Bəxtə, taleyə baxın, adam ömründə bir dəfə toy eləsin, o da gəlsin, türkün sözü, darbə girişimi günlərinə, fövqəladə vəziyyət (OHAL – Olağanüstü hal) rejiminə düşsün, polis məmuru olan bəyi görəv başına çağırsınlar, gəlin də toyun ortasında tək qalsın, bəy-gəlin rəqsini öz qardaşıyla oynasın.
Bu hadisə Türkiyədə olub və qəzetlərin manşetlərinə düşüb, telekanalların xəbər bülletenlərində yer alıb.
Hələ məcburiyyətdən öz toyuna skayp vasitəsilə qatılan bəyin sözlərini utanmaz-utanmaz efirə verirlər, o da deyir, eybi yox, ayın 26-da ikinci toyda (güman ki, qız toyunda, ya da oğlan toyunda) mütləq iştirak edəcək.
Təbii ki, bu işin baş verməməsi üçün gərək ölkədə yeni darbə girişimi olmasın. Olsa, bəy yenə hansısa kazarmada, qışlada yatacaq.
Hərçənd bu qədər pəstəha çıxarıb bunu bütün Türkiyəyə, eləcə də dünyaya göstərənəcən, müstəsna hal kimi o polis bəyə icazə vermək olardı ki, getsin öz toyunda iştirak eləsin, təzə gəlini toyda tək qoymasın.
Yox, yox, olmaz. Fövqəladə vəziyyətdir, hamı işinin başında olmalıdır, dövlətçilik əldən gedir, vəsf zamanı deyil, afət, öncə vatan.
İndi birdən işdir, oldu, qəfildən bir gözlənilməz olay baş verdi, təzəbəy olmağa hazırlaşan polis məmurunun ayağından, çiynindən (daha pis ehtimalları kənara qoyuram) güllə dəydi, onda bütün dünya bu hadisədən danışmayacaqmı? Vallahi, hər kəs o məmurun rəisinin dədəsini dalına şəlləyəcək ki, toy günündə bəyi gəlindən ayırmaqla böyük bir mərdiməzarlıq edib. Müqəddəs Valentin sevən gəncləri qovuşdurmaq üçün canını fəda etsin, sən gəl özləri qovuşmaqda olan gəncləri ayır ki, bəs ölkədə yönətimə əl qoya bilərlər. Yönətim yeridirmi, arkadaş, adam zor-bəla evlənməyin yöndəmini öyrənmişdi, çağırdın apardın kazarmaya.
Əlbəttə, deyilə bilər ki, bundan daha pis variantlar da var, məsələn, o qədər adam həyatını itirib, minlərlə subay (öz türkcəmizdə) əsgər – ərlər və subaylar (Anadolu türkcəsində) tutulub və onlara 10-15 il iş verəcəklər, yaxın müddətdə kimisə alıb ər ola bilməyəcəklər, olsalar da türmə hücrəsində olacaqlar. Amma Allah kəssin türmədə toy eləyib evlənməyi. Camaat toy edən kimi ən azı bir həftəlik bal ayına gedir, türmədə balanda yeyə-yeyə bal ayı keçirməkmi olar?
Bax, bu saat qardaş ölkədə vəziyyət o dərəcədə mürəkkəbdir. Heç demə, prezident hərbi çevriliş cəhdini öz yeznəsindən öyrənibmiş. Yeznə də ayıq-sayıq adam olmasaydı, əndişələnib qaynına hansı vasitəyləsə, türkün sözü, ulaşmasaydı, ondan sonra qiyamçı hərbçilərin səs-səsə verib ulaşmasını görərdiniz. Darbəçilər AKP hökumətinə elə bir toy tutardılar ki, toyunda gəlini tək qoymuş polisin toyu muştuluq olardı.
Hərbi qiyam, fövqəladə vəziyyət rejimi görməyənlər bilməz, adamı evinin bir addımlığında saxlayıb deyirlər, bu küçədə gəzməkdə məqsədin nədir. Deyirsən, evim burdadır, evimə gedirəm. Tüfəngin qundağıyla çiynindən bir zərbə tutuzdururlar, tirlənirsən asfalta, götürüb tullayırlar maşına, FV rejimində dövlət məmuruna müqavimət adıyla aparıb basırlar qarnizonun haupvaxtına.
1988-ci ildə ölkəmizdə elan edilmiş FV rejimi və komendant saatı zamanında rayondan Bakıya toya gəlirdim. Qaradağda rus hərbçilər avtobusumuzun qabağını kəsdilər, salona daxil olub, başladılar bizi bir-bir yoxlamağa. “Pasport, 16 aç” deyirdilər, yəni pasportunuzun 16-cı səhifəni gəstərin. Hamı açıb göstərirdi. Növbə mənə çatanda dilim dinc durmadı, dedim: “Eto, naverno prostaya formalnost, da?” Elə bunu demişdim, məni dartıb saldılar aşağı ki, getməliyik komendaturaya. Sanki FV rejimini pozmuşam. Avtobus əhli töküldü aşağı. Ağsaqqallar, qarasaqqallar. Bir tələbə qız gəlib yapışdı qolumdan, dedi, qoymaram qardaşımı aparasınız. Bir neçə orta yaşlı adam da hərbçilərə yalvar-yapış elədilər, zor-bəla məni rus “voyenni”lərin əlindən qurtardılar. Yoxsa dirəşmişdilər ki, net, on (yəni mən) oskorbil voyennıx…
Dediyim odur ki, FV rejimi sizə zarafat gəlməsin, adamı bir ehtiyatsız hərəkətinə görə güllələyə, bir sözünə görə həbs edə bilərlər.
Söhbət hardan gəldi, hara çıxdı. Gün o gün olsun ki, qurtarsın dava, məmur da qayıdıb girsin gərdəyə… (Qafiyə düz gəlmədi, amma cəhənnəmə gəlsin, əsas məsələ odur ki, salamatçılıq olsun).