Çörək bahalaşıb, hökumət isə xalqa məsləhət görür çörək tapmayanda tort yesinlər. Bu məsləhət 18-ci əsrin sonlarında, söz vaxtına çəkər, elə indiki yay aylarında fransız xalqının işinə yaramışdır. Mariya Antuanetta adlı xanıma gəlib deyirlər xalq çörək tapmır, o da deyir çörək yoxdursa nə qəm, gedin şirin kökə, biskvit, tort doldurun qarnınıza. Xalq isə belə əyləncəli məsləhəti qulaqardına verərək gözəl xanımın boynunu vurmuşdur. O vaxtdan bəri fransız xalqı kef eləyir.
Hərçənd indi bizdə çörək olmasa da tort var. Bizim kef çəkməyimiz çətin olacaqdır. Allah bir qapını bağlayanda o biri qapını açırmış – uca millətimiz demişkən. Azərbaycan isə Şərqlə Qərbin, Şimalla Cənubun qovuşmaq yeri olduğundan burda hər tərəfə qapı var, “skvoznyak”dan (yelçəkər) belimiz quruyubdur. Bir neçə günə Putin gəlib belimizi lap qırıb gedəcəkdir. Zalım oğlu elə bil Stenka Razin-dir, hər dəfə Xəzər tərəfdən gəlib quldur kimi bizi çalıb-çapıb gedir, səsimizi çıxartmaq bir yana qalsın, mıqqıldaya bilmirik.
Üç-dörd gün qabaq Qarabağ tərəfə getmişdim, camaat danışırdı ki, indi çörəkdən betər ət problemi yaranmaq üzrədir. Dana, qoyun, keçi tapıb kəsmək, bunu paytaxtımıza yollamaq günü-gündən çətinləşir. Azərbaycan xalqının “lülə-tikə-basdırma” baş menyüsünü nəzərə alsaq, ən dəhşətli iqtisadi fəlakət budur. Ət yeməsək, bir-birimizi basıb yeyəcəyik. Çörək olmasa da yaşayarıq, ancaq sizi inandırım, bu millət axşamlar kababxanalara yıxılıb ət gəmirib gəyirməsə yaşaya bilməz.
Ətdən yazdım bir əhvalat yadıma düşdü. Sovet vaxtı bir uydurma uzunömürlü vardı: Şirəli Müslümov. Lerikdə yaşayırdı. Kişinin yaşı bəlkə də 100 il olardı, ancaq sovet hökumətinə guya yaxşı şəraitdə, sosializmdə yaşayıb uzun ömür sürən insan mifi qayırmaq lazım olmuşdu, qurban kimi də Şirəli bəyi seçmişdilər. Uzunömürlü olmağın başqa kriteriyaları da az-çox uyğun gəlirdi: dağda yaşamaq, təmiz ərzaqlar yemək, əsəbdən, gərginlikdən uzaqlıq və sairə. Qısası, SSRİ hər beşillikdə Şirəli bəyin yaşının üstünə 5-10 il qoya-qoya, saxta rəqəm artımıyla 1980-ci illərin sonunda onu… 165 yaşlı eləmişdi! Təsəvvür edirsinizmi? “Pripiskanın” beləsini dünyada kimsə görməmişdi.
Özü də yalançının yaddaşı olmaz deyirlər, sovet hökuməti gopa basmağa necə aludə olurdusa keçən il açıqladığı rəqəmi növbəti il unudurdu, misal üçün, 1979-cu ildə 120 yaşlı Müslümov 1980-ci ildə qəfildən 130 yaşlı olurdu. Yazıq kişi hökumətin sayəsində hər il 10 yaş qocalırdı.
Uzun sözün qısası, bir gün yenə kapitalist dünyasından bu möcüzəyə tamaşa etməyə gələn jurnalist yığınına Şirəli müəllimin mətbuat konfransı verməsi nəzərdə tutulur. Bakıda bir mehmanxanada (o vaxtlar hotel ancaq imperialist aləmdə olurdu, bizdəkilər hamısı mehmanxana idi) hazırlıq görülür, Müslümovu neçə gün qabaqdan gətirib orda otaqda yerləşdirirlər, instruktaj edirlər. “KQB”, partxozaktiv-zad hamısı yorulmaq bilmədən çalışır, qocaya ancaq ağartı məhsulları: qatıq, pendir, süzmə, ayran-filan verirlər. Ağsaqqala möhkəm tapşırırlar ki, xarici jurnalistlər uzun ömrün sirrini soruşsalar desin sağlam qidalar yeyirəm, ancaq süd içirəm, qatıqlayıram və sairə.
Nə başınızı ağrıdım, konfrans başlayır, xarici jurnalistlər qarışqa kimi salonda qaynaşır, Şirəli babanı ənlik-kirşanlayıb, bəzəyib-düzəyib başda oturdublar, tərslikdən birinci sual da elə ağsaqqalın qida rasionu haqda olur. Xarici jurnalist soruşur ki, Şirəli baba nə yeyib-içir.
Adamı bir həftədir dovğa-qatıqla bezdiriblər, birdən bu dözmür, bomba kimi partlayır:
“Mən ət yemək istəyirəm, mənə ət gətirin!”
Bundan sonra konfrans dağılır gedir işinin dalıyca.