Gənclərin bir-birinə qoşulub qaçması, ərli qadınların başqa bir kişiylə ilim-ilim itməsi, qarşılıqlı xəyanət hallarının faş olması, ərə gedən qızın gecəylə atası evinə qaytarılması, hamilə buraxılan qadının polislərin “uşağın atası kimdir” sualına “dəqiq bilmirəm, amma bunlardan şübhələnirəm” deyə asayiş keçikçilərinə proporsional seçki bülleteninə oxşayan siyahı təqdim etməsi və sair bu kimi rüsvayçı hadisələr lap əvvəllər də olub.
Axtarsan, qədim zamanlardan üzü bəri rüsvayçlı olaylar daha çox olub, nəinki ürəkaçan hallar. Gələcəkdə də belə olacaq. İnsan oğlu özünü, yaxınlarını, nəslini rüsvay edə-edə yaşayacaq.
İntəhası, keçmiş rüsvayçılıqlarla indikilərin arasında ciddi bir fərq var. Keçmişdə hansısa bir nəsildə yuxarıda sadaladıqlarım kimi kəmərətrafı rüsvayçılıqlar olanda nəslin başbilənləri yığışıb məsələnin üstünü bir daş altdan, bir daş üstdən qoymaqla hermetik şəkildə bağlayırdılar. Biz o rüsvayçılıqlardan xəbər tutmuşuq ki, onların üstünü yaxşı bağlaya bilməyiblər və nəslin zəvzəyi tərəfindən ətrafa informasiya sızıntısı baş verib.
Ancaq heç şübhəniz olmasın ki, bildiklərimizin iki qatı qədər rüsvayçılıqlardan da xəbər tutmamışıq. Əlaqədar şəxslər öz zibillərini ört-basdır ediblər və ertəsi gün də başlarına papaq qoyub, kələğayı örtüb ağsaqqallığa, ağbirçəkliyə, başqalarına öyüd-nəsihət verməyə gediblər.
İndilkdə isə vəziyyət nə qədər dəyişibsə, insanlar nə qədər, oxumuş adamlar demişkən, deqradasiyaya məruz qalıblarsa, öz nəslinin rüsvayçılığını videoya çəkib Youtube saytına qoyurlar.
Dünən saytlarda elə bir video var idi. Belə məlum olurdu ki, bir gəlin taksiyə oturub aradan çıxmağa çalışarkən ərinin qohumları tərəfindən yarı yolda saxlanılıb. Yekə-yekə kişilər taksinin ətrafına dövrə vura-vura qaçmağa hazırlaşan qadını söyür, arada taksi sürücüsünü dürtmələyirlər, ancaq nə qadını maşından çəkib aşağı endirmirlər, nə də döymürlər, eləcə bağırır, söyür, “öldün sən” deyə hədə sovururlar.
Güman ki, videonu da nəslin qarasaqqalı mobil telefonu ilə çəkir. Onun qarşısına məqsəd qoyublar ki, çək bu fahişəni, millətə göstər, qoy rüsvay olsun. O da, Allah tərəfi, işinin öhdəsindən yaxşı gəlir, maşının ətrafına dolanaraq rüsvayçlığı müxtəlif rakurslardan çəkir.
Bəs necə? Müasir rüsvayçılıqlar fərqli rakurslardan çəkilməlidir. Hələ o videooperator zərərçəkənlərdən papaqlarının yerə soxulması proseduru haqda mini-müsahibələr almalıydı, taksiylə aradan çıxmağa hazırlaşan gəlinə qarşı tərəf olaraq öz müdafiəsi üçün söz demək imkanı yaratmalıydı.
Bir sözlə, bütün millət bilməliydi ki, bu nəslin başına gələn rüsvayçılığın mənəvi-psixoloji, eləcə də, əgər varsa, maddi-tibbi aspektləri nədən ibarətdir.
Yoxsa ət görmüş yamyamlar kimi maşının ətrafına dolanıb bağırmaqla, “sən öldün” deyə hədələməklə iş olmaz ki.
Bəs normalda necə olmalıydı? Əslində o qaçan gəlinin qabağını kəsmək, onu videoya çəkmək, rüsvayçı kadrları internet resurslarına yükləmək lazım deyildi. O qadını buraxmaq lazım idi ki, hara gedirsə, cəhənnəm olub getsin. Vəssalam. Və səs-küyə salmadan onu boşamaq gərək idi. Bu biabırçılıqdan sonra onsuz da onu saxlayan olmayacaq.
Bəs elədirsə, bu rüsvayçılığı bütün ölkəyə göstərməyin məramı, məqsədi nədir? Heç nə. Allah qoymasa, onlar guya ki, qadından qisas alırlar, onu bütün ölkədə biabır edərək, həyatını ağırlaşdırırlar.
Ay-hay. Elə şey olmayacaq. O qadın Bakıya gəlibsə, Bakıda, BƏƏ-yə gedibsə, Dubayda, Türkiyəyə gedibsə, İqdırdan İzmirə qədər yüz şəhərdə öz ixtisasına, peşəsinə uyğun iş tapacaq, öz həyatını yaşayacaq, müştərilərinə də vaxtilə “sarsaq bir ərdən necə yaxa qurtardığı”nı fəxrlə danışacaq.
Onun ər evindən qaçması səhnəsini videoya çəkib ictimailəşdirən nəsil isə yaxın 50 ildə barmaqla göstəriləcək. Söz-sözü gətirəndə, o ailədən kiminsə adı çəkiləndə nəsli belə isnad verəcəklər: “Hansı Əhməd? O qardaşının arvadı qaçanda tutub kinoya çəkmişdilər ey, onu deyirsən?”. 50 ildən sonra belə deyəcəklər: “Biz o nəsillə qohum ola bilmərik. İstədiyin qızın babası və onun qardaşları 50 il əvvəl öz biabırçılıqlarını çəkib internetə qoymuşdular. Onlar gəlin saxlayan qurumsaq deyillər”.