Terrorçular Türkiyəyə qarşı bu xain və qan donduran qəddarlığa da imza atdılar. Bəlli olub ki, qardaş ölkədə 51 nəfərin ölümünə səbəb olan budəfəki partlayışı 12-14 yaşlı “canlı bomba”, yəni uşaq törədib. Azyaşlı ya özünü partladıb, ya da onun üzərindəki kənardan idarə olunan “şəhid kəməri”nin işə salındığı güman edilir.
Beləcə, terror da bəzi bəd xəstəliklər kimi cavanlaşmaqdadır. Terrorun başında durub onu yönəldənlər artıq uşaqları da öz allahsız əməllərinə alət etməklə həm Türkiyə toplumunda, həm də bütövlükdə regionda, bəşəriyyətdə xofu gücləndirməyə, özləri haqda məğlubedilməz mifini yaşatmağa çalışırlar.
Ancaq bu, əlbəttə ki, gücün nümayişi deyil. Əksinə, gücsüzlüyün, qorxaqlığın təntənəsidir. Çünki özünü güclü, möhtəşəm, məğlubedilməz sayan bir qüvvə, örgüt apardığı mübarizədə qorxaqcasına uşaqlardan silah, canlı sipər qismində istifadə eləməz, günahsız insanları, uşaqları, qadınları hədəf seçməz, dinc sakinlərin arxasında gizlənməz! Boşuna deməyiblər ki, “qorxaq qəddar olar”.
Tarixdə terrorçuluq nümunələri çox olub. Ancaq ilk dəfədir ki, şüuru yaxşı kəsməyən azyaşlılardan məhz belə iyrənc, qəddar əməllər üçün, Türkiyəyə xain hücum üçün istifadə olunur. Sözsüz ki, ortada şirnikləndirici amil var, aparıcı rolu da elə həmin amil oynayıb.
Hələ həyat təcrübəsi olmayan, dünyanın bərkindən-boşundan çıxmayan uşaqları aldatmağa nə var ki. Çox vaxt onları nə ilə yoldan çıxarırlar? Şübhəsiz ki, maddi şeylərlə, azacıq pulla və bir də vədlərlə. O cümlədən terrorçuların timsalında Cənnət vədi ilə, daha dəqiqi, Cənnət nağılı ilə!
Yox, biz, əstəğfürullah, Cənnət və Cəhənnəmin varlığına şəkk eləmirik. Ancaq din-imandan azca anlayışı olanlar bilir ki, heç kəs günahsız insanları öldürmək hesabına Cənnət əhli olmayacaq, Cənnətə düşməyəcək. Ona görə də uşaqların beynini “Cənnət nağılları” ilə yumaq elə dinsizliyin, allahsızlığın özüdür ki, var! Bu mənada özünü partladan və ya kənardan partladılan o bədbəxt uşaq da əslinə qalsa, terror qurbanıdır: 51+1-ci qurban…
Odur ki, uşaqlarımızı qoruyaq. Bundan ötrü yad ünsürlərin və cərəyanların onları yoldan çıxarmasınadək valideynlər özləri dinlə, İslamla bağlı minimal bilgiləri övladlarına verməyi bacarmalıdırlar. Bu işdə şəksiz ki, dövlət, məktəb də kənarda qalmamalıdır. Həmçinin, televiziyanın üzərinə mühüm missiya düşür. Lazımdırsa, orta təhsil ocaqlarında İslam bilikləri bir fənn kimi tədris oluna bilər. Yalnız o halda, uşaqlar, yeniyetmələr radikal və aqressiv dini ideologiyalara qarşı daha hazırlıqlı, immunitetli ola bilərlər.
Uşaqlar istənilən cəmiyyətin gələcəyidir. Bu gələcəyin insanlığa və bəşəri dəyərlərə qənim kəsilmiş terror təşkilatlarının və onların arxasındakı daha məkrli qüvvələrin nəzarətinə keçməsinə əsla imkan vermək, şans tanımaq olmaz. Həm də o səbəbə ki, uşaq ikən mənimsənən hər hansı doqmanı beyinlərdən pozmaq, silmək, təmizləmək sonradan qat-qat çətin olur, nəinki orta yaşlı nəsli sağlam yola çəkmək.
Bax, həmin o, Qaziantepdəki toyda özünü partladan və ya kənardan partladılan uşaq bəlkə böyüyüb öz xalqına xeyirli bir mütəxəssis, ya bəlkə elm adamı olacaqdı, millətini, ölkəsini qabağa aparacaqdı. Kim bilir. Bəlkə də. Amma olmadı. Çünki ölüm-həyat anlayışlarını hələ düz-əməlli qavramayan bir çocuq terrorçuların onun üçün qurduğu tələdən öz gücünə qurtula bilməzdi. Onun elə bir gücü yox idi, ola da bilməzdi.
Şəksiz ki, həmin uşağın özü də güclü mənəvi terror basqısı altında olub, daima qorxudulub. Bu səbəbdən yəqin ki, acı gerçəyi, onu gözləyən faciəni doğmalarına deməkdən çəkinib, labirintdən qurtula bilməyib – axı söhbət uşaq psixologiyasından gedir…
***
Uşaqlarla vaxtında açıq, səmimi və dost olun, onların etibarını itirməyin ki, övladlarınızın qayğılarından, maraq dairələrindən vaxtında xəbər tuta biləsiniz. Uşaqları itirməməyin, onlara sahib çıxmağın tək yolu bu.