Qardaş Türkiyədə artıq həkimləri feldşerlərə, məhkəmə hakimlərini futbol hakimlərinə qatıb tuturlar. Müəllimləri, “bu öyrətməndir, bu hocadır”,- deyə ayırmırlar, hər ikisini basırlar içəri.
Yekə bir proses gedir. Adı siyahıda olanları əlli bir, yüz bir aparırlar ağzıbirə. Siyahılar isə çox yoğun və uzundur.
Burda oturub demək olmaz ki, yox, düz eləmirlər, tuturlar. Heç “əcəb eləyib tuturlar” da demək olmaz. Nə işimizə qalıb? Biz AİHM-ik, “Freedom house”yik, nəyik?
Necə deyərlər, hər şeyi istintaq müəyyənləşdirəcək, məhkəmə həll edəcək. Tərs kimi, tutulanların arasında çoxlu müstəntiq də var. Dünən camaatı istintaq edənlərin bu gün özlərini istintaq edirlər. Dünən başqalarına hökm çıxaranlara bu gün müvəqqəti hökmlər çıxarıblar.
Keçmişdə bir prokuror Zəkəriyyə Öz vardı, TSK-nın respublikaçı generallarının hamısına ittihamnaməni o oxuyurdu, sonra “paralelçi” kimi ifşa olundu və aradan çıxdı, gah dedilər, Ermənistana qaçıb, gah da dedilər, Almaniyaya uçanda görüblər. Tükiyədə qalsaydı, hamıdan qabaq onu generallara tay edib qandallayacaqdılar.
General, admiral və polkovniklərin tutulmasının səbəbi aydındır, türkün sözü, darbə girişimi ediblər, çoxlu adam öldürüblər. 250-yə yaxın əliyalın insanın qətlə yetirilməsinə görə təxminən o sayda general və polkovnikin həbs edilməsi normaldır.
Ancaq 90 futbol hakiminin nə üstə tutulduğu insanlara qəribə gəlir. Deyilənə görə, gülənçi olublar, altdan-altdan Pensilvaniyaya işləyirmişlər. Amma gülənçi olub, nə ediblər? Bəlkə haqsız penalti veriblər, “Fənərbağça”nı “Kasımpaşa”ya uduzdurublar, ya Gökhan Könülə əsassız sarı kart veriblər? Hər halda, bütün bunları istintaq aydınlaşdıracaq.
Müsavatçı dostumuz Yadigar Sadıqov yazıb ki, “növbə təkər qaraldanlarındır”. Yəni belə getsə, onları da tutacaqlar.
Bəs necə olsun, əgər təkərqaraldanlar radikal dini sektanın üzvüdürlərsə və darbə girişimi ediblərsə (məsələn, ola bilər, zirehli tarnsportyorların təkərini qaraldıblar), necə tutulmasınlar?
Zırıltı işdir, əşi, 80 milyonluq ölkədir, 20-30 min adamın tutulması nəmənə şeydir ki. Ağzımızda paralel dövlət deyirik. Gerçəkdən də baxırsan ki, hər daşın altından “paralelçilər” çıxır.
Qorxasan, onları sona qədər tutub qurtarmaq mümkün olmaya. Topasının cəmi 7 milyon adamdır, deyirlər. Yeddi milyonun yeddisini də tutmaq olar?
Hətta bu qədər tutqunun qabağında daha bir problem meydana çıxa bilər, məlum olar ki, tutulanların hamısına türmə çatmır. Hər ölkənin məhbəsində vakansiya bir yerə qədərdir axı, birdən-birə 20-30 min adamı növbədənkənar tutanda yer çatmaya bilər.
Amma bundan da çıxış yolu var. Bəs biz nə günün qardaşıyıq? Bizdə müasir standartlara cavab verən, dosta layiq türmələr tikilib istifadəyə verilib və öz ilk sakinlərini gözləyir.
Lüzum olsa (Lüzum Lazımın qohumudur, biləsiniz), biz öz türmələrimizi qardaş ölkənin paralelçi məhbuslarına verməliyik. İstər parasıyla, istərsə də bedava. Qoy, Türkiyə hökuməti üçdən-beşdən ödəsin, qardaş dustaqlar gəlib bizdə islah olsunlar.
Hərçənd axtarsaq, özümüzdə də xeyli paralelçi var. İyirmi ildən artıqdır ki, burada xain elan edilmiş şəbəkənin kollecləri, liseyləri məzun buraxır. Yəni onların heç olmasa 10 faizi şəbəkəyə qoşulmayıbmı? Kim bilir…
Düzdür, bizdə onları nə deyib tutmaq olar, bəlli deyil. Çünki o məzunlar, işıq evlərinin, türkün sözü, üyələri darbə girişimində-filanda bulunmayıblar, heç təkər-zad da qaraltmayıblar, eləcə oxuyublar və orda-burda işə düzəliblər.
Oxumuş adamlar deyirlər ki, bu cür sinsi (yəni hiyləgər) örgüt dünyada olmayıb, buqələmun kimi hansı mühitə düşürlərsə, dərhal ona uyğunlaşırlar – yəni millətçinin yanında millətçi, solçunun böyründə solçu, liberalla danışanda liberal, yaşıllarla söhbətləşəndə ekologiya fanatı, hətta cinsi azlıqlarla bir arada olanda özlərini eşcinsəl kimi təqdim edə, qarşılarındakının rəğbətini qazana bilirmişlər.
Hazırda səslənən bütün iddia və ittihamlara inanmaq kimi bir məcburiyyətimiz yoxdur, amma test imtahanının suallarının oğurlanması məsələsi artıq sübuta yetirilmiş kimi görünür. Bu isə balaca məsələ deyil.
Yeri gəlmişkən, bilmirəm hazırda Türkiyənin tələbə qəbuluna məsul idarəsindən beş-altı yüz adam tutublar, yoxsa yox. Amma hərgah belə bir iş baş veribsə, orda tutqular olmalıdır.