və s. məşhurlarla birlikdə oxumuşam. Tələbəlik illəri qədər ömrümüzün ən gözəl illəri olmayıb. Xatirələr o qədər çoxdur ki… Heç bilmirəm, hansını danışım. Zaman keçdikcə bu xatirələr daha da tez-tez yada düşür.
– Bəs ilk filminizə necə çəkildiniz?
– Moskvada təhsil alıb Bakıya qayıdandan sonra məni Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi” filminə dəvət etdilər. Xalidə obrazı mənə çox yaxın bir obraz idi, deyilənə görə, öhdəsindən də gəldim. Təbii ki, o vaxt üçün Xalidə obrazının özü də bir yenilik idi. Bəziləri onu qəbul edə də bilərdi, bəziləri isə etməyə də bilərdi. Bu film mənim yaradıcılığımda xüsusi yer tutur. Filmin mahnısı da çox məşhur müğənnimiz Flora Kərimova tərəfindən ifa olundu. O vaxt hansı sevgililər küsüb-inciyirdisə, “Bağışla, nə olar, məni bağışla” deyərək bir-birinə müraciət edirdi (gülür).
– Sonrakı filmləriniz necə, uğurlu oldumu?
– Sonradan məni “Köhnə bərə” filmində baş qadın roluna dəvət etdilər. Rolum həqiqətən də çox maraqlı bir qadın idi. Mən Fəxrəddin Manafovla tərəf-müqabili oldum. Deməzdim ki, bu film uğursuz alındı. İnsanlar aktrisanı ilk rolu ilə daha yaxşı yadda saxlayırlar.
– Hazırda sizi filmlərdə görmürük. Səbəbi nədir?
– Təbii ki, dəvətlər çox olur, amma mən seçim qarşısında qalıram. Bu yaxınlarda bir dəvət də olub, özümə yaxın bildiyim rol olarsa, razılaşıram.
– Bəlkə, sizin də digər aktrisalar kimi sırf baş rol oynamaq tələbiniz olub?
– Xeyr, əksinə. Mənə epizod da təklif etsələr, çəkilərəm, amma o epizod elə bir epizod olmalıdır ki, aktyor orada nəsə edib, özünü göstərməyi bacarsın. Həqiqətən də, bizim yaşda olan aktrisalarımız üçün rollar yazılmır. Daha çox gənc aktrisalara üstünlük verirlər. Bu çox gözəldir, mən bunun əleyhinə deyiləm, amma filmlərə bizim yaşda olan aktrisalar da lazımdır.
– Bilirəm ki, sizin yaradıcılığınızda “Yuğ” teatrının xüsusi yeri var. “Yuğ” teatrının yaradıcısı Vaqif İbrahimoğlu ilə tanışlığınız neçənci illərə təsadüf edir?
– O vaxt kinostudiyada aktyorlar üçün teatr studiyası açmışdılar. Burada bizə Vaqif İbrahimoğlu adında bir rejissor təyin olundu. Sözün düzü, mən əvvəllər onu tanımırdım. Sonradan onun truppası dedi ki, biz teatr açmaq istəyirik. Mən də həmin il o teatra getdim. Özümü həmin ildən teatra həsr etdim.
– Bu qədər başı işlərə qarışan bir xanımın ailə həyatı qurmaq şansı necə oldu? Adətən bir çox aktrisalarımız ailə həyatlarını sənətlərinə qurban veriblər…
– Xeyr, mən ailə həyatımı da, sənətimi də qoruyub saxladım. Həyat yoldaşımla uşaqlıqdan tanış idim. Sadəcə o vaxt biz bir-birimizə qarşı sevgi hiss etmirdik. Universitetdən qayıdandan sonra bizdə dostluq hissləri sevgi hissinə çevrildi. Ailə qurduq və mənim 2 oğlum oldu. Övladlarımın ikisi də incəsənətə meylli oldu. Bu cür mənim üçün daha rahat idi.
– Müsahibələrinizin birində qeyd etmişdiniz ki, həyat yoldaşınız da sizə görə teatrda işləyib. Bu sizin istəyinizlə olmuşdu?
– Yoldaşım əvvəl tam başqa bir sahədə idi. Biz gördük ki, ayrı-ayrı yerlərdə işləmək mümkün deyil. Çünki qastrol səfərləri çox idi, ailəyə vaxt ayıra bilmirdik. Mən təklif etdim ki, gəl, bizim teatrda işlə. O da razılaşdı. Demək olar ki, biz ailəlikcə teatrda idik. Səhər gedib, axşam çıxırdıq.
– Qısqanclıqlar olurdumu?
– Xeyr, heç bir qısqanclıqdan söhbət gedə bilməzdi. Məncə, insan bir-birinə inananda qısqanclıq olmur. Qısqanc olmaq o deməkdir ki, mən həyat yoldaşıma inanmıram. O mənə çox inanırdı və mən də ona. Elə indi də.
– Uşaqlar teatrda sizə mane olmurdular?
– Təbii ki, bu cür çətinliklər olurdu. Çünki onlar çox balaca idilər. Mən tamaşa oynayırdım, onlar da dayanıb mənə diqqətlə baxırdılar. Şükür Allaha, oğlanlarım ailə həyatı qurdular, indi hərəsinin 1 övladı var. Böyük oğlum Mikayıl, demək olar ki, Rusiyada yaşayır və ara-sıra Bakıda da tamaşalara quruluş verir. Kiçik oğlum isə Opera və Balet teatrında çalışır və öz tərəf-müqabili ilə ailə həyatı qurub. Mən həm xoşbəxt anayam, həm də xoşbəxt nənə.
– Hal-hazırda hansı işlərlə məşğulsuz?
– Hal-hazırda, bilirsiniz ki, teatrlar məzuniyyətə çıxıb. Bizim teatrımızın binası olmadığı üçün hələ ki, Kukla Teatrına sığınmışıq. Amma buna baxmayaraq tamaşalar qurulur və biz heç həvəsdən düşmürük. Bundan başqa Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Çox böyük potensialı olan uşaqlar görürəm.