Gözləmədiyim halda Roma Papası I Fransisk sözümə qüvvət verdi. Yəni bu dəstək birbaşa, üzbəüz söhbətdə yox, qiyabi şəkildə oldu.
Məsələ belədir, təxminən 5 il öncə yazmışdım ki, mənə görə, Messi dünyanın bütün zamanlarının ən yaxşı futbolçusudur, hətta 20-ci əsrin futbol kralı ünvanını almış Peledən də üstündür.
Dünən Roma papası da elə deyib. Papa haqlıdır. Messi oynadığı oyunla çoxdan sübut edib ki, Peledən də, Maradonadan da yaxşıdır. Pele dirəşir, amma Maradona etiraf edir ki, elədir. Messinin bircə minusu var ki, dünya çempionu ola bilməyib, o da şans məsələsidir, həm də şəxsi şanssızlıq məsələsi deyil, ortada Argentinanın şanssızlığı var.
Amma bu yazıda söhbət futbolçuların dəyərləndirilməsindən, ümumilikdə futbol məsələlərindən getmir. Futbol adi oyundur, əsas məsələ yerlibazlıq kimi dünyanı başına almış, oxumuş adamlar demişkən, subyektiv tendensiyanın ali mənsəbli ruhanilərə belə sirayət etməsidir.
Məsələ ondadır ki, Roma Papası I Fransisk argentinalıdır. Bildiyiniz kimi, Messi də argentinalıdır. Demək ki, papanın Messi barədə dedikləri nə qədər haqlı olsa da, o, burada yerlibazlıq edir. Papa braziliyalı olsa, yəqin ki, Messinin Peledən üstün olduğunu bilə-bilə bunu dilinə gətirməzdi. Ən uzağı, belə deyərdi: “Hərəsi öz dövrünün ən böyük futbolçusudur”.
Hələ ortada həmvətənliklə yanaşı ayrı bir xətt də var. Bu da soydaşlıqdır. Messi də italyandır, I Fransisk də.
Messinin ulu babası Ancelo Argentinaya İtaliyanın Ankona şəhərindən köçüb. Özü də Messi metis-filan deyil, anası Selia Mariya Kuçittini də təmiz qanlı italyan qızıdır. Messinin atasının adı isə Xorxedir.
Roma papası I Fransiskin də əsl adı Xorxedir. Onun tam adı belədir: Xorxe Mariya Berqolio. O da italyandır. Atası İtaliyadan köçüb Argentinaya yerləşib. (Ümumiyyətlə, Argentina əhalisinin 60 faizi əslən italiyalıdır).
İndi işə baxın, I Fransisk Messinin həm atasıyla (Xorxe), həm də anasıyla (Mariya) adaşdır, eləcə də vətəndaş və soydaşdır.
Ölkəmizin Pelesevər, eləcə də Ronaldosevər kəsimi bur məqamdan yapışa və Roma papasının Messiyə dair fikirlərinin obyektivliyini şübhə altına ala bilərlər.
Məncə, o boyda papa yerlibazlıq edərək özünü Messinin papası kimi aparıb, ona görə onu dünyanın ən yaxşı futbolçusu elan edib.
Əvvəllər çox deyirdik ki, mədəni dünyada yerlibazlıq söhbət yoxdur, bu, daha çox geridəqalmış ölkələrə xas mərəzdir. Guya ki, yalnız şərq hökmdarları öz kəndçilərini irəli çəkib nazir qoyur, yaxud gömrük naziri öz kəndində doğulmuş 4-5 yüz oğlanı gömrükdə işə düzəldir, daha nə bilim, nə.
Heç demə, tərifli qərbdə də belə şeylər var. Düzdür, onlar öz çobanlarını dağdan endirib, boğazılarına qalstuk bağlayıb, gətirib, məsələn, təhsil sistemində pedaqoq-məmurlara çevirmirlər, amma yerə gələndə öz eloğlularını yanlarında işə götürürlər. Tutaq ki, əslən lionlu olan bir fransız nazir bir tuluzalı kadrla lionlu kadrın arasında seçim etməli olsa, mütləq lionlunu seçir və bəyan edir ki, bu seçimdə əsas diqqət kadrın peşəkarlığına verilib. Yəni ki, həmyerliliyin məsələyə dəxli yoxdur. Amma araşdıranda məlum olur ki, tuluzalı kadr lionlu həmkarından daha peşəkardır.
Bizdə, əlbəttə, yerlibazlığı o qədər incə-incə, xəfif-xəfif, altdan-altdan eləmirlər. Bizdə bir nazirlikdə, komitədə, müəssisədə yer boşalanda və o yerə iddialı olan gəncəbasarlı və muğanlı kadr rəqabətə başlamaq istəyəndə, səlahiyyət yiyəsi olan rəhbər şəxs gətirib ora öz kəndçisini qoyur, “təhsili yoxdur”, “bundan qabaq heç yerdə işləməyib” və s. iradlar tutanlara da deyir: “Buranın yiyəsi mən deyiləm? Öz komandamı yığıb işləməliyəm dəə”. Vəssalam. Di gedin.
İndi Messinin Peledən üstün olduğunu bəyan edən I Fransiskin Vatikandakı fəaliyyətini araşdırası olsaq, ortaya çıxacaq ki, yaxın ətrafında argentinalı italyanlar çoxdur.
İtaliyanın paytaxtı Romanın göbəyində yerləşən Vatikanın boz-boz kardinallarının basa-basa gedib uzaq Argentinadan bir italyanı tapıb gətirib özlərinə papa seşməsinin özü də əslində yerlibazlıq hadisəsidir.
Əgər belədirsə, onda, məncə, dünyanın ən yaxşı futbolçusu Qara Qarayevdir. Yaxşı oldumu?