ABŞ-da prezident seçkilərinin sonuncu, həlledici mərhələsi başlayıb. Bu mərhələ noyabrın 8-də səsvermə günü ilə yekunlaşacaq. Mərhələnin ən mühüm yeniliyi isə respublikaçıların namizədi, milyarder Donald Trampın sabiq dövlət müşaviri, demokratların tək namizədi Hillari Klintonu ilk dəfə olaraq reytinqdə üstələməsidir.
Siyasi texnoloqlar və ekspertlər bu səbəbdən indi təlaşda və məyus kimidirlər. Hər necə olmasa, Tramp peşəkar siyasətçidən daha çox, populistin biridir. Bəzən ağzının danışığını da heç bilmir. Verdiyi vədlərin əksəriyyəti isə reallaşması ya mümkünsüz, ya da riskli olan məsələlərdir.
Respublikaçıların dəlisov namizədi bu xüsusda hamını təəccübləndirən açıqlamalar verməkdə davam edir. Misal üçün, bu arada o, Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya biləcəyini istisna eləməyib. ABŞ-ın dünyanın 1 nömrəli supergücü olduğunu nəzərə alsaq, bunun özü artıq indidən Azərbaycanın köklü milli maraqları üçün yeni təhdid sayıla bilər. Ən azı ona görə ki, belə mövqe təkcə Rusiyanın deyil, Krımın ilhaqına dövlət səviyyəsində haqq qazandırmış işğalçı Ermənistanın mövqeyi ilə də səsləşir.
Eyni zamanda belə mövqe Krımın işğalına görə Moskvaya iki ildən çoxdur sanksiyalar tətbiq edən Qərb dünyasına meydan oxumaq, ABŞ-ın özünün isə milli maraqlarına qarşı getməkdir. Yada salaq ki, Tramp həm də islamofob və gizli xristian təəssübkeşidir. Bu da ermənilərin, Qarabağ separatçılarının başqa yandan karına gələ bilər. Hətta Trapm Allah eləməmiş, prezident olarsa, qorx ki, Krımı Rusiya ərazisi sayacağı kimi, Dağlıq Qarabağı da Ermənistanın bir hissəsi elan eləsin.
Belə bir impulsiv, böyük siyasətdən səthi baş çıxaran, daha doğrusu, heç çıxarmayan, qlobal siyasətə də biznes maraqları prizmasından baxan primitiv birisinin dünyanın 1 nömrəli dövlətinin sükanı arxasına keçməsi, daha betəri, nüvə çamadanına sahiblənməsi sözsüz ki, ABŞ-a da, bütövlükdə Qərbə və bəşəriyyətə yaxşı bir şey vəd eləmir. Yalnız iki işğalçı ölkə – Rusiya və Ermənistan Trampın prezident olmasına sevinərdi.
Ən qəribəsi də həmişə modern, ayıq cəmiyyət kimi tanınan ABŞ toplumunda Trampa bu boyda rəğbətin bəslənməsidir. Ümid edək ki, səsvermə günü demokratik dəyərlər qalib gələcək, nəinki bu dəyərləri təhlükəli şəkildə təftiş edən Trampın irreal və qorxulu vədləri.
İstənilən halda Bakı ABŞ-dakı seçkilərdən dolayı fors-major vəziyyətlərə hazır olmalı, ilk növbədə özünün milli maraqlarını qoruya biləcək ehtiyat planlara malik olmalıdır. Əlbəttə ki, ABŞ demokratik seçki və demokratik idarəçilik ənənəsi olan, cəmiyyətin dövlətin idarəçiliyində yaxından iştirak etdiyi, ən əsası, hakimiyyət bölgüsü olan fövqəl hüquqi dövlətdir. Yəni bu ölkədə prezidentin hər dediyi söz heç də “Quran ayəsi” sayılmır, əksinə, ölkənin maraqları diktə edərsə, həmin söz iqnor edilə, hətta prezident impiçmentlə kürsüsündən götürülə də bilər – necə ki, Amerika tarixində belə hallar olub.
Amma yenə şər deməsən, xeyir gəlməz. Keşkə, noyabrın 8-də Amerika elektoratı şərin iqtidar olmasına elə bəri başdan mane ola. Hərgah, bu, heç də o anlama gəlmir ki, Hillari Klinton Azərbaycan maraqlarına tam cavab verir. Unutmayaq ki, bədnam Sürix protokollarının əsas müəlliflərindən biri o vaxt dövlət katibi işləyən Klinton olub. Sadəcə, iki pisdən daha yaxşısı məsələsi…
Azərbaycanın maraqlarının ABŞ kimi bir dövlət tərəfindən də ciddiyə alınmasının ən etibarlı yolu, deməli, həm də Qarabağın qaytarılmasının ən güclü qarantı isə – iqtisadi və demokratik cəhətdən güclü dövlətə çevrilməyimizdir.