Müsavat başqanı Arif Hacılının “Xural” qəzetinə müsahibəsində dedikləri məni ötənləri bir daha xatırlamağa və ciddi qərar verməyə vadar etdi. Bir neçə il əvvələdək düşünürdüm ki, bəzi məsələlərə boş vermək lazımdır, keçib gedəcək. Amma görünən budur ki, bizim boş verdiyimiz məsələlər qoc-qocaman partiyanın başında dayanan şəxs üçün keçici deyil, qalıcı imiş.
Bütün bunlara görə də mən Müsavat Partiyasının sonuncu qurultayında namizədlərdən Arif Hacılıya deyil, Qubad İbadoğluna dəstək vermişdim. Demişdim ki, partiyaya yeni nəfəs gəlməsi, təşkilatın xarici aləmlə əlaqələrinin gücləndirilməsi baxımından Qubad İbadoğlunun başqan seçilməsi daha məntiqli olardı. Əmin idim ki, bir əsrlik partiyanı idarə etmək üçün birləşdirici fiqur olmaq lazımdır və bu keyfiyyətlər daha çox ikinci namizəddə cəmləşib. Ancaq hörmətli Arif bəyin Məclisə namizədliyimi təkrar irəli sürməklə bağlı təklifinə müsbət cavab verməməyim də partiyanın sabahından yana narahatlığımla bağlı idi. Əslində bu narahatlıq daha əvvəllərdən yaranmışdı – hörmətli İsa Qəmbərin Müsavat başqanlığından gedəcəyi halda təşkilatın zəifləyəcəyini Məclisdəki çıxışımda da demişdim. Hətta bu çıxışımı əsəbi qarşılayanlar da olmuşdu, Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin yadında olar… Qurultaysonrası baş verənlər, Müsavatın ilmə-ilmə sökülməsi, partiyanın aparıcı simalarından bir çoxunun kənara çəkilməsi, xeyli fədakar insanın incik düşməsi, fəaliyyətini dondurması haqlı olduğumu sübuta yetirdi…
Arif Hacılı “2008-ci ildən bu üzə mən “Yeni Müsavat” qəzetinin kursunu Müsavat Partiyasının kursuna uyğun gəlməyən siyasi kurs hesab edirəm” – deyib və aşağılayıcı tonda fikirlər söyləyib. Çox təəssüflər olsun. Müsavat adına yaraşmayan mövqedir. Bu cür sayğısızlıq olmaz. Digər tərəfdən, əgər o, 8 il əvvəldən “Yeni Müsavat”la əlaqəni kəsmişdisə, onda bu qəzetin onu təbliğindən niyə imtina etmədi bu müddətdə? Arif bəy doğrudanmı 2014-cü ilin qurultayından sonra “Yeni Müsavat”ın redaksiyasına ziyarətini və orada dediklərini unudub? Unudubsa, xatırlayaq: “Bizə də “Yeni Müsavat”dan yaxın olan hər hansı bir mətbuat orqanı yoxdur. Ona görə də “Yeni Müsavat”a dəyən zərbə həm də Müsavat Partiyasına dəyən zərbədir. “Yeni Müsavat”ın uğurunu uğurumuz, uğursuzluğunu uğursuzluğumuz sayırıq”, -demişdi.
Faktiki olaraq münasibətləri yenidən başlayacağının anonsunu vermişdi. Ancaq cəmi yarım il sonra bu sətirlərin müəllifinə “artıq “Yeni Müsavat”ın nə yazmasının mənimçün əhəmiyyəti qalmayıb” deyən də o idi. Bu sözlərin qarşılığında mən sadəcə susmuşdum, olanları xatırlamağa lüzum görməmişdim. Sadəcə xatırlamışdım ki, “Yeni Müsavat” hətta bütün olanlara rəğmən Müsavatın yeni başqanından ilk müsahibə alan qəzet olub. (“Müsavatın yeni başqanı olaraq bəyan edirəm ki…”)
Müsavat başqanı son müsahibəsi ilə göstərdi ki, artıq münasibətləri qoruyub-saxlamaq mümkün deyil, olanları ört-basdır etməyin mənası yoxdur. Böyük hədəfləri olan heç bir siyasət adamı, rəhbərlik etdiyi təşkilatın illərlə təbliğat ruporu olmuş aparıcı mətbu orqanı ilə bu cür davranmazdı təbii ki. Normalda rəhbərlik etdiyi təşkilatın təbliği üçün “Yeni Müsavat”ın, Musavat.com-un imkanlarından yararlanmalı olan partiya rəhbəri nədənsə sürətlə qəzetlə münasibətlərini bitirməyə üstünlük verdi.
Dediklərindən bəlli olur ki, o, hələ 2008-ci ildən bizi – 10-dan artıq Müsavat üzvünün də işlədiyi “Yeni Müsavat”ı dəftərindən silibmiş. Bəs, bu illər ərzində bizim Müsavatın təbliği ilə bağlı yazdıqlarımız, partiya rəhbərliyi ilə yüzlərlə müsahibələrimiz, seçki kampaniyalarındakı təmənnasız təbliğat işlərimiz, mitinqlərdən reportajlarımız? Bunun qarşılığında “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluna 50 illik yubiley “təbriki” məhz bu sayaq, Əvəz Zeynallının “Qaynar qazanı”ndakı kimi olmalıydı? Axı, o, başqan olarkən “hər kəsi bağrına basacağını” demişdi. Ancaq demə, hörmətli Arif Hacılının “bağrında”kı yer 2008-ci ildən bitibmiş…”
“Sıravi müsavatçılar bilsin ki, onların yerlərinin biri də artıb. İstənilən vaxt buyurub gəlsinlər, dərdlərini desinlər, çayımızı içsinlər. Yəni biz yenə həmin adamlarıq, onların yanındayıq, onlarla bir yerdəyik. Bu fədakar insanların əmrində, xidmətindəyik. O cümlədən də digər oxucularımızın, Azərbaycanı, qəzetimizi sevən hər kəsin…” Bu fikirlər isə Rauf Arifoğluna məxsusdur. 2 fevral 2009-cu ildə, hazırkı ofisimizə köçən günü mənə verdiyi müsahibədəndir. Dediklərinə sadiq qaldı, bu illər ərzində kimsəyə fərq qoymadı, qəzeti hamının üzünə açıq elan etdi, yüzlərlə müsavatçı buyurub gəldi, çayımızı içdi, dərdini dedi. Bundan sonra da belə olacaq…
Bölgədə çox ciddi proseslər gedir. Türkiyədə növbəti çevriliş təhlükəsindən danışılır. Vəziyyətin kritikliyini görən iqtidar və müxalifət öz aralarındakı konfliktlərə son verir, qarşılıqlı şəkildə məhkəmə çəkişmələrinə nöqtə qoyurlar. Azərbaycana qarşı da hər an yeni təhlükəli plan işə salına bilər. Azərbaycanın aparıcı partiyasının rəhbəri isə bu arada “Yeni Müsavat”la “haqq-hesab” çəkməyə qərar verir. “Yeni Müsavat” diqqəti Ermənistanda baş verənlərə yönəldib, milli maraqları önə çəkib hamını birliyə, Qarabağ naminə mücadiləyə səsləməyi əsas hədəfi saydığı bir məqamda müxalifət təşkilatının rəhbəri “silahı”nı qəzetə qarşı tuşlayır.
Nəhayət, ölkədə çox mühüm siyasi hadisə baş verir, Konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq referendumuna sayılı günlər qalarkən Müsavat başqanı diqqəti “Yeni Müsavat”ın təftişinə yönəldir. Az qalır desin çörəyin bahalaşmasına da bu qəzet baiskardır. Heç olmasa bu qəzetdə çalışan Müsavat üzvlərinə belə xətir qoymadan qəzetin “qabırğasına” döşəyir. Bəs, demokratiya, söz azadlığı, daha nələr? İqtidardan tələb etdiklərinə axı, öncə özün əməl etməlisən. Əgər bir partiyada başqanlığa iddia ortaya qoymuş rəqiblər, onların tərəfdarları qısa müddətdə sıradan çıxarıldısa, onda hansısa hakimiyyəti öz rəqiblərinə qarşı təzyiqlərə görə qınamaqda məntiq yoxdur.
Məntiq həm də onu deyir ki, faktiki olaraq Müsavat başqanı bizim kimi düşünənləri rəhbərlik etdiyi partiyanın sıralarında görmək istəmir. Əks təqdirdə müsavatçıların da illərlə əziyyətlərə qatlaşaraq, təhlükələrlə üz-üzə qalaraq çalışdığı media orqanına qarşı bu qədər amansızcasına davranmazdı. Bizlər bu illər ərzində “Yeni Müsavat”la Müsavat Partiyası arasında fərq qoymadıq. Hətta baş redaktorumuz keçən il partiyanı tərk edəndən sonra da “dostlar mən qərarımı verdim, siz də qərar verin” demədi, hər birimizin mövqeyinə sayğılı yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında “Ya Müsavat, ya “Yeni Müsavat” seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi, düz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq.
Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm. Bundan sonra azad jurnalist, heç bir partiya öhdəçiliyi olmayan media mənsubu kimi xalqımızın xidmətində dayanmağı, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün təmin olunması sahəsində çalışmağı daha faydalı hesab edirəm. Təbii ki, partiya rəhbərliyində, sıravi üzvlər arasında kifayət qədər sağlam düşüncəli, əqidəli, Vətəninə, təşkilatına bağlı insanlarımızla normal münasibətlərimiz bundan sonra da davam edəcək. Fədakar müsavatçıların hər birinə uğurlar arzulayıram.
2 avqust 2016-cı il