Türk əsgəri ilə sadə vətəndaşın münasibəti məni hər zaman heyran edib. Hətta Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət zamanı kiçik bir türk çocuğunun qarovulda dayanan, “lay divar”a bənzəyən əsgərin düz çəkmələrinin yanında oturub xoşbəxtcəsinə gülümsəməsinə uzun-uzadı tamaşa eləmişdim. Daha sonra qarovul dəstəsinin dəyişdirilməsi mərasimindən zövq almışdım.
Türk ordusunun böyüklüyü, sarsılmazlığı, məğlubedilməzliyi vardı hər bir əsgərin üzündə, səsində. Biz türk əsgərini bu sayaq görmüşdük.
15 iyul gecəsi və ondan sonra yaşananlar isə düşüncələrimizi alt-üst etdi. Biz türk əsgərini bu biçimdə görmək istəməzdik. Əslində baş verənləri tam olaraq Türkiyə ordusunun adına yazmaq da olmaz. Lakin bu qorxunc ssenarinin arxasında dayananlar ordunu özlərinin çirkli oyunlarına qatmağı, türk əsgərini üz-üzə qoymağı bacardılar, ordudan türklər demiş, “kullandılar”.
Biz türk əsgəri deyəndə gözümüzün qarşısına on minlərin şəhid olduğu Çanaqqala savaşı gəlir. Türk əsgərindən söz düşəndə Sarıqamışda donan 90 min əsgər və zabiti sayğı ilə xatırlayırıq.
Azərbaycandakı Türk şəhidlikləri ziyarətgahımızdır. Türk əsgəri həm də bizim əsgərdir, bunu düşmən də bilir. Hətta aprel döyüşlərindən sonra ermənilər həyəcanlı Qarabağda döyüşənlərin türk əsgəri, “bozqurdlar” olduğunu iddia etmişdilər.
Baş verənlər təkcə Türkiyənin deyil, Azərbaycanın da təhlükəsizliyini təhdid edir. Türkiyəni parçalamağın, süquta yetirməyin yeganə yolu qalmışdı: ordunu parçalamaq. Ona da əl atdılar. Azərbaycandakı narahatlıq təbiidir. Çünki Türkiyə ordusuna uzanan xain əllər həm də Azərbaycan ordusuna uzanır. Azərbaycanın hava sərhədlərinə müdaxilə olanda türk şahinləri səmamızı bayraqlarımızın rənginə bülənd edən uçuşlar həyata keçirməklə dost-düşmənə mesaj vermişdilər.
Fotolar, videokadrlarda qiyamçı türk əsgərlərinin aşağılanması, onlara işgəncə verilməsi səhnələri yer alıb. Utandırıcıdır! Cinayətləri olsa belə, son sözü hüquqi dövlət olan Türkiyənin qanunları deməlidir, əlində külüng daşıyan, hansı məqsədə xidmət etdiyi bəlli olmayan şəxslər yox. Dünyaya Türkiyəni bu biçimdə göstərmək olmaz! Bu, İŞİD-in metodudur, Türkiyə vətəndaşına yaraşmaz!
Ötən illərin təcrübəsi sübut etdi ki, Türkiyə güclü olarsa, Azərbaycanın da gücü artacaq, düşmən qarşısında yenilməyəcək. Ona görə də zaman-zaman Azərbaycanla Türkiyənin arasını vurmağa, ədavət toxumu səpməyə çalışanlar olur. Tarix boyu…
1918-ci ildə ingilislər Bakıya gələndə tələbərindən birincisi bu olmuşdu ki, Azərbaycan Demokratik Respublikasının bayrağı dəyişdirilməlidir, çünki Türkiyə bayrağına bənzəyir. Bizim hətta bənzərliklərimizi də qəbul etmirlər, nəinki qardaşlığımızı.
Ermənilər 15 iyul gecəsi şübhəsiz ki, sevinirdilər – Türkiyənin Suriyaya çevriləcəyini zənn edərək. Bu günü çoxdan gözləyirlər. Təkcə ona görə yox ki, Türkiyədən Andronikin qulağının kəsilməsinin, Nuru Paşanın əsgərlərinin Azərbaycanı daşnaklardan xilas etməsinin qisasını almaq istəyirlər. Həm də ona görə ki, işğalçı Türkiyənin zəif düşməsi halında Azərbaycan ərazilərini Rusiyanın himayəsi ilə əbədi qəsb edəcəyinə çox əmindirlər. Ötən əsrin əvvəllərində də Türkiyə zəif salınandan sonra Azərbaycan torpağından Ermənistana növbəti pay ayrıldı.
Ermənilər həm də konstitusiyada Ağrı dağı ilə bağlı iddianı məntiqi sonluğa çatdırmaq istəyirlər. Yoxsa Türkiyəyə qarşı xəyanətlərini davam etdirən PKK-ya erməni sevgisi hardan idi? (Yaxşı ki, bu arada Ermənistanda da vəziyyət dəyişib, başları özlərinə qarışıb). PKK da marıta yatıb Ankara və İstanbuldakı hadisələri maraqla izləyirdi. Şükür ki, türk düşmənlərinin sevinci uzun sürmədi. Amma qan töküldü. Onsuz da son illərdə Türkiyə çox şəhidlər verirkən qardaş qanının axıdılması yolverilməzdir!
Türk dünyasının böyük sərkərdəsi Qazi Mustafa Kamal Atatürk zamanında “Hər bir türk əsgəri bir orduya bərabərdir” deyirdi. Türkiyə son hadisələrdə xeyli əsgərini, generalını itirdi. PKK ilə mübarizədə şəhid olmuş hərbçinin ay-ulduzlu bayrağa bürünmüş tabutu önündə mətin addımlayan türk çocuğu ilə 15 iyul darbəsində iştirakçı olmuş əsgərin, ya zabitin doğmasını müqayisə edin. İkinci mənzərə daha çox ağrılıdır: “Təki Vətən sağ olsun” deyib də əbədiyyətə qovuşanlar və çirkli oyunlara bilərəkdən, ya bilməyərəkdən qoşulmuş türk hərbçilər… Biri düşmən gülləsinə tuş gəlmişdisə, digəri elə öz qan qardaşının hədəfinə tuş oldu.
Çox təəssüf. Kaş ki, bunlar yaşanmazdı…