Adamın iki minusu var. Biri odur ki, qələbə təqdiriində eyforiyaya qapılır, məğlubiyyət zamanı depressiyaya düşür (bu ikisi bir minusdur). Əməkdaşımızın ikinci minusu odur ki, o, hansısa komandamıza və ya idmançımıza azarkeşlik edərək, bu xüsusda sosial şəbəkədə pafoslu status yazsa, həmin komandanın və ya idmançının qanı gedir, mütləq məğlub olacaq (ya da sərfəli olmayan heç-heçə edəcək).
Biz onun bu “istedad”ını builki futbol üzrə Avropa çempionatında kəşf etdik. Qaqa hansı komandaya azarkeşlik etdiyini, ondan qələbə gözlədiyini yazırdısa, həmin komandanın dizi yerə gəlirdi, meydançadan ağlaya-ağlaya çıxırdılar. Nəticədə nə qədər favorit vardı, hamısının başını yedi. Arada onu anda verdik, dedik, heç olmasa güclü və sevimli komandalardan birinə yazığın gəlsin, ona azarkeşlik etmə, etsən də, öncədən “Feysbuk”da qələbə arzunu yazma. Xeyri olmadı. Yazdı, yazdı, Uelsi, İslandiyanı, İtaliyanı, Almaniyanı, Fransanı zəlil elədi.
Heç kəs bilmir, heç portuqalların özünün də xəbəri yoxdur, onları bizim əməkdaşımız çempion elədi – eyzən Portuqaliyanın rəqiblərinə azarkeşlik edə-edə.
Rio-2016-da uduzduğumuz finallar var ha, hamısı onun yaradıcılığının məhsuludur. Mütləq yazırdı: “Bu da final. Qızıl gözləyirik”; “Bu axşam bir qızıl medal qazana bilərik”; “İlk qızıl medalımız gəlir”; “Növbəti qızıl medalımızı qazanacağıq” və s. Nəticəni bilirsiniz.
Deyəcəksiniz, axı bir qızıl medal qazandıq, o necə olsun. İzahı var. Taekvondoçu Radik İsayevin qızıl medal qazandığı dəqiqələr, Allahdan, onun yatan vaxtına düşüb. Səhər oyananda artıq fakt qarşısında qalmışdı, yoxsa o, macal tapıb “Radik İsayev qızıl medala yaxındır” yazsaydı, Radik ağlamsınmış sifətlə gümüş medalını taxıb qayıdacaqdı.
İşdə uşaqlar (əsasən də “Qalatasaray” azarkeşləri) zarafatla deyirlər ki, Caqa (kod adı belədir) “Fənərbağça” azarkeşi olaraq qaldığı müddətdə o komanda nə çempion ola biləcək, nə də kubok qazanacaq. Deyirlər, “Fənər”in uğursuzluqlarına görə iki adam məsuliyyət daşıyır – Əziz Yıldırım və Caqa.
Düzü, mən özüm belə mistik-metafizik-telepatik şeylərə, nəhs gətirməyə, fövqəlgüclərə və fövqəl qabiliyyətlərə inanmıram, amma yenə də düşünürəm ki, nəsə var. Məsələn, illərlə sınanmış bədnəzərlər vardı ki, xoşlarına gələndə və bunu dillərinə gətirəndə daş sındırırdılar. Şəxsən özüm bir dəfə sualtı qayıq illüminiatorunun şüşəsini andıran külqabını “bu, nə yaxşı külqabıdır” deyərək, 4-5 saniyənin içində dörd yerə çatladan adam görmüşəm. Külqabı masanın üstündə durduğu yerdə carbanaq verdi və hamımızı şoka saldı. Mənim kimi sekulyar adam hələ də külqabının çatlamasında hansı elmin rol oynadığını düşünür.
Ona görə də şəxsən mən idmançılarımızın Rio-2016-dakı çıxışını uğurlu sayıram. Onlar əllərindən gələni etdilər. Daha nə bilsinlər ki, onların qələbələrini məşqçiləri və özləri qədər istəyən Caqa vaxtında yatsaydı, onların döyüşünə baxmasaydı, status yazmasaydı, bəlkə də qızıl medalların sayı ən azı dörd olardı.
Rio-2016 isə monqol məşqçilərin hakimlərə etiraz olaraq soyunması ilə yadda qalacaq. Üstündən bir neçə il keçəndən sonra olimpiadadan söhbət düşəndə deyəcəklər: “Hansı olimpiada? O monqollar soyunan?”
Tərs kimi, o hadisə də azərbaycanlı hakim Hicran Şərifovun idarə etdiyi yarışda baş verib. Gərək araşdırım, görüm, Caqa azərbaycanlı hakimin olimiadada məsul yarışda hakimlik etməsinə görə qürur duyduğunu yazıbmı? Yazıbsa, ta heç zad…
P.S. Bu yazı bir az kefiköklük olsun deyə yazılıb, Caqanı “bəduğur” deyə qara dəftərə salmayın…