Kriminal aləmin avtoriteti “Rövşən Lənkəranski”nin qətli Azərbaycandakı ölgün ictimai fikri əməllicə silkələdi. Hətta siyasi gündəmə də sirayət elədi.
Bu, bir daha onu göstərir ki, apolitik cəmiyyətimiz əslində göründüyü qədər durğun, passiv və indiferent deyil və ilk fürsətdə və ya imkandaca, öz sözünü deyə, yaxud iradə ortaya qoya bilər.
Son günlər xüsusən də cəmiyyətdə “qanuni oğrular”a rəğbətin nədən qaynaqlandığı barədə danışılır. Bu yöndəki sualların cavabı əslində Azərbaycan cəmiyyətinin indiki psixoloji durumunu, onun aparıcı xüsusiyyətini dərk eləmək üçün ciddi şəkildə köməyə gələ bilərdi.
Məsələ də ondadır ki, cəmiyyət fərdlərin cəmi olduğu üçün fərdin özü qədər canlı subyektdir, deməli, yaxşılığa da, pisliyi də fərd olaraq adekvat reaksiya vermək, şükranlıq bildirmək iqtidarındadır.
Söhbətin nədən getdiyini, rəğbətin kökündə nəyin dayandığını daha yaxşı anlamaq üçün azərbaycanlı tanınmış psixoloqun aşağıdakı şərhinə nəzər etmək yetər.
Sitat: “Sadə camaatın əksəriyyətində həmişə kriminal-avtoritetlərin həyatı, onların fəaliyyətlərinə maraq var. Əslində məsələ haqqın müdafiəsi ilə bağlıdır. Cəmiyyətdə hər zaman haqq-ədalət müdafiə olunub. Hər zaman haqqı müdafiə edən, sözün düzünü söyləyən insan cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. İnsanların genetik kodu bu cür qoyulub. Bu baxımdan insanların emosiyalarını başa düşmək olar. “Rövşən Lənkəranski” uzun müddət Rusiyada həmyerlilərimizin hüquqlarının qorunması istiqamətində müəyyən xidmətlər göstərib”.
Yəni yaxşılıq, şükranlıq məsələsi. Toplum da elə bu yaxşılığa görə rəğbət bəsləyir, yaxşılığı unutmur – elə pislik kimi.
Bu, indiki zamanda ölkənin məmur camiyəsinə də çox ciddi mesajdır. Ki, sadə xalqla ehtiramla davranın, onun halına yanın, ləyaqəti ilə oynamayın, ən önəmlisi, ona yaxşılıqlar edin, pisliklərdən isə çəkinin.
Ola bilsin, cəmiyyət ona edilən, həm də davamlı şəkildə edilən pisliyə indi adekvat cavab verməsin, özünə qapılsın. Ancaq qəti şübhə olmasın ki, pislik unudulmayıb və toplum özündə yetərli potensial toplayan kimi ona cavabı gələcək.
Bu mənada “Rövşən Lənkəranski”nin qətli olayına olan reaksiya, onun dəfnindəki izdiham bəzi düşündürücü suallar ortaya çıxarıb və bu suallar təkcə topluma yox, onu idarə edənlərə də aiddir.
Sözü ona gətirmək istəyirik ki, cəmiyyəti idarə edən, lakin onun nəbzini tuta bilməyən, onun içindəki narazılığı hesablamağı bacarmayanlar, bunu yadırğayanlar isə ikiqat narahat olmalıdırlar.
Eyni zamanda toplumu idarə eləmək iddiasında olan qüvvələrin də bu haqda düşünməsi üçün əsas var.
Müqəddəs Qurani-Kərimdə ayə var: “Allahın sevimlisi olmaq üçün xalqın sevimlisi olmaq lazımdır”. Cəmiyyətin sevimlisi olmaq üçün isə öncə onun qayğılarını bilmək, bu qayğılarla yaşamağı bacarmaq, ən başlıcası, xalqa təmənnasız xidmət və yaxşılıq eləmək vərdişinə sahiblənmək gərəkdir.
Xalqa yaxşılıq maddi olmaya da bilər. İslam Peyğəmbəri (s) necə buyurub: “Bəzən təbəssümün özü də ehsandır” . Yəni yaxşılıqdır. Ancaq bu qiymətli tövsiyə-kəlam maddi imkanları zəif olanlara və ya imkanı heç olmayanlara aiddir. Vay o günə ki, imkanlılar səxavəti, ehsanatı unuda, ümumiyyətlə, axirətini, Allahını unuda!..
“Qonşusu ac ikən yatan bizdən deyil”. Bunu da peyğəmbər əfəndimiz buyurub… Zənginlərin qonşusu adətən kasıb olmur – bilirik. Bəs heç millətin durumu ilə maraqlanmısızmı, cənab pulu balta kəsməyən oliqarxlar?