Dünən Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın Rio de Janeyro olimpiadasında iştirakı məsələsinə baxacaqdı, mən bu yazını yazanda hələ vəziyyət aydın deyildi, ancaq nüfuzlu “Deyli Meyl” qəzeti bütün idmançıların kənarda saxlanacağı ehtimalının böyük olmasından yazırdı.
Əslində doğrudan da Rusiya kimi ölkələrin belə idman yarışlarında iştirak haqqı ləğv edilsə yaxşı olardı, çünki ədalətli idman yarışı anlayışına tamamilə ləkə yaxırlar. Son illərdə onlarla rus idmançısında dopinq aşkar edilib, olimpiadalarda, dünya çempionatlarında aldıqları medallar ləğv olunub. Ancaq bu elə ləkədir ki, onu silmək çətindir. Misal üçün, təsəvvür elə 4 il qabaq olimpiadada sən bir rus idmançı ilə rəqabət aparmısan, o da udub qızıl medalı alıb, sənə isə gümüş düşüb. İndi dopinqə görə onun qızılı ləğv edilib sənə verilsə belə həmin qələbə gününün həyəcanını, himnin oxunmasını-filanı necə geri qaytara bilərsən? Bu baxımdan, dopinq məsələsində ciddi qulaqburmaya ehtiyac var, yoxsa dünya idmanı karikaturaya çevrilib gedəcəkdir. (Onsuz da böyük pullar axandan, korrupsioner dövlət liderləri idmanla piar yapandan bəri dünya idmanı ciddi deqradasiya yaşayır. Elə ən son futbol üzrə Avropa çempionatının “penalti çempionatına” dönməsi, Portuqaliyanın deyəsən cəmi 1 oyun udaraq çempion olması hər şeyi deyir. Hər halda ziyanın yarısından qayıtsınlar).
Rusiyanın idman problemlərinin kökündə isə o var ki, burda idmançıların dopinqlə “gübrələnib” arenalara çıxarılmasının arxasında dövlət özü durub. Putin hakimiyyəti saxtakarlıqla rus idmanının inkişafı görüntüsünü yaratmaq istəyib.
Bənzər problem bizdə də var, misal üçün, “milli” bolqar ştanqistlərimizin olimpiada yolunu dopinqə görə bağladılar. Ancaq biz bundan narahat deyilik. Heç rusların narahatçılığının onda birini də yaşamırıq. Çünki dopinqlə ilişdi-ilişmədi – onsuz adam azərbaycanlı deyil. Biri ilişər, başqasını pulla alıb ölkəmizin adından meydana buraxarıq. Bir ata sözümüzdə deyilən kimi: “Qoy desinlər Qasıməlinin çustu var, Kim nə bilir altı yoxdur, üstü var?”.
Bax, hazırda olimpiada lisenziyası alıb gələn ay Braziliyaya yollanacaq “azərbaycanlı” idmançıların siyahısına baxsanız orda 53 nəfərdən bəlkə heç 20-si düzgün azərbaycanlı deyil. Çoxuna son bir-iki ildə Azərbaycan pasportu verib, milliləşdiriblər. Görüntü üçün. Guya Azərbaycanda idman inkişaf eləyir. Bəzi köhnə binalara alukopon və penoplastdan üzlük çəkdikləri kimi, tənəzzülə uğramış idman sahəsinə də xarici idmançılardan dekorasiya vururlar, üzlük çəkirlər.
Mövzumuza uyğun gələn iki oxucu məktubu var, onları oxuyaq. Tərtərdən Sənan Qayıbov yazır ki, bir gün rayonda toyda “Qarabağ şikəstəsi” sifariş edilir. Xanəndə oxuyub qurtaranda sifarişçi etiraz edir, deyir tam oxumadın. Xanəndə Aşıq Sevindik cavabını belə verir: “Qardaş, Qarabağın bizdə olan hissəsini oxuduq. Daha nə istəyirsiniz?”. Sənan bəyin ehtimalına görə aşıq Lələ təpəyə görə mahnını hələ bir az da uzadıb.
Beyləqandan Vüqar İbişov yazır: “İmişli-Beyləqan- Ağcabədi yolunu getsəniz və ya elə Beyləqanın daxili yollarını görsəniz paytaxtda olan Formula-1 yarışlarının burdan heç vaxt getməsini istəməzsiniz. Burada olduğunuz üçün özünüzü çox şanslı sanarsıznız. Hələ camaata verilən elektrik enerjisi 220 v haqqı alınsa da heç 150 v işıq verilmir. S.İmrəliyev küçəsində vəziyyət daha acınacaqlıdır. İşıq xətləri sovet qurulanda çəkiləndi. Bir transformator illərdi dəyişmədiyindən lazımı kv ötürə bilmir.
Heç bir elektrik avadanlığı normal işləmir. Azərsu hər evə smartkartlı sayğaclar qursa da su gün ərzində 1 saat verilir- 12.00-13.00, gərək bir nəfər evdə naryada dursun ki, içməli su ehtiyatı yığsın.
Camaatın heç bir şikayətinə də baxılmır. Təşkilatlar bir-birinin üstünə atmaqla problem həllsiz qalır. Səngərli Beyləqan yollarının və calaq-valaq işiq xətlərinin görüntüsünü bura qoymaqda sadəcə utandım, utandım ki bunu kimsə götürəcək və dünyanın hər yerinə yayılacaq ki, Azərbaycanda – Beyləqanda yol nə gündədir, xətlər nə gündədir. Sadəcə utandırıcıdır. 100000-ə yaxın əhalinin yaşadığı bir bölgədə adi yol, işıq problemi həll olunmadı…