Baltaların vur-həşirlə qalxıb-enməyindən görünür ki, yıxılan var. Bizdə qaydadır, yıxılan olanda baltayla işləyənlər, balta işlədənlər çoxalır.
Təkcə bu balta işlətmək həvəsindən görünür ki, Anadolu türkləri ilə biz gerçəkdən bir millətik. Onlar da yıxılanı baltalamaqda uzman və pərgardırlar, bizdən geri qalmazlar. Məsələn, Fətullah Gülən rəsmən yıxılmış sayılır deyə, Ərzurumdan İzmirə qədər bütün ölkədə balta səsindən qulaq tutulur, əli balta tutan cumur Gülənin üstünə. Adə, vurrey!
Hətta əlibaltalıların içində minlərlə elə adam var ki, dünənə qədər Gülənin əlini öpür, parlamentdə onu müdafiə edirdilər. Deputatlar, nazirlər vardı, “hoca” deyib, “möhtərəm” deməyənə “kafir” deyirdilər. Dünənə qədər Fətullah hocaya xoş getsin deyə jurnalistləri tutdurub içəri qoyduranlar bu gün ona acıq getməi jurnalistləri tutdurur, qəzet bağlatdırır, telekanal qapatdırırlar və s.
“Telekanal qapatdırırlar” deyəndə hesab etməyin ki, ANS-i nəzərdə tuturam. Xeyr, ANS-n qapadılmasının səbəbi başqa şeydir, bildiyimizə görə. Hoca əfəndi ilə bağlı deyil.
Ancaq “bu ölkədə yıxılanı baltalayırlar” deyərkən ANS-i nəzərdə tuturam. Çünki bu saat yıxılan odur və sosial şəbəkələrdə, mətbuatda məhz onun şaqqalanması, qol-bud edilməsi ritualı gedir.
Açığı, heç biz də azacıq aşın duzu deyilik, yıxılan görəndə özümüzü axlaya bilmirik. Amma bizim bağlanan telekanalla, qəzetlə, agentliklə-filanla işimiz olmaz. Yazarıqsa da, xeyirlərinə yazarıq. Ən maraqlısı nazirlərin, komitə sədrlərinin, başqa yüksək mənsəblilərin yıxılmasıdır. Onlar yıxılanda yüksəkdən yıxılırlar deyə, səsi bərk çıxır. Üstəlik, onlar özbaşına yıxılmırlar, kimsə torbaya, çuvala salıb aşağı itələyir, ya da dalından təpiyi qoyurlar, üzü aşağı dığırlanır.
Ondan sonra iş bizə düşür. Demirəm ki, belə yıxılanları baltalamaq savab işdir. Amma onların vaxtilə törətdikləri əməlləri, çıxartdıqları pəstəhaları, qol qoyduqları iştəkləri nəzərə alanda, görürsən ki, buynuzsuz qoçun qisasının buynuzluda qalmaması baxımından qudurğan yıxılanlara balta ilə yanaşmaq vacibdir. Eh, ortaya nələr çıxır, nələr.
Düzdür, yıxılanların qohumları da bizi baltalayır, dəhrələyirlər, amma onlar haqsızdır. Çünki xalqın malını yeyə-yeyə, üstəllik, millətə acıq verəni dik gəzərkən baltalayıb böyrü üstə qoymaq, daha sonra budamaq bizim işimizdir. İndiyə qədər çörəyini namusuyla qazanan bir nəfərə belə baltamız qalxmayıb.
Ona görə də gərək baltalananlar və onların qohumları inciməsinlər. Baltalanmaq istəmirsən, vaxtında adam ol, dürüst ol, mərdiməzar, haramxor olma.
Bununla belə, ANS-in baltalanması heç ürəkaçan deyil. Bəziləri deyirlər ki, ANS də vaxtilə çoxlarını baltalayıb. Ola bilər. Amma yenə də bir media orqanının yıxılandan, əlindəki balta yerə düşəndən sonra baltalanması birtəhər görünür.
O gün biri ANS barədə yazımıza şərh yazıb ki, bu gündən biri də sizin var. Bizim – yəni “Yeni Müsavat” qəzetinin.
Hiss olunur ki, adam nəsə əlimizdən yanıqlıdır. Kim bilir, onu nə vaxt, necə yaralamışıq. Ola bilər ki, əlimizdəki ovxarlı balta qəfildən bunun ayağının üstünə düşüb, yaxud hansısa müxbirimiz bilmədən baltanın küpü ilə onun alnından vurub. Hər şey ola bilər. Səbəbsiz olmaz yəqin ki. Hər nədirsə, adamın ülvi arzularından biri məhz “Yeni Müsavat”ın lisenziyasının əlindən alınmasıdır.
Amma burası da var ki, zamanında bizi çox baltalayıblar. Yabalayanlar da olub. Arada dəryazlamaq istəyənlər də olurdu, birtəhər əllərindən çıxırdıq.
Bilməyənlər üçün deyim ki, heç kəsin ağlı “vurulan” nazirlərə, oliqarxlara-filana getməsin. Onlar yıxılanda və baltalananda, tamam sıradan çıxırlar, odunluq olub gedirlər. Media orqanları isə təzədən tut ağacı kimi pöhrə verir, üzüm tənəyi kimi daha da qol atırlar.
Bu baxımdan media qurumu ilə intriqa aparmaq, ona kin bəsləmək absurd işdir. Bu ölkədə yüz minlərlə insanın son ümid yerinin ANS və ya qəzetlər olduğu vaxtlar olub.
Ümid yerlərinizin baltalanmasına sevinməyin! Acığınız tutanda söyün, amma “əcəb oldu” deməyin.