Yapistlərin payızda konstitusiyamıza edəcəyi dəyişiklərdən biri mülkiyyət hüququnun faktiki ləğv olunmasıdır. İndiyə qədər dövlətin hansısa fısqırıq ehtiyac üzündən kompensasiya ödəyib vətəndaşın torpağını, evini əlindən almaq haqqı nəzərdə tutulurdu.
Ona görə fısqırıq yazdım ki, adətən belə ehtiyaclar boş-boş şeylərdən yaranırdı, örnək üçün, kiminsə qəfil ağlına gəlirdi filan yerdə daş parkı salınmalı, oyuncaq ağaclar əkilməlidir. Vəssalam. Buldozerləri töküb evləri camaatın başına uçururdular, sonra salamat qalanlara beş-on manat verib başqa ərazilərə qovurdular. İndi isə dövlət kompensasiya vermədən də evləri uçurdub, torpaqları işğal eləmək hüququ alacaq.
Yaxşı eləyirlər, əslində bu camaatın nazıyla hələ çox oynadılar. Masazırda bir-iki sot yeri olan adam tanıyıram, az qalırdı gözümüzü çıxartsın. Tarix göstərib ki, Azərbaycan xalqına heç bir topraq-zad vermək olmaz, yoxsa son pulunu da xərcləyib o torpağın içində axmaq bir dizaynda, pəncərəsi tülkü deşiyinə oxşayan daxmalar tikəcək. Özü də yarışma şəklində tikəcək. Əgər qonşu 1 mərtəbə (qat) ev tiksə, bu 2 qatlı edəcək. Qonşu bunu görüb 3-ə qaldıracaq, bu da acığa 4 qat edəcək və sairə. İkisi də tikə-tikə, uzada-uzada çərləyib öləcəklər, heç o binalarda adam kimi yaşamağa çatdırmayacaqlar.
Uzun sözün qısası, mülkiyyət hüququmuz payızda tamamilə cəhənnəmə vasil olur. Belə hallarda həmişə adamın yadına 18-ci əsrin Almaniyası düşür. O vaxtlar Prussiya kralı İkinci Fridrix idi. Fridrix alman tarixinə Prussiyanı azı iki dəfə böyütmüş, bir çox savaşlar aparmış, mütləq monarxiyanın qatı tərəfdarı, Volterin dostu kimi düşmüşdür. Bu qüdrətli adam 1745-ci ildə Potsdam şəhərindəki malikanəsini genişləndirmək istəyir, qonşuluqdakı balaca torpaq sahəsini də sarayına qatmaq fikrinə düşür. İnsafən, kralın pis məqsədi də yox imiş, həmin torpaq sarayın ərazisinə paz kimi giribmiş. Torpağın yiyəsi bir dəyirmançı olur, onu Fridrixə verməkdən qəti imtina edir. Kral torpağı zorla almaq istəyəndə dəyirmançı məhkəməyə üz tutur. Məhkəmə qərar çıxarır: kral haqsızdır, torpaq dəyirmançıya məxsusdur, əlindən almaq olmaz.
İndiki dövrdə, 21-ci əsrdə dərəbəylikdə yaşayan bizimki kimi toplumlar üçün bu əhvalat nağıla bənzəyir, ancaq Avropada, Almaniyada adi qaydadır. Almaniyanı Almaniya eləyən elə bu hüquqa hörmət, qanuna sözsüz tabeçilikdir. Kral və adi adam hər ikisi qanun qarşısında bərabərdir. “Şah qanun deyil, qanun şahdır” – bizdə el arasında populyar olan, ancaq heç kimin əməl eləmədiyi məşhur afyorizmdə deyilən kimi.
Mən həmişə bu “Dəyirmançı və kral” əhvalatına həsəd aparırdım, fikirləşirdim görəsən biz haçan belə günlər görəcəyik. Sən demə, görmüşük, sadəcə diqqətimizdən yayınıb! Həmin faktı mən Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı Bakı tarixi haqda gözəl kitabından tapmışam. Yazım siz də oxuyun.
Demək, Bakıda neft bumu zamanı – 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Qarabəy adlı əla vəkil varmış. Bu vəkil qanunları əzbər bilməsi, maraqlı çıxışları ilə məşhur imiş. O qədər güclü vəkil imiş ki, hətta bəzən tərəflərdən biri o birinin vəkilinin Qarabəy olduğunu biləndə təslim olub iclasdan qabaq iddiadan əl çəkirmiş. Həmin vaxt Rusiya imperiyasının Qafqazda canişini vəzifəsini Vorontsov-Daşkov soyadlı bir qoca general daşıyırdı. 1905-1916-cı illərdə Qafqaz canişini olan Vorontsovun müsəlmanlara, türklərə nifrəti vardı, ermənipərəstliyi ilə tanınırdı. Hüdudsuz səlahiyyət yiyəsi olan bu adam – o vaxtın canişini, hesab elə indi bütün Qafqazın prezidenti tiplində vəzifə idi – Bakıda və ətrafında çoxlu neft mədənləri, malikanələr də almışdı. Balaxanıda Yetim Hacı Yusif adlı şəxsin sahəsini isə tam qanunsuz hasarlayıb özününkü eləmişdi.
Yetim Hacı Yusif torpağını geri qalmaq üçün neçə vəkilin yanına gedirsə, hamısı qarşı tərəfin Vorontsov olduğunu eşidəndə qorxudan qaçır. Yalnız Qarabəy müdafiəyə razı olur. Gedir Peterburqdan komissiya gətirir. Onları faytona mindirib sahəyə aparır, yolda isə qarşısına çıxan təsadüfi adamlara həmin sahəni göstərib yiyəsini soruşurmuş. Hamı deyir torpaq Yetim Yusifindir, komissiya da bunu eşidir, Peterburqa qayıdıb qərar çıxarır: ərazi Vorontsovdan alınıb Yetim Yusifə verilməlidir!
Yüz il bundan qabaq Bakıda qanun var imiş. Geri gedirik, deyəsən. Alman hesabı ilə götürsək, lap geri, 1600-cü illərə doğru. Hərçənd kim bilir, onlarda bəlkə 1200-cü illərdə də bizdəki kimi qanunsuzluq olmayıb.