Konstitusiyaya yeni dəyişiklik projesində prezidentlik müddətini 7 il eləmək fikirləri var. Bunu əsaslandırmağa heç bir ehtiyac yoxdur, dünənki yazımda qeyd elədiyim kimi, hər şey əlahəzrətdən asılıdır: istəsə ömürlük olar, biz nə deyə bilərik?
Ancaq Molotov kokteyli ilə Kiyev kotletini qarışdıran məşhur deputatxana üzvümüz Səyavuş müəllim – onu tam əsasla Azərbaycan parlamentarizm tarixinin siması saymaq olar, çünki yalan olmasın, 25 ildir deputatdır – təklifi şərh eləmək istərkən quş buraxıb. Deyib Fransada da prezidenti 7 illik seçirlər, bizdə niyə olmasın?
İşin yaş tərəfi odur ki, Fransa prezidenti 7 illiyə seçmək qanununu 2002-ci ildə ləğv eləyib, o vaxtdan bəri Fransa prezidentləri 5 illik seçilir. Əlbəttə, Səyavuş müəllim “Fransada kral Lüdovik rəhbərdir, bizdə də kral olsun” deyə bilərdi, bizim etirazımız yoxdur. Ancaq bizim şanlı AMEA Səyavuş müəllimə bu biliklərinə görə siyasət elmləri doktoru adı veribsə, bir az xəcalət çəkməlidir. Çünki bu savadla Səyavuş müəllim siyasi elmlər akademiki olmalıydı. Neynək, hələ vaxt var. Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir.
Müstəqillik demişkən, dünən Qafqaz Universitetini də bağladılar. Ərdoğanın xoşuna gəlməyən qüvvələrin yaratdığı və işlətdiyi nə varsa bağlanacaq. Əgər ANS kimi üzü üzlər görmüş telekanal bu qovğadan sivişib çıxa bilmədisə, vay qalanların halına. Görün təzyiqlər hansı səviyyədədir. Dəli şeytan deyir bəlkə bizim konstitusiya da Ərdoğanın göstərişi ilə dəyişdirilir? Nə biləsən. Biri zəng vurub torpaq davamızı yatızdırır, başqası kimdən intervü alacağımıza göstəriş verir, üçüncüsü də gəlib Kərbəlayının sözü olmasın, deyəcək ver papağını, qoyum başıma. İmkan verməzlər üçrəngli bayrağımızla məsud yaşayaq.
Qafqaz Universitetinin bağlanmasına hansı səbəb göstərəcəklər, nə bəhanə tapılacaq, maraqlı deyil. Maraqlı olan odur ki, əgər bu universitet ölkənin ən reytinqli, babat məktəblərindən biri idisə, öz xərcini-borcunu ödəyirdisə niyə bağlandı? Bəs indi Türkiyəni Azərbaycanla birləşdirən nə qalıb? 90-cı illərdə pis-yaxşı qoyulmuş beş-on türk sərmayəsi də çəkilib gedibsə, indi Azərbaycan-Türkiyə münasibətlərini neftin qiyməti düşəndən bəri mənəvi baxımdan deşilmiş Bakı-Ceyhan kəmərindən özgə nə ifadə edir? Əlbəttə, bizim yapistlərin İzmir bölgəsində-filanda bəzi yatırımları var. Əlbəttə, neftxudalarımızın Quşadasında, Bodrumda villa kompleksləri tapılır arada. Ancaq bunlar dövlət, xalq bağlantıları sayıla bilməz. Dövlətlər arası münasibətlərin ən dəyərlisi təhsil sektorunda əlaqələrdir. Kitab, media bağlantılarıdır. Dildə, mədəniyyətdə birlikdir. Bunu məhv elədilər. Türkiyə-Azərbaycan yaxınlaşmasını yenidən dönər-neft əlaqəsinə döndərdilər.
Əlbəttə, mən Qafqaz Universitetinin sudan çıxan ağ qaşıq olmasına iddia etmirəm. Ümumiyyətlə, Azərbaycan kimi ölkədə hansısa universitetdən danışmaq gülüncdür. Universitet elm, fikir, müstəqil düşüncə, azad dünyagörüşü, sərbəst gənclik mühitidir. Bizdə bunların heç biri yoxdur. Universitetlər gənc beyinləri ət maşınından keçirib yapizm üçün kotlet qayıran kombinatlar kimi bir yer idi.
Bir anekdotdan parafraz eləsək, kolbasanı bu yandan salırdın, o yandan donuz çıxırdı. Ancaq ictimai sektorda tanıdığımız beş-altı müstəqil düşüncəli insanın oranı bitirməsi Qafqaz Universiteti üçün təəssüf eləməyimizə səbəb olur. Həm də istənilən ən pis məktəb belə başqa obyektdən işıqlıdır. Məktəb bağlanan yerdə cəhalətin ağzı açılır. Təhsil zülmətə dönəndə qorxu dikəlir. Sizcə Əfqanıstan və Pakistandakı dini terrorçular təhsil almaq istəyən gənc qızların üzünə turşunu təsadüfənmi atır? Yox. Onlar bilirlər ki, təhsil nuru çoxalanda vampirlər kimi külə dönəcəklər. Azərbaycanda universitet bağlayan “təfəkkürlərin” həmin talibançılardan heç bir fərqi yoxdur.