İran və Rusiya prezidentləri Bakıya gəlmişkən Türkmənçay müqaviləsini təzələmək də olardı. Çoxdandır regionda kimisə parçalamırlar. Ac ayı ilə gözü doymayan şirin qonaqlığı üçün Kür-Araz ovalığı tarixi məkan olmuşdur. Ovalıq elə ov kökündən yaranmışdır. Azərbaycan həmişə ov yeri olubdur. Ərəb gəlib ovlayıb, monqol-tatar gəlib quşlayıb, rus gəlib, fars gəlib, erməni gəlib…
Bizim işimiz, əlbəttə, ovçulara xidmət sektorudur. Putin və Ruhanini Bakıda görmək çoxumuzun uşaqlıq arzumuz idi. Elə sevinirik, elə sevinirik, heç darbədən çıxıb mitinqə düşmüş türklər belənçik sevinmir. Bəs necə, iki ağa təşrif buyurubdur, özü də birdən. Ermənilər paxıllıqdan intihar eləyəcəklər, torpaqlar boş qalacaq, ondan sonra gedib İsa bulağında əylənərik. Üstəlik, hazırda sezondur.
Sözgəlişi, İsa bulağını hasara almaq mümkündürmü? Şuşalı yoldaşlardan soruşmaq istəyirəm. Əgər mümkün olmasa, daha ora bizim nəyimizə gərəkdir?
Mütləq hasarlanmalıdır. Yaxşı olar 3 metrlik hasar olsun – Bakıda köhnə Karl Marks heykəlinin yerinin qabağında tikilən sarayın hasarından. Bu əndirəbadi cümlənin günahı məndə deyil. Azərbaycan tamamən bu cürdür. Harasa gedirsən, adı var, özü yoxdur. Tarix var, həm də yoxdur. Dövlət var, eyni zamanda yox kimidir. Xalqın adı var, hətta BMT-də hesabata-zada düşür, di gəl, başına haçan istəsən referendum corabı hörə bilirsən, cınqırı çıxmır. Gorun çatlasın, Marks. Yaxşı ki, bu günləri görmədin. “Azərbaycanda bir hasar kabusu dolaşır”.
Bunu qoyum ona gedim söhbəti olmasın, təzəlikcə yolum Bakının Təbriz küçəsindən düşmüşdü. Orda böyük park vardı, bir ucu “Gənclik” metrosuna çatan meşə kimi yer idi. Belə böyük parkları ancaq Berlində, Kiyevdə görmüşəm. SSRİ dağılanda park yerində qalırdı, yalnız cəbhəçilər Dzerjinskinin heykəlini uçurtmuşdular, postament qalmışdı. Kaş uçurtmazdıq – indiki milli çekistlərimizin hərəkətlərinə baxanda Dzerjinskinin ətəyində namaz qılmaq olarmış. İndi o parkdan əsər-əlamət qalmayıb, hər kvadrat metrində bir restoran, çayxana, kafe, şadlıq sarayı açılıb. Bir hissəsi avtomobil yolunun, bir hissəsi də oyuncaq ali məktəbin güdazına gedib.
Görəsən niyə biz azərbaycanlılar təbiətə ancaq yemək-içmək yeri kimi baxırıq? Ağac bizdən ötrü budağından qoyun cəmdəyi asmaq üçün alətdir. Bulaq gözündə qarpız soyutmaq üçündür. Əks halda, nəyə lazımdır? Qumluq dəniz sahili hasarlamaq, çay kənarı daş karyeri üçündür. İnsanın kainatda xərçəng hüceyrəsi olması haqda bir elmi nəzəriyyə var. Doğrudan da insan hara düşsə təbiəti kor qoyur. Əgər bu nəzəriyyə doğrudursa, biz azərbaycanlılar bu xərçəngin geriyə dönməz, metastaz formalarından biriyik.
Qayıdaq geopolitik temaya. Məncə, Putin və Ruhaninin ayaqaçdısından sonra Bakını nəsə bir siyasi klub elan etmək mümkündür – uyğun xarakterli dövlətlər üçün. Şimali Koreyadan Kim Çen İn müəllimi, Afrikadan Muqabeni, Karib bölgəsindən hansısa haitili zombini də toplayıb gətirək Bakımıza, olsun bir diskussiya məkanı. Düzdür, belə tiplər adətən diskussiyanı yox, monoloqu sevirlər, ancaq eybi yox, hər cür şərait yaradarıq, istəsələr hər biri öz-özünə danışar. Ümid eləyək Amerikada da Tramp prezident seçilər – planetin başqa xalqlarına yapdıqlarının əvəzində buna layiqdirlər – ilk səfərini elə bizim Azərbaycana edər. Niyə də yox? Ruhani və Putindən daha ruhani adamdır? Molla Nəsrəddinin ələyə dediyi kimi. Bir gün Molla evə girəndə ələyin qırağı qalır ayağının altında, ələk qalxır dəyir alnına. Mollanın gözündən tüstü çıxır, ələyə bir təpik ilişdirir. Bu dəfə ələk divara dəyib elastik şəkildə hoppanır və yenə Mollanın sifətindən çırpılır. Molla hirslənib bir bıçaq götürür, deyir: “Gəlin, hamınız gəlin, bütün ələklərə deyin, gəlsin”.
Özü də ələk bərəkət rəmzidir, un üyüdürlər. Ruhani ilə Putin Bakıda nə üyütdülər, təndirə yapılanda bilərsiniz.