Загрузка...

img1306318

İrəvanda polis binasının silahlı qrup tərəfindən zəbt olunması ilə başlanan dramatik olaylar pik nöqtəsinə hələ çatmayıb. Hələ ki bir az da əsəb müharibəsi gedir tərəflər arasında. Tərəflər isə Sərkisyan rejimi və terroru əsas mübarizə metodu kimi qəbul edən radikal müxaliflərdir.

Əslində birincilər – hakimiyyətdəkilər də təfəkkürcə və mübarizə üsullarına önəm baxımından ikincilərdən ciddi fərqlənmir. “Qarabağ klanı” təmsil edən iqtidardakı Sərkisyan bandası da, polis binasını ələ keçirib hakim rejimlə ultimatum dilində danışan silahlılar da (onlar özlərini həm də kamikadze hesab edirlər) bir bezin qırağıdır.
Məlumatınız olsun ki, onların hamısı əli günahsız azərbaycanlıların, körpələrin, qadınların, qocaların qanına bulaşanlar, Azərbaycan xalqına qarşı ağır cinayətlərə və vəhşiliklərə imza atanlar, ərazilərimizin işğalında, Xocalı soyqırımında aparıcı rol oynayanlardır. Konkret olaraq Sərkisyanın özü – Xocalı hərbi canisi 2008-cil martın 1-də, saxta prezident seçkisindən az sonra İrəvanda etirazçıları gülləboran edib, bu dəfə öz xalqına qarşı qətliam həyata keçirərək, 8 nəfərin meyiti üzərindən hakimiyyəti ələ keçirmiş kriminal birisidir.

Necə deyərlər, indi daş qayaya rast gəlib. İndi onun özü hakimiyyətə gəldiyi üsulla da getmək aqibəti ilə üzləşib. Belə perspektiv isə istisna olunmur. Ən azı ona görə ki, ortada təcrübə var. Ona görə ki, Ermənistan adlı marionet dövlətdə siyasi mübarizədə zor, siyasi və fiziki terror çoxdan adiləşib.

1999-cu il oktyabrın 27-si olayını yada salmaq kifayətdir. O zaman Unanyan adlı birisi (türmədə müəmmalı şəkildə ölüb) avtomatla Ermənistan parlamentinin iclas zalına daxil olaraq parlamentin spikerini, baş naziri və neçə-neçə digər tanınmış siyasi xadimi, deputatı güllələmişdi. Terror olayının üstü indiyədək açılmayıb. Demək, təkrarlanma ehtimalı qalır. Bunu da qeyd edək ki, o zaman prezident kürsüsündə Sərkisyanın Xocalıdakı cinayət ortağı Robert Köçəryan idi.
Yəni “İlanın ağına da lənət, qarasına da”. Ən idealı o olardı ki, düşmən məmləkətdə qarşı duran iki terror dəstəsi bir-birinə qırmağa qalxardı. O zaman onların qurbanları olmuş soydaşlarımızın ruhu bəlkə bir az rahatlıq tapardı…

Düzdür, son günlər belə fikir də səslənir ki, guya İrəvandakı qarşıdurma Sərkisyanın Qarabağa görə, hakimiyyəti əldə saxlanmağa hesablanmış bir oyunudur. Ancaq bu versiyaya inanmaq çətindir. Hər necə olmasa, qarşıdurmada artıq bir polis zabiti – alay komandirinin müavini öldürülüb, onlarla yaralı var, kifayət qədər qan tökülüb. Üstəlik, qiyamçıların iki əsas şərtindən biri silahdaşları Səfilyanın azadlığıdırsa, ikincisi – Serj Sərkisyanın istefasıdır. Bu oyundursa, gərək ki, istefa tələbi qoyulmayaydı.

Sərkisyan isə hakimiyyət naminə nəyə qadir olduğunu ən azı bir dəfə – 2008-ci ilin martında sübut edib. O yeri gələndə kreslo naminə müxalifyönlü tanınmış erməni ziyalılarını zibil qutusuna da atdıra bilər. Necə ki, yazıçı-publisist və ictimai xadim Vardges Qasparinin başına srağagün məhz belə bir olay gəlib.

“Məni tutdular, zorla polis səddinin arxasında dayanmış maşına soxdular. Polis idarəsinə gətirdilər. Orada məni məcbur etmək istədilər ki, nümayişçilərə qarşı böhtanlar, yalanlar yazım. Bundan başqa, polislər məni sözün həqiqi mənasında alçaldır, təhqir edirdilər. Belə ki, əllərini yumağa çıxır, qayıdarkən yaş əllərini mənim paltarıma silərək qurulayırdılar… Onlar məni idarənin yaxınlığındakı zibil qablarının içərisinə atdılar. Bəli, məhz içərisinə… Onu da xatırlayıram ki, polislər idarəyə gətirdikləri digər fəalları da incidir və ələ salırdılar, xüsusən də yaşlı insanları” – Qasparini deyib.

Öz xalqının tanınmış nümayəndəsinə qarşı belə alçaldıcı davranışa yol verib də xalqın qəzəbini artıran Sərkisyanın indi guya oyun oynaması ağlabatan görünmür. Bu, oyundursa da, çox təhlükəli oyundur – əlbəttə ki, erməni xalqından ötrü, hakim qüvvənin özündən ötrü.

Azərbaycan üçünsə öz torpaqlarını qaytarmaq üçün əlavə fürsətdir təbii ki. Çünki Ermənistanda istənilən miqyaslı daxili didişmə, vətəndaş savaşı, düşmən ölkənin daha da zəifləməsi sözsüz ki, milli maraqlarımıza tam uyğundur. Bizim xeyrimizə işləyir.