Öz ölkəmizdə demokratiyanın bu tezlikdə bərqərarından, azad seçki mühitinin yaradılmasından əllərini üzmüş bir xeyli adam var, gözlərini qardaş ölkəyə – Türkiyəyə dikiblər.
Hazırda onların başlıca arzu, istəyi odur ki, heç olmasa Türkiyədə demokratik atmosfer pisləşməsin, iqtidar komandalarının seçki yolu ilə, dinc şəkildə dəyişməsi mexanizmi pozulmasın.
Bu, qardaş ölkəyə bəslənilən kortəbii rəğbət hissindən irəli gəlmir, bu ölkənin tərəqqisini, Avropa ailəsinə inteqrasiyasını, dövlətin demokratik üsul-idarəyə keçməsini istəyənlər anlayırlar ki, dünyada, xüsusilə də bizə yaxın ölkələrdə demokratiyanın boğulması, məhdudlaşdırılması ölkəmizin də işıqlığa çıxma prosesinə mənfi təsir göstərəcək.
Bizdən olsa, Rusiya da tezliklə demokratikləşər, neo-imperiya ambisiyalarından əl çəkər, qonşularına münasibətdə “dədəlik” etmək tövründən imtina edər, özünün intəhasız ərazisinə qane olub, intensiv inkişaf yolu tutar, Avropaya, dünyaya problem yaratmaz.
Hətta bizə qarşı barışmaz düşmənçilik siyasəti yeridən Ermənistanın da demokratikləşməsinin, qanunlarla idarə olunmasının, beynəlxalq konvensiyaların tələblərinə riayət etməsinin bizə ziyanı olmaz. İran, Gürcüstan və Xəzər qonşumuz olan ölkələr də eləcə.
Nə yazıq ki, dünyanın 200-dən artıq ölkəsinin üçdə ikisi demokratik rejimlə idarə olunmur. Bəzən hansısa ölkədə məxməri inqilab baş verir, dürüst seçki keçirilir, qanuni hökumət formalaşır, amma üstündən bir-iki il keçməmiş demokratikləşmə prosesi geri təpir, ölkədə diktatura, xunta rejimi bərqərar olur.
Son 20 ildə demokratikləşən ölkələrin sayı iki əlin on barmağı qədər deyil. Əksinə, hərbi çevriləşlər törədilən, demokratik mühiti daha da pisləşən ölkələr daha çoxdur.
Bu baxımdan azərbaycanlı demokratlar qardaş ölkədə demokratik atmosferin qorunub saxlanmasını arzulayır və hesab edirlər ki, əvvəl-axır bizim ölkəmiz də azad seçki, demokratiya məsələsində Türkiyəylə ayaq uyduracaq.
15 iyul hərbi çevriliş cəhdindən əvvəl Türkiyədə demokratiyanın başı üstünü qatı qara bulud almışdısa və bu xüsusda ciddi əndişələr vardısa, hazırda narahatlıq qalmaqdadır, qara buludlar isə seyrəlməyə meyllənmiş kimi görünür.
Düzdür, Türkiyədə teokratik rejim qurmaq məqsədilə hərbi çevriliş etməyə çalışanların, onlara dəstək verənlərin, hətta onlarla yaxından-uzaqdan əlaqəsi olanların kütləvi cəzalandırılması prosesi gedir və bu, demokratik prinsiplərlə bir araya sığmır, ancaq güman olunur ki, bu, baş verən faciəvi hadisələrin doğurduğu isterika ilə bağlıdır, bir müddətdən sonra ehtiraslar ayazıyacaq və hər şeyə qanunlar çərçivəsində, humanizm prinsipləri çərçivəsində qiymət veriləcək.
Əsas odur ki, 15 iyuldan sonra hakimiyyətini qoruyub saxlamağa müvəffəq olmuş Ərdoğan iqtidarı siyasi müxalifətlə hərbi müxalifəti, eləcə də “paralel dövlət”ə məxsus qüvvələri bir-birindən ayırdı və parlament müxalifətinə qarşı öncələr tutduğu sərt davranışı korrektə etdi.
İndi mitinq və nümayişlərdə dövlətin birinci, ikinci, beşinci, onuncu adamları belə müxalifət qüvvələrinə tutduqları dövlətçilik mövqeyinə, demokratik prinsiplərə sədaqətlərinə görə minnətdarlıq ifadə edirlər.
Nazirlərin müxalifət liderləri ilə görüşməsi, onlara hesabat verməsi, suallarını cavablandırması ənənəsi 15 iyuldan əvvəl də vardı, bu tendensiya 15 iyuldan sonra da davam edir. Məsələn, dövlətin önəmli strukturlarından biri olan XİN-in rəhbəri Mövlud Çavuşoğlunun əvvəlcə ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu ilə, sonra MHP sədrinin müavinləri ilə görüşməsi, ölkənin xarici siyasətinin detalları ilə bağlı onlara bilgi verməsi özlüyündə Türkiyə iqtidarının demokratiya relsindən sapmadığının göstəricisidir.
Bir ölkədə müxalifətin rəyinə hörmət qoyulursa, onları yaranmış fürsətdən istifadə edərək damğalamırlarsa, demək, heç də hər şey itirilməyib.
Biz öz ölkəmizdə belə şey görməmişik. Hərdən “iqtidar-müxalifət dialoqu” deyə bir toplantı keçirilir, o da monoloqlardan ibarət olur. Ən ümdəsi isə o “dialoq”u boykot etmək, pisləmək, “onun əsl dialoq olmadığını” iddia etmək başlıca trend olur.
Hələlik arzumuz budur ki, Türkiyə bizim kimi olmasın, biz onun kimi olaq, ən azı onun kimi seçki keçirək.