Rəhbərlik konstitusiyaya dəyişiklik etmək istəyir, xalqımız da bundan çox məmnundur. İlk növbədə belə bir ana qanunu olmasını yadımıza saldıqları üçün. 2008-ci ildən bəri – o vaxt referendum qayırıb nələrisə dəyişmişdik – konstitusiyaya əl dəyilmirdi, toz basmışdı, hətta etibarlı qaynaqdan damcılayıb bu isti günlərdə qəlbimizi sərinlədən xəbərə görə, konstitusiyamızın bəzi səhifələrini siçan yeyibmiş. Bir neçə maddə çürüyübmüş. Hansısa bölümlər kiflənibmiş. İndi havaya verəcəklər, yaxşı olacaq.
Ancaq adamlar bir az təşvişə düşürlər, fikirləşirlər görəsən bu işləməyən qanunu dəyişmək hökumətin nəyinə lazımdır. Axı onlar bizim rəyimiz olmadan da kefləri istəyəni edirlər. Bizim heç bələdiyyə üzvünə köməkçi seçmək haqqımız yoxdur, gəl gör beş ildən bir, yeddi ildən bir prezident seçək, nə bilim, vitse-prezident qoyulmasına münasibət bildirək… Bəs bizim ümumxalq referendumunda səs verib bu maddələri dəyişdirməyimiz hakimiyyətin nəyinə lazımdır?
Bəziləri hansısa hakimiyyət ötürməsi modellərindən danışır. Anlamıram: əvvəllər guya bunu çətin edirdilər? Ötürmədən saxlasalar nə olacaq? Qanunsuz ötürsələr kim dinəcək?
Elə bil əlimizdə hansısa qədim dildə yazılan dua kitabı var. Hər 6-7 ildən bir onun təsadüfi səhifəsini açıb fala baxırıq. “Bəxtimizə hansı maddə çıxdı?”
Bir versiya var ki, bunu xarici imic üçün edirlər, guya bizdə hər şey qanunlara uyğun dəyişilir. Daha doğrusu, dəyişilmir. “Qanun tələb edir, dəyişmirik, neynəyək, qanunsuz hərəkət edə bilmərik ki”? Qanunun aliliyi-zad… Ancaq bu da inandırıcı gəlmir, çünki son illərdə dünya siyasəti elə deqradasiyaya uğrayıb ki, bizim “uçaskovı” Məmmədalı dayı arzu eləsə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilər.
Orda bəzi maddələr mülkiyyəti vətəndaşın əlindən tutub almağa icazə verəcək. Gələcəkdə neft pulu olmayacaq, kiminsə evini kompensasiyasız sökmək üçün əsas yaradırlar. Ancaq bunu indi də edirdilər!
Yaxud təzə qanunda deputatxananı kefi istəyəndə buraxmaq haqqı prezidentə verilir. Bir növ, özün düzəltdiyin evciyi istədiyin vaxt dağıda bilərsən. Pul azalanda hətta Zahid Oruc adamın üzünə qayıdır – görmüşük bunların hamısını. Ancaq kim deyir təzə qurulan oyuncaq evcik pulsuz yaşamağa dözüm göstərəcək? Qarantiya yoxdur. O zaman hər ay deputatxana yığmayacaqsan ki?
Yeri gəlmişkən, dünən AXCP və Müsavatın rəhbərləri xalqı bu konstitusiya dəyişikliyinə etiraza qalxmağa çağırıb. Ancaq bunu kim eşidəcək? “Məhsul” stadionuna nə qədər adam gələcək? Yenə “səndə beş adam az idi, mənimkilər daha çox qışqırdı” söhbətləri ilə ömrümüzü çürüdəcəklər. O məşhur anekdotda deyilən kimi, hər şey dünənki kimi olacaq.
Bəs bizim bu labirintdən çıxış yolumuz yoxdurmu? Var, əlbəttə. İstənilən dolanbacın çıxışı var. Sadəcə, çıxmaq arzusu ürəkdən olmalıdır. Labirintdən fərqli olmalısan. Ta onun bir divarına gərək çevrilməyəsən. Mücərrəd olmayasan. Aydın dildə, xalqın anladığı kimi danışmalısan, xalq kimi yaşamalısan, onun dərdini-sərini bilməlisən. Elə xalq özü də nə istədiyini bilməlidir. Nə istədiyini bilməyənlərə kömək etmək çox çətindir. Kimsə çalaya düşəndə ordan çıxış planı hazırlayır. Ya da çalanın dibində uzanıb öləcəyini gözləyir. Bizdə isə çalaya düşənlər nə çıxmaq istəyir, nə batmaq. Tıq-tıq xanımın nağılı bu mənada bizim mənəvi konstitusiyamız kimi bir şeydir: “-Əlini mənə bəstərəcik, -Yox, yox, mən səndən küstərəcik”.
Qaldı iqtidarın nə etmək istədiyi sualına… Biz onu anlamırıq – onun gücü elə budur. Biz bilsək onlar nə istəyirlər, işimiz asan olardı. O biri dünya kimidir. Hələ heç kim salamat qayıtmayıb.