Belə görünür, qısa fasilələrlə əleyhimizə aparılan şantaj-iftira kampaniyası, intriqalar hələ uzun çəkəcək. Çünki nə yazıqlar ki, siyasətdəki, mətbuatdakı bədxahlarımızın, çörəyi şərləməkdən çıxanların buna vaxtaşırı əşhədü ehtiyacı yaranır…
Yenə üstümüzə tökülüblər. 105 ildə Müsavata, onun imicinə vurulmayan zərbəni son ikicə ildə vurmağı bacaranlar öz ayıblarını görmək, nöqsan-səhvlərini analiz eləmək əvəzinə, təzədən köhnə palan içi tökməkdədirlər.
Təkrarlamayacağıq – jurnalist həmkarlarım, xüsusən də “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu son iki gündə bu mövzuda kifayət qədər qələm çalıb, arqumentli, yerli-yataqlı yazıblar. Nə əlavə edək. Hamısının altından imzamı qoyuram.
Başa düşürük, basqılar, hədələr, hücumlar ən çox öndə gedənə, lider olanlara, lider qəzetə yönəlir. Bunu həmişə göz önünə alıb da doğru bildiyimiz yola davam edirik, edəcəyik – sağa-sola boylanmadan. Açığı, bir az da öyrəncəliyik. Bunlar bizi qorxutmayıb, qorxutmaz…
18 ildir fasiləsiz bu qəzetdəyəm, onun rəhbərliyinə daxil olan şəxslərdənəm. Ağlım, məntiqim, dinim-imanım da əlhəmdulillah, yerində. Yəni bu yolu yanlış, günah bilsəydim, çoxdan aralanmışdım. İş olan yerdə qüsur olar. Yalnız ölülər səhv eləmir. Amma və lakin baxırsan ki, bizi tənqid və təhqir edənlərdə nöqsan batmanladır. Üstəlik də qərəz. O zaman niyə yolumuza davam etməyək? Qoy bizə yalnız günahı olmayan daş atsın. Varmı beləsi?
Bəli, illərdir öndəyik. Çünki öncüllüyün məsuliyyətinin fərqindəyik. Bu məsuliyyətin nə olduğunu birinci olmağı bacarmayanlar bilməz. Ən əsası, öz çörəyimizi yeyirik, kimsənin minnətli əppəyini yox!! Qəlbi hiss basmışlar Allahsız yerə bunun əksini iddia edib cəmiyyəti uğursuz şəkildə inandırmağa çalışsalar da (Hələ bilinmir özləri hansı çörəyi yeyirlər).
Hər halda, əsas lakmus kağızı oxucu, onun münasibətidir. Demirikmi xalqın gözü tərəzidir? Bax, bizdən ötrü həmin o tərəzi önəmlidir, daima haqqımızda solo ittihamlar, hədyanlar söyləyən, zamanında bizim hesabımıza tanınan, məşhurlaşan, dərin “analizlər” aparan siyasətçiklər yox!
Yəni gerçək bu ki, bizi əlahəzrət oxucu tənqid eləsə də – buna təbii ki, normal baxırıq – yenə ən çox bizə ehtiyac duyur, öncə bizi arayır, bizim qəzetə, saytlara nəzər salır, öncə “Yeni Müsavat”ın nə düşündüyü, nə yazdığı ilə maraqlanır. Qısası, yazdıqlarımızın mötəbərliyinə inanır.
“Yeni Müsavat” daha çox partiya mövqeyindən çıxış edəndə də belə idi, hörmətli İsa Qəmbər onun təsisçisi olanda da belə idi, indi – müstəqil KİV olanda da belədir. Bu, bəyəm qəzetin kollektivinin, onun rəhbəri Rauf Arifoğlunun potensialı, intellekti, bacarığı, fədakarlığı haqda heç nə demir? Deyir – biriləri qısqanccasına boynuna almasa da. O zaman belə bacarığın, istedadın sahibləri niyə ac qalmalıdırlar ki?
Bizə qarşı oxucu diqqəti əlbəttə ki, böyük etimad, qiymətli ictimai güvəndir, dəyərdir – hansı ki, əfsuslar olsun, özünü siyasət uzmanları sayıb nüfuzlu bir mətbu orqana qarşı savaş açanlarda yoxdur, onlar etimad qıtlığı yaşayır, özü də təkcə cəmiyyət sarıdan yox. Ancaq günahkar biz deyilik axı!
Bəla da ondadır ki, hakimiyyət uğrunda mübarizə aparmalı olanlar, əsas hədəflərini dəyişib, olmayan güclərini bir aparıcı qəzetə qarşı yönəldiblər. Əslində anlaşılandır. Öz siyasi varlıqlarını başqa necə ortaya qoysunlar? Bitmiş, bitirilmiş kimidirlər. Siyasi potensialları ölkədə yeni gündəm yaratmağa yetərli deyil.
Bu da yəqin Azərbaycandakı acı siyasi gerçəkliyin başqa eybəcərliyidir ki, dünənin qos-qoca partiyasını – Müsavatı öz marginal maraqları hesabına cılızlaşdırıb az qala dərnək çərçivəsinə salanlar, onun neçə-neçə qaymağını təşkilatdan perik salanlar, bolşeviklər kimi ağ-qaradan savayı rəng tanımayanlar “Yeni Müsavat” media qrupu ilə haqsız dava açmaqla gündəmdə qalmaq istəyirlər.
Cığallıqdı – özü də yekə, siyasətçiyə yaraşmayan cığallıq. Eyni zamanda özünə quyu qazmaqdır bu. Zira, mətbuata düşmən kəsilən siyasətçi uğura çata bilməz. Bu – aksiomdur, demokratik mübarizənin elementar qaydasıdır.
Biz də onu deyirik ki, bunu eləməyin, lütfən fikrimizi, enerjimizi lüzumsuz yerə yayındırmayın. İmkan verin ictimai missiyamızı – əlahəzrət oxucuya, xalqa xidmət missiyamızı davam etdirək. Kim bəyənmir, özü bilər. Məgər kimisə bəyənmədiyi telekanala, sayta baxmağa, bəyənmədiyi qəzeti oxumağa məcbur etmək olar?
İkinci yandan, guya bu bəyənməyənlərin özlərini kim bəyənir ki. Dəfələrlə yazmışıq, yenə yazmaq zorundayıq ki, qoy hərə doğru bildiyi yolla getsin, sonda kimin haqlı olduğunu onsuz da zaman göstərəcək. Amma indi son deyil, finiş deyil. Finişdə baxarıq.
Əgər ona kimi siyasi arenada qala bilsəniz.