Dost-müttəfiqi düşmənindən çox olan dövlət – xoşbəxt dövlət, xalqı isə – xoşbəxt xalqdır. Hərçənd, belə dövlətlərin varlığını müəyyən eləmək elə də asan deyil. Çünki bir də görürsən, özünü dost təki aparan ölkə qəfildən çönüb düşmən oldu. Yaxud bəlli olur ki, o, əslində heç sənə dost dövlət də olmayıb. Sadəcə, öz maraqları naminə dostluğu imitasiya edirmiş…
Bu girişi Azərbaycanın yerləşdiyi coğrafiyada bir dövlət olaraq nə dərəcədə dost-düşmən sahibi olduğuna və bu gün Bakıda keçiriləcək üç ölkə prezidentinin sammitinə nəzərən, bir də Türkiyə-ABŞ münasibətlərində 15 iyuldan sonra yaşanan böhrana görə verdik. Bəs, Azərbaycanın dostu, müttəfiqi çoxdur, yoxsa düşməni?
Suala cavab almaq üçün öncə ətrafımıza, qonşulara baxaq: Ermənistan bəlli. Gürcüstan hələ ki, strateji tərəfdaş statusuna uyğun gəlir, nəinki müttəfiq. Çünki müttəfiq səninlə əsas problemləri bölüşən, necə deyərlər, dərd-qəmi ortaq ölkəyə deyilir. Gürcüstan isə işğalçı Ermənistanla da isti münasibətlər saxlayır, ən önəmlisi, onu təcavüzkar kimi tanımır. Heç indiyədək bir gürcü rəsmisinin dilindən “Ermənistan işğalçı dövlətdir və dərhal, qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır” bəyanatını eşitmişiniz?
Olmayıb belə şey. Eləcə də Rusiya, İran rəsmilərinin dilindən belə açıqlamalar səslənməyib. Belə bəyanatı verməyən dövlətdən isə Azərbaycana dost, simsar olmaz! Olsa da yalançı dost olar. Bu xüsusda Azərbaycanın əsl dostları – Qarabağa görə indiyədək Ermənistanla diplomatik əlaqələr qurmayan Türkiyədir, nüvə dövləti Pakistandır, Özbəkistandır.
İranla, Rusiya ilə “dostluğumuz” isə nə gizlədək, qorxuya görədir. Hər ikisi yırtıcı dövlətdir, hər ikisi Azərbaycandan qat-qat çox, Ermənistana hüsn-rəğbəti olan, işğal amilini qulaqardı edən ölkədir. Moskva həmçinin, Qarabağ konfliktini yaradan, körükləyən və Azərbaycana təzyiq kimi üçüncü on illikdir öz əlində saxlayan bir dövlətdir. İndi əgər tərəflərdən biri sənə qarşı məkrlidirsə, daxildə səmimi deyilsə, hansı ülvi dost-müttəfiqlikdən söhbət gedə bilər ki?
Elə ona görə getmir. Elə ona görə Qarabağ testindən keçməmiş, keçə bilməyən ölkələrlə bizimki tutmaz, nə özümüzü yoraq, nə də “onlarla münasibətləri guya ideal səviyyəyə çatdıracayıq” kimi illüziyalara qapılıb, boş yerə dövlətin enerjisini o səmtə xərcləyək. Onlarla bizim həqiqi dostluğumuz alınmayacaq.
Ondansa, ən yaxşısı, Rusiya kimi ölkələrin bizə münasibətdə neytrallığına nail olmaq yetər. Əsas enerjimizi, potensialımızı isə həqiqi mənada bizə dost olacaq, artıq sınaqdan çıxmış dövlətlərlə, qardaş ölkələrlə ilişgiləri daha yüksək səviyyəyə qaldırıb iqtisadi, siyasi, hərbi cəhətdən güclənməyə davam edək. Çünki əmin ola bilərsiniz ki, dar macalda bizə kömək əli uzadan yenə həmin o, həqiqi dostlar olacaq, dost maskası taxanlar yox.
Yeri gəlmişkən, Rusiya rəsmiləri tez-tez Azərbaycanı strateji tərəfdaş adlandırırlar. Son olaraq prezident Vladimir Putin AZƏRTAC-a müsahibəsində bu ifadəni işlədib. Razılaşaq ki, yüksək fikirdir. Amma gəlin görək, səmimidirmi cənab Putin? Tutaq ki, sabah Azərbaycan öz ərazilərini güc yolu ilə erməni işğalından təmizləməyə başlasa, Kreml neytral qalacaqmı, Azərbaycanın strateji tərəfdaş ölkə olduğunu nəzərə alacaqmı?
Şübhə edirik. Əmin deyilik. Ona görə ki, Rusiya Qarabağ testindən keçməyib və bu, azmış kimi, faktiki surətdə Ermənistanla birgə torpaqlarımızın ortaq işğalçısı sayılır. O üzdən hərb variantına qəti qərar verə bilmirik – Rusiya faktoru var. Ən qorxulu düşmən də elə dost cildinə, “strateji tərəfdaş” cildinə girən düşməndir.
Beləcə, dostların sayı sırf dövlətin özündən asılı məsələ də deyil. Bəyəm qonşu Ermənistanı ərazilərimizi zəbt edib bizə düşmən kəsilməyə və Azərbaycanı da, Türkiyəni də ona düşmən olmağa biz vadar eləmişik? Əlbəttə, yox. Odur ki, olanımızın – həqiqi dostlarımızın qədrini bilək və onların sayını artırmaq haqda düşünək, nəinki yanlış siyasətimizlə düşmənlərin sayını artıraq. Düşmənlər onsuz da çoxdur.