Dünən yubileyini qeyd etdiyimiz Rauf Arifoğlu tələbkar müdirdir. Bunun gerçək miqyasını ən çox onunla birbaşa işləyənlər bilər. İndi sizə bir nəzəri nümunə təqdim edəcəm, fantaziyadır, amma həqiqətə söykənir.
Məsələn, ola bilər ki, bir gün Rauf bəyin dostlarından biri ona zəng edər və deyər: “Bəy, deyirlər, Pekində çıxan ”Jenmin Jibao” qəzetində Azərbaycanla bağlı maraqlı bir yazı çıxıb”.
Sizcə, Rauf Arifoğlu nə edəcək? Xəbəri verənə “sağ ol” deyəndən iki saniyə əvvəl (sonra yox ha, əvvəl) Musavat.com-un əməkdaşlarına zəng vuracaq: “Çində çıxan ”Jenmin Jibao” qəzetində ölkəmiz haqda əla bir yazı çıxıb, onu dərhal sayta qoymaq lazım. Təcili”.
Saytın əməkdaşları yazını axtarmaqdaykən Rauf Arifoğludan daha bir zəng gələcək: “Çin qəzeti necə oldu? Tapdınızmı”. Cavabın nə olmasından asılı olmayaraq əlavə edəcək: “Bir az cəld olun, hamı verdi, biz qaldıq”.
Az sonra məlum olacaq ki, həmin qəzet Çin dilində, özü də ieroqliflərlə çıxır. Yəni ağac, çərçivə, kub şəkilləri kimi bir şey.
Əməkdaşlar deyəcəklər, bəy, Çin ieroqliflərini oxuya bilmirik. Rauf Arifoğlunun ilk reaksiyası belə olacaq: “Ay qardaş, bu ieroqlifləri öyrənin də. Bu sizin işinizdir axı. O qədər işçi var saytda, amma heç biriniz Çin dilini bilmirsiz”.
Söhbət burda bitəcəkmi? Xeyr. Baş redaktor götürüb Votsapda yazacaq: “Çin səfirliyindən nömrə bilən varmı?” Elşad Paşasoy dəftərçəsini vərəqləyib uyğun nömrəni tapacaq votsapda yazacaq: “Buyurun, bəy”. Rauf Arifoğlu həmin nömrəni əməkdaşlardan birinə verib təlimatlandıracaq, “səfirlikdən bir yazının tərcüməsinə kömək istə” deyəcək. Çin səfirliyi ilə danışmaq mümkün olsa, ayıq-sayıq çinli əməkdaş gözlərini qıyacaq və burada Çinin dövlət mənafelərinə zidd nəsə olduğunu düşünərək deyəcək: “Bu cür məsələlərlə bağlı mediaya açıqlama vermirik”.
Ancaq bu hələ son deyil. Rauf Arifoğlu Paşasoya XİN-ə zəng edib, Hikmət Hacıyevdən çin dili üzrə mütəxəssis tapmağı xahiş etməyi tapşıracaq. XİN-də hamı ingilisdilli olduğu üçün çindilli tapılmayacaq.
Məlum yazını mütləq Azərbaycan dilinə çevirtditməyi qarşısına məqsəd qoyan baş redaktor hər ehtimala qarşı Mahir Məmmədliyə zəng edəcək, soruşacaq ki, o, Çin dilini bilirmi. Mahir yuxulu-yuxulu cavab verəcək: “Bəy, vallah, içəndə cin dilini də bilirəm, amma çincəni bilmirəm. Vacib lazımdırsa, öyrənərəm”.
Ancaq pəs etmək söhbəti yoxdur: R.Arifoğlu tanışlardan vaxtilə Çində səfir işləmiş Tamerlan Qarayevin telefon nömrəsini, Feysbuk, İnstaqram, Tvitter ünvanlarını tapacaq, onların dördündən də cənab səfirlə əlaqə yaradıb Çin dilində olan mətnlə bağlı kömək etməsini xahiş edəcək.
Məlum olacaq ki, Çində işlədiyi vaxt Tamerlan Qarayevin yanında işləyənlər indi başqa yerdə çalışırlar və cənab səfir özü Çin dilində bilmir.
Yaxşı bəs necə olsun? Bu yazı nəyin bahasına olursa, olsun, Musavat.com-da getməlidir axı. Rauf Arifoğlu ləngimədən köməyə redaksiyanın fövqəladə hallar komissarını – Əlisuvarı çağıracaq və yeni bir tapşırıqla iş başına göndərəcək. Əlisuvar direktor Ələsgərdən pul-para götürərək, 8-ci kilometr bazarı tərəfə gedəcək, orada arayıb-axtaracaq, axırda “üs manat, bes manat” deyə-deyə əllərində britva, güzgü, batareya, qayçı və sair xırdavat satan çinlilərdən 3-4 nəfər taparaq və hərəsinə dörd manat verərək redaksiyaya gətirəcək.
Redaksiyaya gələndə məlum olacaq ki, çinlilərin ikisi əslində uyğurdur və Çin dilində düz-əməlli bilmirlər. Ancaq onlardan ən azı biri əsl çinli çıxacaq. Redaksiyada onu kompüterin monitoru qarşısında oturdacaq, “Jenmin Jibao” qəzetinin saytını açıb, Azərbaycan haqda gedən yazını tapacaqlar. Daha sonra o yazını Transleyt proqramıyla və bizim dildə əzik-pozuq danışan çinlinin köməyi ilə ana dilimizə çevirəcəklər.
Bu prosesin getdiyi vaxtda Rauf Arifoğlu yeddi dəfə saytın otağına zəng edəcək və tərcümə prosesinin necə getdiyi ilə maraqlanacaq, iki dəfə Toğrula, iki dəfə də Turana votsapda “alo, ay oğuuul, bir az tez olun dəə, geri qalırıq axı” deyəcək və ən azı bir dəfə hadisə yerinə gələcək.
Nəhayət, “Jenmin Jibao”da gedən yazı hazır hala gələcək və məlum olacaq o yazı belədir: “Azərbaycanda keçirilən bədii gimnastika yarışında çinli atletlər mükafat qazanıblar”.
Rauf Arifoğlu bir az məyus olacaq: “Hmm, elə bir xəbər deyilmiş, bu qədər əziyyət çəkdik. Amma eybi yox, eksklüziv xəbərdir. Yalnız bizdədir. Başlığın qarşısına EKSKLÜZİV VƏ FOTOLAR yazın, verin”. Yazı sayta verilən anda baş redaktordan zəng gələcək: “Videosu varsa, onu da qoyun”. Sonra daha bir zəng: “Paylaşmağı da unutmayın”.
Çinli gimnastların Bakıda mükafat alması barədə eksklüziv xəbər sayta qoyulandan bir müddət sonra ola bilər, Rauf Arifoğlunun çoxsaylı dostlarından daha biri zəng etsin: “Bəy, İordaniya saytında filan xəbər var”.
Rauf Arifoğlu dərhal əvvəlcə saytın əməkdaşlarına “ərəbcə yazıb-oxuyanınız yoxdurmu” yazacaq və paralel olaraq, hazırda Ankarada olan Kənan Rövşənoğluya yazacaq: “Onlaynsansa, hay ver. Sənlik iş var”. Daha sonra sayta mesaj yollayacaq: “Kənandan yazı gələcək, onu dərhal sayta qoyun”.
Ertəsi gün Rauf Arifoğlu sayt otağına zəng edib soruşacaq: “Çin ieroqliflərini öyrənəniz varmı?”
Bəli, bu dediklərimiz məhz belə olur. Bir az şişirtmə varsa da, bir misqal yalan yoxdur.
Ancaq bir məsələ də var ki, işə bu cür yanaşmayanda birinci ola bilmirsən…