İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis etirazçıları ərazidən sıxışdıraraq çıxarıb. İlkin məlumatlara görə, xəsarət alanlar var.
Silahlı qrup tərəfindən zəbt edilən post-patrul alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb.
****
İrəvanda nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, silahlı qrupa dəstək aksiyasının üzvləri zorla binanın ərazisinə daxil olmaq istəyib.
Polis etirazçılara qarşı tüstü qumbarasından istifadə edib. Hazırda toqquşma müşahidə olunmasa da, ərazidə vəziyyət gərgin olaraq qalır.
* * * *
İrəvanda silahlı qrupa dəstək aksiyasının üzvləri polis alayının binasınadək yürüş keçirməyi qərara alıblar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mitinqə tərkibi genişləndirilmiş etiraz aksiyalarının keçirilməsi üzrə Koordinasiya Şurası rəhbərlik edir.
Bundan əvvəl polis zəbt edilmiş alayın ətrafında aksiya keçirilməsinin qeyr-qanuni olduğu barədə xəbərdarlıq edib. Alayın binası polis tərəfindən mühasirəyə alınıb.
***
İrəvanda nümayişçilərlə polis arasında baş verən toqquşma zamanı “Azadlıq” radiosunun əməkdaşları zərər çəkib.
“Report” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu (“Azatutyun”) məlumat yayıb.
Məlumata görə, radiostansiyanın ərazidə çəkiliş aparan əməkdaşları Karlen Aslanyan və Ovannes Movsisyan mülki geyimli şəxslər tərəfindən döyülüblər.
***
İrəvanda polisin etirazçılara qarşı səs və tüstü qumbaralarından istifadə etməsi nəticəsində yaşayış evi yanıb
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ərazidə həmçinin qaz kəməri zədələnib.
Nümayış dağıdılan zaman “Azadlıq” radiosunun iki əməkdaşı döyülüb, Rusiyanın “Life” telekanalının operatoru daxil olmaqla daha üç mətbuat nümayəndəsi müxtəlif dərəcəli xəsarət alıb.
***
İrəvanda baş verən toqquşmalar nəticəsində 30 nəfər xəsarət alıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.
“İlkin məlumata görə, son hadisələr zamanı təxminən 30 nəfər xəsarət alıb. Yaralıların dəqiq sayı müəyyənləşdirilir”, deyə A.Aytayan bildirib.
Qeyd edək ki, müxtəlif məlumatlara əsasən bu axşam İrəvanda baş verən toqquşmalar nəticəsində 50 nəfər polis tərəfindən saxlanılıb.
***
İrəvanda silahlı qrupun zəbt etdiyi post-patrul alayının binası ərazisindən açılan atəş nəticəsində polis əməkdaşı yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.
“Post-patrul alayının ərazisindən açılan atəş nəticəsində bir polis əməkdaşı yaralanıb. O, xəstəxanaya yerləşdirilib”, A. Aqaronyan özünün “Feysbuk” səhifəsində yazıb.
Bundan əvvəl A.Aqaronyan bildirmişdi ki, hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, post-patrul alayının ərazisində olan silahlı qrup vaxtaşırı atəş açmaqda davam edir, polis cavab atəşi açır.
***
Nork xəstəxanasında polis əməkdaşları Yerevan Şəhər Şurasının üzvü Davit Sanasaryanı döyüblər.
Mitinq zamanı “İrs” partiyasından millət vəkili Armen Martirosyan da həbs olunub.
Şahidlərin sözlərinə görə, həbsdən əvvəl deputatı polis generalı Levon Yeranosyan şəxsən döyüb.
Yerevanda polis müxalifətin nümayişini dağıdıb.
Bundan sonra Yerevanın küçələri polisin gücləndirilmiş dəstələri ilə mühasirəyə alınıb.
***
İrəvanda toqquşmalar nəticəsində yaralananların sayı 60-a çatıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan özünün “Feysbuk” səhifəsində yazıb.
“Xəsarət alanlardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir. Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı hazırda əməliyyat olunur. Xəsarət alan digər 4 polis əməkdaşının vəziyyəti qənaətbəxşdir”, A.Aytayan qeyd edib.
***
İrəvanda iyulun 30-a keçən gecə baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.
Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.