15 iyul çevriliş cəhdinin arxasında ABŞ-ın durması iddiaları var. Bu xüsusda hər ağızdan bir avaz gəlir. ABŞ-ın əzəli rəqiblərinin əlinə yaxşı arqument keçib.
Tərs kimi, bu məsələdə hər şey dünya hegemonunun əleyhinədir:
1. Hərbi çevrilişin təşəbbüsçüsü kimi adı çəkilən şəxs – Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatında xüsusi qorunan malikanədə yaşayır və şəxsən ABŞ tərəfindən himayə olunur.
2. Hərbi çevrilişdə iştirak edən generallar ABŞ-ın liderlik etdiyi NATO-nun güclü bir ölkəsinin generallarıdır.
3. Hərbi çevrilişə NATO-nun Türkiyədəki bazası İncirlikdən də müdaxilə edilib.
4. ABŞ siyasiləri Fətullah Gülənin ekstradisiyası məsələsində ikibaşlı çıxışlar ediblər.
5. Türkiyədə dövlət çevrilişindən əvvəl və sonra ABŞ-ın aparıcı siyasi xadimləri prezident Ərdoğanın siyasətindən məmnun olmadıqlarını dilə gətiriblər.
6. ABŞ-ın xarici siyasətinin daimi dəstəkçiləri olan Avropa ölkələri (İngiltərə, Belçika, Almaniya) bir sıra qərarlarında Türkiyəyə qarşı olduqlarını, xüsusilə də prezident Ərdoğanın hakimiyyətdə kənarlaşdırılmasının tərəfdarı olduğunu gizlətməyiblər.
Bütün bunları nəzərə aldıqda belə çıxır ki, prezident Ərdoğanın, eləcə də AKP hakimiyyətinin süqut etməsində ən maraqlı xarici qüvvə ABŞ-dır və ondan başqa heç kəs hərbi çevrilişə dəstək verə bilməzdi.
Hərbi çevrilişə qatılan general və polkovniklərin dini lider Fətullah Gülənlə əlaqələri üzə çıxdıqdan sonra ortaya bir kəskin sual da çıxır: bəs gecə-gündüz ABŞ rəsmiləri MKİ-nin total nəzarəti altında olan bir liderin müvafiq fəaliyyətindən necə xəbərdar olmaya bilərdi?
Eyni zamanda ABŞ kimi yüz ildən bəridir dünyanı, üçüncü dünya ölkələrini idarə edən, lazım gələndə hakimiyyətləri asanca dəyişə bilən bir dünya nəhənginin əlinin altında bu qədər geniş qiyamçı hərbçilər kontingenti, ziyalılar ordusu, tərəfdarlar kütləsi ola-ola öz niyyətini həyata keçirə bilməməsi də suallar doğurur.
Hərçənd hər şey ola bilər, həmişə uğurlu olmaq mümkün deyil.
Sadəcə, artıq uzun illər idi ki, ABŞ başqa ölkələrdə hərbi çevrilişlər, siyasi sui-qəsdlər təşkil etmək praktikasına son qoymuş kimi görünürdü və əsasən bir despotun uzun illik hakimiyyətindən cana doymuş xalqlar ayağa qalxıb inqilab edəndə onlara siyasi, bəzən də maddi dəstək verirdi.
Bu baxımdan, onun Türkiyə kimi böyük, qüdrətli bir ölkədə bu sayaq avantüraya qol qoyması o qədər də ağlabatan görünmür. Ancaq bu da qəti hökm deyil. Hər gün böyük sarayların qalın qapılı kabinetlərində çox liderlərin taleyi müzakirə və həll olunur.
Bəs ABŞ Güləni ekstradisiya edə bilərmi? Rusiya olsaydı, əminliklə demək olardı ki, o, öz adamını tələb edən dövlətə verməyəcək. ABŞ isə verər. Çünki ABŞ-ın praktikasında uzun illər ona, onun maraqlarına xidmət edən prezidentləri son anda müdafiə etməmək, yeri gələndə satmaq halları çox olub. İran şahı Rza Pəhləvinin başına gələnlər bunun bariz nümunəsidir. Bu yaxınlarda məlum oldu ki, devriləndən sonra nə ABŞ, nə də İngiltərə şaha yiyə durmaq istəməyiblər.
Elə 3-4 il öncə Misir prezidenti Hüsnü Mübarək devriləndə də ABŞ artıq gözdən düşmüş liderə – öz sadiq adamına qahmar çıxmadı, sakitcə dayanıb devrilməsini gözlədi, daha sonra onun yerinə gələn Mursinin hakimiyyətdən uzaqlaşdırılması prosesinə xeyir-dua verdi.
Hər halda, iflasla bitmiş çevriliş cəhdindən sonra Türkiyə və ABŞ rəhbərliyi arasında soyuq küləklər əsir. Hiss olunur ki, tərəflər tam olaraq açılışmaq da istəmir, daha çox eyhamlarla danışır, yumşaq şəkildə səslənmiş ittihamlara yumşaq cavablar verməyə çalışırlar.
Hücumçu tərəf isə Ərdoğan hakimiyyətidir. Nazirlər ard-arda açıqlamalar verirlər, Obama administrasiyasının hərbi çevrilişindən öncədən xəbəri olduğuna inandıqlarını bildirirlər.
İndi Britaniya mediası yazır ki, bu çevrilişdən sonra Ərdoğan Rusiyanın tərəfinə keçə bilər.
Artıq deyəsən, elə bir proses getməkdədir. Çünki Avropa və ABŞ-a görə öz qədim qonşusuyla, ən ümdəsi müxtəlif növ mallarının böyük alıcısıyla, turistik donoruyla düşmən olan Türkiyə ard-arda həm Avropadan, həm də ABŞ-dan zərbələr yedi.
Bu yerdə istənilən dövlətin rəhbərliyi oturub düşünərdi ki, özünü saymazyana aparan, zaman-zaman dirsək göstərən dostdansa, xeyir gördüyü qonşuyla münasibətləri normallaşdırmaq daha doğru olmazmı.
Bu baxımdan, Qərb siyasətinin çox böyük səhv buraxdığı ortadadır.