15 iyulun absurdu Ermənistan Xarici İşlər Nazirliyinin Parisdə törədilmiş terroru pisləyən bəyanatıdır. Özgə torpaqlarında yarandığı gündən terroru dəstəkləyən bir dövlətin terrorçuluğu lənətləməsi həyasızlıq nümunəsidir.
Fransada dinc insanlara terror olunan gecə Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən atəş açaraq bir zabitimizi qətlə yetirdi. Bunun özü terror deyilmi?! Baş leytenant Səyyad Məmmədov cəmi 28 il yaşamışdı. Atasını çoxdan itirdiyindən özündən kiçik bacısını və qardaşının əziyyətini də çəkməli olubmuş. Bəlkə bundan sonra rahat yaşamağı düşünürmüş. Arzuları yarıda qırılanlarsa minlərlədir…
Fransadakı terroru lənətləyən Serj Sərkisyan Qarabağa gəlməyə hazırlaşır. Artıq bu kimi xəbərlər dünyanın gözündə adiləşib, nə beynəlxalq qanunlar xatırlanır, nə BMT qətnamələri, nə Avropa Parlamentinin tələbləri.
Nəhayət, dünya dövlətləri Sərkisyana “sənin Qarabağda nə ölümün var” sualını verməli və onun qarşısında qəti tələb qoymalıdırlar. ATƏT sədri ötən ay bölgəyə səfər etdi, ancaq Xankəndinə getmədi, çünki Azərbaycanın ərazi bütövlüyünə hörmət etdi. Sərkisyan isə nə həmsədr dövlətlərə, nə ATƏT-ə, nə də elə ağası Rusiyanın sülh təşəbbüslərinə məhəl qoymadığını bir daha nümayiş etdirir. Son iki ayda ikinci dəfədir Qarabağa gəlir.
Bu yaxınlarda İŞİD liderlərindən “Ömər Şişani” adı ilə tanınan Tarkan Batiraşvili məhv edildi. ABŞ onun başına 5 milyon dollar qoymuşdu. Sişani indiyədək nə qədər insanın məhvinə bais olub, deyə bilmərəm. Amma Sərkisyanın başçılığı ilə Qarabağda qırılan azərbaycanlı dinc əhalinin, hərbçilərin sayı bəllidir. Təkcə itkin düşənlərimizin sayı 4 minə yaxındır. Hələ Xocalı soyqırımı var. Təəssüf ki, bu qanlar Sərkisyanın başına pul qoymaq üçün bəs etmir hələlik…
ABŞ Azərbaycan ərazilərini işğal etmiş bir ölkənin başçısının başına pul qoymaq əvəzinə, qonşu ölkənin ərazilərini ilhaq etmiş ölkəyə milyonlarla yardım ayırır! Bu faktın özünə bəraət qazandırmaq sadəcə, mümkünsüzdür. Con Kerrinin Putinlə Qarabağ müzakirəsinə boş verin, ənənəvi siyasət davam edir. ABŞ Senatı 2017-ci il üçün Azərbaycana 10,9 milyon dollar, Ermənistana 24,1 milyon dollar həcmində maliyyə yardımının ayırılması haqda sənədi təsdiqləyib. Rusiya erməniyə kredit vəd edirsə, Amerika birbaşa yardım ayırır.
Əgər 1992-ci ildə ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı sanksiya qərarı verdiyi halda, Ermənistana 100 milyon dollar (!) yardım göstərməsəydi, elə həmin il Xankəndinə çatmaqda olan ordumuz məsələyə nöqtə qoyacaqdı, heç mənasız danışıqlara da ehtiyac qalmazdı. Üstəlik, bu qədər itkilərimiz olmazdı. Deməli, Qarabağdakı separatçıların, terrorçuların kökünü kəsməyə həm də bizim antiterror koalisiyasında müttəfiqimiz olan ölkə imkan verməyib.
Azərbaycan XİN təkcə Paris terrorunu lənətləməklə işini bitmiş saymamalıdır: a) Elə bu gün ordumuzun sabitinin erməni terrorçuları tərəfindən öldürülməsi faktını dünyaya bəyan etməli; b) Serj Sərkisyanın Qarabağa qanunsuz səfərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların təcili müdaxiləsini istəməli; v) Əks təqdirdə baş verənlərə görə Azərbaycanın məsuliyyət daşımadığını nəzərə çatdırmalıdır. Təbii ki, Bakı bundan sonra məsələyə ordumuzun qarışacağı barədə son xəbərdarlığını da etməlidir.
1991-ci ilin 20 noyabrında Qarakənd səmasında Azərbaycanın rəhbər şəxsləri ermənilər tərəfindən qətlə yetirildi. Onlar danışığa gedirdilər. Bundan sonra dəfələrlə belə terror hadisələri olub. Azərbaycan illərdir erməni terrorundan əziyyət çəkir, şəhidlər verir. Bu terrorun başında dayananlardan biri Sərkisyandır.
Keçən dəfə Lələtəpəyə qədər gəlmişdi. Yenə gəlir. Terrorçu yığnağına demək istəyir ki, “qorxmayın, mən burdayam, Qarabağı da kimsə geri qaytara bilməz”. Onun gəlişi erməni canilərini daha da qudurdacaq, yenə itkilər verəcəyik. Onu durdurmağın bir yolu var: Azərbaycan terrorçuların komandanını qarşılamaq üçün bir “kamikadze” pilotsuz aparatı – dronu havaya buraxsa, bu, yetərlidir. Cani prezident ikinci dəfə Qarabağa ayaq basmaz.
Ermənilərin apreldəki təşvişi unudulmayıb. Sərkisyan gələrsə və drona tuş gələrsə, onun da cavabı hazırdır: “Sərkisyanın Qarabağda nə ölümü var idi” demək bizim halal haqqımızdır. Dünya da bilir ki, terrorçunu heç yerdə gül-çiçəklə qarsalamırlar…