(Umberto Ekoya nəzirə)
“12 gündür ki, səhər saat 6-da buraya gəlirəm. Ancaq heç bir iş tutmamışam. Tikinti də yoxdur ki, işləyək. Hara gedirəm, ”iş yoxdur” deyirlər. Tikinti sahəsi də çöküb. Rayondan gəlmişəm, fəhləlik edib, ailə saxlayıram. Şəhərdə yenə arada iş olur, rayonda isə ümumiyyətlə, həyat dayanıb. Azyaşlı uşaqlarım, xəstə anam var. Aldığı məvacib heç dərman pulunu eləmir. Bakıda axtarmadığım iş yeri qalmayıb. Evə gedəndə balalarım əlimə baxır, mən də yazıq-yazıq onların üzlərinə baxıram. Çarəsizəm…”
Bu uzun sitatı dünənki “Yeni Müsavat” qəzetindən, jurnalist Məğrur Mərdin Bakıdakı qul bazarlarından birindən reportajından götürmüşəm. Ölkədəki acınacaqlı iqtisadi durumun bir epizodudur, ancaq mənim diqqətimi tək buna görə çəkmədi. Həmin açıqlamanı verən işsiz… adının çəkilməsini istəməyib! Müxbir elə bu cür də yazmışdı. Ümumən o fotoreportajdakı işsizlərin hamısı fotolarının yaxından çəkilməsinə razı olmayıblar.
Ernesto Çe Gevaranın adına çıxılan müdrik fikirdəki kimi: “Azadlığın ən böyük düşməni öz halından məmnun kölələrdir”. Ya da başqa bir aforizm, Karl Marksın sözlərini xatırlayırıq istər-istəməz: “Proletariatın zəncirdən başqa itirməyə heç nəyi yoxdur”. Ancaq gördüyümüz kimi, Marks azərbaycanlı proletariatı nəzərə almayıbdır.
Bizim proletariatın və kölələrin qollarındakı, ayaqlarındakı zəncirdən başqa da itirəsi nələrisə vardır (Arvadın evdəki qızıl zənciri? Misal üçün). Əks halda, günlərdir iş tapa bilməyən adam niyə adının çəkilməsini istəmir? Bəlkə polisin qəzetdə onun adını oxuyub gəlib tutub aparacağından çəkinir? Bəlkə qürurludur, yazıq durumda qəzetdə görünməsini istəmir? Nə bilim.
Açıq deyim, mən öz xalqımın bəzi hərəkətlərini, o cümlədən hərəkətsizliyini anlamaqda çətinlik çəkirəm. O baxımdan, iqtidar nümayəndələri mənim kimiləri haqda “öz xalqından uzaq düşmüş, xarici qara qüvvələrin sifarişi ilə mentalitetimizə şər atmağa cəhd edən qüvvələr” yarlığını işlədəndə narazı qalmıram. Doğrudan uzaq düşmüşük. Əks halda acından ölən adamın adının qəzetdə çəkilməsini niyə istəmədiyini anlamalı idim.
Bir-iki fakt sayıb üstündən keçmək olardı, mən beş-on il qabaqkı reportyor təcrübəmdən bilirəm ki, bizim ölkədə qulları danışdırmaq ağaları danışdırmaqdan da çətindir. Hansısa deputatın qanunsuz villasını foto-videoya çəkmək hansısa yetimin daxmasını çəkməkdən bəlkə asandır. Deyirlər niyə çəkirsən, məqsədin nədir, müxalifət qəzetidirsə çəkmə, zəng elə telekanalizasiya gəlsin, biz uçaskovi Mamed müəllimi dəstəkləyirik, ətrafında sıx birləşirik, ümumiyyətlə, yaxşısı budur şələ-küləni yığışdırıb burdan rədd olasan və sairə.
Vallah, siz buna xırda-mırda problem kimi baxmayın, mən hər dəfə qəzetdə-filanda problemli yetimin “adının çəkilməsini istəmədiyini” görəndə dəli oluram. Təpəmdən yekə bir tüstü qalxır, asimana bülənd olur. Adamlar var, hətta intihar eləyir, ancaq istəyir bundan sonra da hökumət onun adını oxuyub haqqında pis fikirləşməsin! Bunun adına qorxaqlıq desən, düz olmaz, çünki ortalıqda xalqımızın minlərlə cəsurluq örnəkləri dolaşır. Bunu özünü qoruma instinkti adlandıra bilərsən, ancaq yuxarıdakı sitatdakı adamın durumuna baxın, bəyəm onun qorumağa nəyisə qalıbdır?
Bəs bu durumun adı nədir? Adını bilmirəm. Adını bilmədiyin şey də insan üçün ən anlaşılmaz şeylərdən biridir, çünki biz əşyanın, vəziyyətin adını qoyuruq, sonra yaddaş kartotekamızdan tapıb baxırıq. İndi isə bədbəxt qul durub qabağında, sən bunun kağızını uyğun hücrədən tapmırsan, vəziyyət də dəyişmir.
Hər kəsi, hər şeyi öz adıyla çağırmalıyıq, ancaq bu hər kəs və hər şey adıyla çağırılmağı istəmirsə, bu zaman nə edəsən? İmkan olsaydı, mən də imzasız yazmağa başlayardım – vəziyyətin içinə girib anlamaq üçün. Bəlkə adsız olanda adamda nəsə metamorfozlar, çevrilmələr baş verir.