Türkiyə televiziyalarında iki gündür təkrar-təkrar efirə verilən bu təbliğat çarxı Azərbaycanda bunca müzakirəyə səbəb olmaz, sosial şəbəkələrdə bu qədər dartışılmaz, insanları incitməzdi, əgər ortada erməni söhbəti olmasaydı. Kimlər, nə məqsədlə yenə də ermənini ortaya atıb, demək çətindir. “Nə mutlu Türkəm, Lazam, Gürcüyəm… deyənə!” – deyirlər. Olsun, heç bir etirazımız yox! Ancaq “nə mutlu ermeniyim deyənə?!” Bax, bu, olmadı.
Türkiyədə hər kəs bilir ki, erməni mövzusu Azərbaycan insanı üçün çox həssas məsələdir. Ermənidən nə çəkdiyimizi ən azı Türkiyə TV-lərində çalışan həmkarlarımız çox yaxşı bilir. Elə isə bu, nə?!
TRT-dən sonra digər TV-lər də “nə mutlu erməniyəm” deyib də bizi üzdü. Özü də xarabalıqları qalmış Ağdamın işğal günündə!!! Qoy heç “Nə mutlu azəriyəm” deməsinlər, istəmirik də! Çünki biz “azəri” deyilik, Azərbaycan türküyük! Bizləri “unudub” da erməni olmağın mutluluğunu yaşayanlar tək bizə yox, bütövlükdə Türklüyə həqarət etdi.
Videoçarxda deyilir ki, “biz qanımızı, canımızı fəda edərək qurtuluş savaşımızı əl-ələ hamımız birlikdə qazandıq”. Erməni nə zaman əl-ələ verib Türkiyə Cümhuriyyətinin istiqlalının qazanılmasında iştirak edib?! Osmanlı Türkiyəsinə xəyanət edən, onun kürəyinə xəncər saplayan Androniki, onun dəstəsini unutmamışıq axı. Əgər ermənilər türklərlə əl-ələ vermişdisə, onda niyə Osmanlı erməni xəyanətindən cana doyduğu üçün onları köçürməyə qərar vermişdi? ASALA-nın vəhşilikləri nə tez unuduldu? Təkcə 1970-80-ci illərdə bu terror təşkilatı Avropada 42 türk diplomatı qətlə yetirilib. PKK-ya dəstək verən erməniləri də xatırlayaq…
Deyilir ki, bu, 15 iyul hərbi çevriliş cəhdindən sonra 80 milyonluq Türkiyədəki toplumun birləşdirilməsi mesajıdır. Axı, erməni nə zaman gəlib çevriliş etmək istəyənlərin qarşısında çıxdı, gəlib də öldü, yaralandı ki, onlar da siyahıda yer aldı?
Darbə gecəsi bütün Azərbaycanın ürəyi Türkiyə ilə bərabər döyünürdü, üzüntümüzün həddi yox idi, səhəri dirigözlü açdıq. Türkiyə hakimiyyətinin təmsilçiləri, Bakıdakı böyükelçi Azərbaycanın mövqeyindən razılığını dəfələrlə bəyan etdi. Ermənilər isə həmin gecə Türkiyənin Suriyaya dönəcəyini, qan göllərinin yaranacağını həsrətlə gözləyirdilər. Kimsə deməsin ki, söhbət sülhpərvər ermənilərdən, sadə insanlardan gedir və TV-lər də onları nəzərdə tutub. Çocuğu doğulanda qulağına “Türk sənin düşmənindir” deyən ermənilər haqqında da az eşitmədik axı bu illərdə…
Şübhə yox ki, erməni məsələsi daha çox azərbaycanlıların incidilməsinə yönəlib. Çevriliş cəhdinə ən həssas münasibət Azərbaycandan verildi, birmənalı qanuni hakimiyyət dəstəkləndi. Daha Ermənistan rəhbərliyi kimi, “hadisələri izləyirik” deyib nə baş verəcəyini gözləmədi. Türkiyə hökuməti də prezident Ərdoğan, baş nazir Yıldırım başda olmaqla ölkəmizi dünyaya nümunə gətirdi, dəfələrlə təşəkkür etdilər. Və bunun ardınca Azərbaycanda üzüntü ilə qarşılanan “erməni mutluluğu” dövriyyəyə buraxılır. Təsadüf deyil təbii ki…
Bu gün dünyada Türkiyə-Azərbaycan müttəfiqliyinin, qardaşlığının bənzəri olan ikinci nümunə yoxdur. Türk düşmənlərinin təbii ki, gözü götürmür bunu. Ona görə də daim əlaqələrimizi korlamağa çalışırlar. Necə ki, 2009-cu ildə Bursada Azərbaycan bayrağına həqarət edilmişdi. Sonrakı dönəmlərdə də “Bir millət iki dövlət”in arasını vurmaq üçün çox cəhdlər olub. Hadisələri xatırlasaq, kimlikləri məlum olar.
3 il yarım əvvəl, ferval ayında Ankaranın Qızıl Ay meydanında bir türkçü dərnək Xocalı soyqırımı ilə bağlı stendlər qurmuşdu. O zaman təşkilatçılara hücum edən, stendləri qırıb-dağıdanlar “hamımız erməniyik, hamımız kürdük, hamımız Qrant Dinkik” şüarları səsləndirmişdilər.
Elə həmin il Taksim Gəzi Parkına yığışan bir qrup parkın əslində erməni məzarlığı (?-E.P.) olduğunu və bura Hrant Dinkin adını verdiklərini iddia edərək hökumət əleyhinə aksiya keçirmişdilər, yenə də “ Hepimiz ermeniyiz”-deyərək.
Gah ortaya Sürix protokollarını atdılar, gah İqdırın Tuzluca qəsəbəsinin giriş-çıxışına ermənicə “Xoş gəldiniz”, “Yaxşı yol” yazdılar, gah da üzü Ermənistana sarı “dostluq heykəli” qoydular. Nəticə “0″-dır, çünki erməni məkri böyük güclərin qurduğu ssenarilərin müsbət sonluqla bitməsinə imkan vermir. Ancaq iki qardaşı beləcə ürəkbulandıran məsələlərlə bir-birindən ayırmaq istəyirlər.
Hər halda inanırıq ki, qardaş ölkədə bu yanlışın düzəldilməsi üçün gərəkən yapılacaq, türk düşmənləri yenə də zəbun olacaq. Anlamaq gərəkdir ki, ermənini “süddən çıxmış ağ qaşıq” kimi göstərənlər həm də Türkiyəyə böyük pislik edir. Nə qədər ki, dünya erməniləri Türkiyəyə qarşı saxta “soyqırım” davası aparır, Ermənistan konstitusiyasından Türkiyə ərazisinə – Ağrı dağına iddia maddəsi çıxarılmayıb, Qarabağ işğaldan azad olunmayıb, Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmə qarşısında dayanmayıb, “nə mutlu erməni deyənə” demək erməni fitnə-fəsadının qurbanı olmuş yüz minlərin – Azərbaycan torpaqları uğrunda həlak olan Türk əsgərlərinin, Çanaqqalada, Qarabağda şəhid olan azərbaycanlıların ruhunu incitməkdir! Erməni mutlu olur, onların ruhunu incidəndə. Amma erməni toplumu heç zaman Türkiyənin böyüklüyünə, inkişafına, qalib olmasına görə özünü xoşbəxt saymayıb. Bu illər ərzində bircə dəfə 5-10 min erməni Türkiyədə Ermənistana qarşı etiraza qalxıb saxta “soyqırımı”, Qarabağın işğalını lənətləməyib. Çünki mutludurlar…