Təxminən 20 il öncəydi, rayonda yaşayan bir yaxın qohumun 14 yaşlı oğlu Bakı Özəl Türk Liseyinə (BÖTL) qəbul olunmuşdu, liseyin yataqxanasında qalırdı, necə deyərlər, yatılı oxuyurdu.
Yad şəhər, yeniyetmə oğlan. Vacib idi ki, həftədə bir, ya iki dəfə BÖTL-ə baş çəkim, qohumun vəziyyəti ilə (təhsili, yaşayışı) maraqlanım. Gedirdim, hər dəfə qəbul otağında təmiz tünd kostyumlu, mavi köynəkli, tünd qırmızı qalstuklu, saçı qısa və səliqəli vurulmuş, üzü təraş edilmiş, gülümsər çöhrəli türk (yəni Türkiyədən gəlmiş) hocalarla rastlaşırdım. Görünür, onlar qəbul otağında növbə ilə çalışırdılar. Hocalara kiminlə görüşəcəyimi deyən kimi, onlar mənə divanda, kresloda yer göstərir, çay, qəhvə, su təklif edir, daxili telefonla qohumumu “müsafiriniz gəlmiş” deyə çağırırdılar. Olduqca mehriban idilər, hər kəsdə rəğbət oyadacaq hərəkətləri, danışıqları vardı.
Onlarla sağollaşıb çıxandan sonra adam küçədə, ictimai nəqliyyatda, hansısa dövlət strukturunda öz insanlarımızın davranışı ilə rastlaşanda arada nə qədər fərq olduğunu görür, sarsılırdı. Sonradan Türkiyəyə gedib-gələn bir neçə nəfərlə bu xüsusda söhbət edən zaman onlar dedilər ki, sən bu türk hocalara baxma, onlar fərqlidir, ümumi götürəndə bizimlə Anadoluda, İstanbulda yaşayan türklərin arasında fərq yoxdur, biz necə mədəniyiksə, onlar da elədir, biz hərdən nə qədər əsəbi və kobud oluruqsa, onlar da elə olurlar.
Bəs bu “fərqli türklər” hardan gəlmişdilər, kim idilər? Bunu çox sonralar öyrəndik, bildik.
Ancaq ona qədər bir dəfə də türk hocalarla yeniyetmə qohumumun valideynlərinin rayonda təşkil etdiyi məclisdə görüşdüm. İki nəfər idilər. Yaş 33-35. Geyim, obraz yuxarıda təsvir etdiyim kimi. Üzlərindən nur yağırdı. Masanın üstündə spirtli içki də vardı. Əl uzatmadılar. Ordan-burdan, siyasətdən söhbət elədik. Süleyman Dəmirəlin prezident, Tansu Çillərin baş nazir olduğu dönəm idi. Onlardan söz düşdü. Qonaqlarımızın incə şəkildə, ehtiyatla dilə gətirdikləri fikirlərdən belə anlaşıldı ki, bu adamlar Türkiyə üçün xeyirli iş görmürlər. Məsud Yılmazı bəyənmədiklərini də bildirdilər. Hüsaməddin Cindoruk, Alparslan Türkeş, Bülənt Ecevit, Dəniz Baykal və digərlərinə də isti yanaşmadıqları aydın oldu.
Daha söhbəti çox dərinləşdirmədik. Düşündüm ki, bunlar siyasəti sevməyən, özlərini təhsilə həsr etmiş, müstəqil maarifpərvərlərdir.
Üstündən illər keçdi, ölkəmizin hər tərəfində BÖTL kimi təhsil ocaqları yaradıldı və bu şəbəkə böyüdükcə böyüdü.
Açığı, bu şəbəkədə təhsil alan şagirdlərlə bizim Təhsil Nazirliyinin balansında olan orta məktəblərin şagirdləri arasında çox fərq vardı. Bizimkilərin ən yaxşı oxuyanları ingilis dilini orta səviyyədə bilirdilərsə, BÖTL (və bu kimi məktəblərin) şagirdləri ingilis dilində çox hazırlıqlı idilər. Üstəlik, həyat elmlərini yaxşı bilirdilər, dini, tarixi, fəlsəfi bilgiləri yüksək səviyyədə idi. Təsəvvür edin ki, 15-16 yaşlı uşaqlar cəmiyyətin, dövlətin nə cür idarə edilməsi mövzusunda adamla saatlarla mübahisə apara bilirdilər.
Bəlli olurdu ki, hocalar bu uşaqları gerçəkdən də yetişdirirlər, ciddi şəkildə elm, savad verirlər. Təsadüfi deyildi ki, test imtahanlarında ən yüksək nəticəni – 700 balı toplayan abituriyentlərin yarıdan çoxu o məktəblərin məzunlarıydı.
Bu təhsil şəbəkəsinin dini təriqətlə bağlı olduğu barədə söhbətlər sonradan çıxdı. Amma yenə inanmaq çətin idi. Çünki indiyəcən tanıdığımız dini təriqətlər elmə, təhsilə qarşı olmalarıyla fərqlənirdilər, ən populyar ritorikaları “hər şey Quranda yazılıb” idi. Bunlar isə dünyəvi elmləri uşaqlara ən incəliyinə, dərinliyinə qədər öyrədirdilər. Həm də bunu elə bir incəliklə edirdilər ki, bu cür elmi biliklər normalda şagirdləri ateizmə yuvarlatmalı olduqları halda, belə olmurdu, məzunlar həm son dərəcə savadlı, həm də dinə meylli olurdular.
O zaman Fətullah Güləni çox adam tanımırdı, bu məktəblərin ona məxsus olduğunu, nə məqsədlə yaradıldığını bilmirdi. İnsanlar övladlarının dərin savad almasını istəyirdilər və buna nail olurdular.
İndi vəziyyət çox fərqlidir. Bütün kartlar açıq şəkildə ortadadır. F.Gülənə, onun rəhbərlik etdiyi dini icmaya münasibət dəyişib, onları qanundankənar elan ediblər. Onun icmasının yarıleqal loja, məktəblərinin isə dövlət rəhbərliyini ələ almaq üçün təlim-tədris bazaları olduğunu bildirirlər.
Bu yazıyla tərəfə çevrilib kimin haqlı olduğu barədə hökm vermək fikrində deyiləm. Amma burada yer alan fikirlərdə bir misqal yalan olmadığını imzamla təsdiq edirəm.
Keşkə o üzü nurlu hocalar heç siyasətə qarışmasaydılar, maarifçi olaraq qalsaydılar…