Fəzail Ağamalı: “Dünyanın hər bir ölkəsində parlament üzvlərinin əmək haqqı daha yüksəkdir”
Araz Əlizadə: “Başqasının cibindəki pulu saymazlar”
İyulun 15-dın etibarən Azərbaycan Milli Məclisinin deputatları tətilə buraxılıb. Qanunvericiliyə görə deputatlar avqustun 30-dək istirahətdə olacaqlar. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaq və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Buna əsasən Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, Milli Məclis sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.
Deputatların tətilə getməsi ilə onlara verilən müavinətin məbləği cəmiyyətdə, sosial şəbəkələrdə, bəzi köşə yazarlarının yazılarında müzakirəyə çıxarıldı. Bəzilərinin parlament üzvlərinə verilən müavinətin miqdarını səhv hesablayaraq 6 min manat olduğunu qeyd edərək müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin məzuniyyət pulları ilə müqayisə edib deputatlara bu qədər müavinət verilməsinə narazılıqlarını bildiriblər.
Mövzu ilə əlaqədar bir neçə deputatın rəyini öyrənməyə çalışdıq. Bəs görəsən deputatların özü aldıqları məzuniyyət pulundan razıdılar?
Deputat Fəzail Ağamalı məsələyə bu cür mövqe bildirdi: “Deputatların müavinəti Azərbaycan cəmiyyətində yüksək hesab olunur, bunu etiraf etmək lazımdır. Müəyyən olunmuş qanunlar çərçivəsində deputatlar, nazirlər, yüksək səviyyəli məmurların maaşları yüksəkdir. Bu da təbiidir, çünki ölkədə az qala 10 milyon əhalimiz var və onlardan cəmi vur-tut 125-i deputatdır. Xalq tərəfindən seçilən 125 deputatın da üzərinə kifayət qədər ciddi, məsuliyyətli vəzifələr düşür. Ona görə də təbii olaraq onların əmək haqları sadə vətəndaşların, həkimlərin, müəllimlərin əmək haqlarından köklü şəkildə fərqlənməlidir və bununla bağlı xüsusi, fərqli yanaşmalar yoxdur. Dünyanın hər bir ölkəsində parlament üzvlərinin əmək haqqı daha yüksəkdir. Hətta elə ölkələr var ki, bizim aldığımız əmək haqqı oradakı deputatların aldığı maaşın yanında çox cüzi qalır. Rusiya və digər başqa MDB ölkələrində hər deputatın ayrıca maşını, xidməti var. Bizdə isə yalnız komitə sədrlərinin maşını var, deputatlarınkı isə yoxdur”.
Deputat Araz Əlizadə isə deputatların müavinətlərini müzakirə edənlərə sərt cavab verdi: “İnsana nə qədər çox pul versələr bir o qədər onun xoşuna gəlir. Köşə yazarları və sairə şəxslərə məsləhət görürəm ki, beynəlxalq mədəniyyətdə, etikada belə bir şey var, başqasının cibindəki pulu saymazlar… Əlbəttə ki, mən də istəyərdim ki, müəllimlərin, həkimlərin və sairə insanların maaşları çox yüksək olsun. Nəzərinizə çatdırım ki, ölkəmizdə deputatların maaşı 1600 manatdır, vergisini çıxanda əlimizə aldığımız məbləğ bu qədər olur. Onu isə dollara çevirəndə 1000 dollar dəyərində olur. Qazaxıstanda isə deputatların maaşı 2500, Rusiyada 8 min, Çilidə 15 min dollardır”.
Deputat aldığı müavinətdən şikayətlənməsə də, razı qalmadığına da eyham vurdu: “Mən şəhərdəyəm öz mənzilimdəyəm, istirahətimi Bakıda keçirəcəm. Mənim nə şikayətim var, nə də ki, deyə bilərəm ki, o müavinət mənə imkan verir ki, ailəmlə harasa gedib dincəlim”.
Deputat Vahid Əhmədov isə mövzu ilə əlaqədar modern.az saytına açıqlamasında aşağıdakıları bildirib:“Bütün vətəndaşlar kimi bizə də tətilə çıxarkən məzuniyyət pulu verilir. Burda şişirdiləsi nəsə olduğunu düşünmürəm. Söhbət iki aylıq maaşın əvəzinə verilən məzuniyyət pulundam gedir”.
Musavat.com