Türkiyədə hərbi çevrilişləri dönəmi bitdi. Allah eləməmiş, bundan sonra daha bir dövlət çevrilişi olsa, onda dövlət olmayacaq. 15 iyulda da belə bir təhlükə qardaş ölkənin başı üstündə Domokl qılıncı kimi asılmışdı. Və nə yaxşı ki, sonuncu dəfə.
Bəli, bu, təkcə AKP hökumətinə, prezident Ərdoğana qarşı qəsd, qiyam deyildi, bütövlükdə Türkiyə dövlətinə və xalqına, Türkiyə siyasi quruluşu və oturuşmuş siyasi sisteminə qarşı qəsd idi. Lakin qiyam tezliklə yatırıldı və ölkə tarixində ilk dəfə hərbi çevriliş cəhdi uğursuzluqla sonuclandı (Sonuncusu 1997-ci ildə islamçı Ərbakan hökumətinin devrilməsi zamanı olmuşdu).
Bu da ona görə mümkün oldu ki, xalq nəhayət, seçdiyi legitim hakimiyyətin arxasında dayana bildi və analoji situasiyadakı davranışından fərqli olaraq bu dəfə sərt sifətini, qiyamçı hərbçilərə yerini göstərdi, nəinki əvvəlki çevrilişlərdəki kimi, prosesi sakitcə seyr elədi, bir növ çevrilişə susqun razılığını verdi.
Qiyamçı-generallar söz yox ki, bu dəfə, necə deyərlər, hesabı düzgün aparmamışdılar. Strateji yanlışa yol vermişdilər. Bu da ondan ibarətdir ki, xalq daha əvvəlki, XX əsrdəki deyil, və o, artıq dövləti və milləti dünyada gözdən salan, biabır edən çevrilişlər ənənəsindən yorulub, bıkıb.
Bu əcaib ənənəni yenə məhz xalqın özü durdurdu. O üzdən 15 iyul hadisələrinin tək qalibi, tək qəhrəmanı Türkiyə xalqıdır – seçkilərdə verdiyi səsini qorumağı bacaran Türkiyə xalqı! Bravo!
15 iyul hadisələrinin əsas nəticəsi isə odur ki, ölkədə “hərbi demokratiya” bütünlüklə süqut elədi, onun sonu çatdı. Türkiyədə bir daha çevriliş olmayacaq. Daha kimsə buna cürət eləməz, inanmırıq. Çünki o halda çevriliş cəhdinin baş tutmayacağı variantını da göz önünə gətirməli olacaq – artıq ortada presedent var, xalqın iradəsi var!
Bu da xüsusi təqdiredicidir ki, ana müxalifət də öz dövlətinin, Konstitusiyasının, hətta hökumətin yanında oldu, qəsdçilərin və sui-qəsdçilərin yox.
Türkiyədəki son dramatik olaylar zamanı diqqət çəkən daha bir detal haqda: sən demə, Azərbaycanda AXC hakimiyyətinin hərbi qiyamla devrildiyini deyənlərin bir qismi qardaş ölkədə qiyamın qalib gəlməsini arzu edirmiş. Beləcə, Jirinovski və Züqanovla eyni mövqe sərgiləyən bəzi demokrat dostlar nə göründükləri kimi ola bildilər, nə də olduqları kimi görünməyi bacardılar. Demokratiya testindən çıxa bilmədilər.
Axı, bir legitim hakimiyyətə qarşı Azərbaycanda hərbi qiyamı pisləyib, Türkiyədəki legitim hakimiyyətə qarşı eyni hərəkəti necə dəstəkləmək olar, necə ona üstəlik, demokratiya çuxası geydirmək olar? Bunu anlamaq mümkünsüz.
Doğru, Ərdoğanın daxili və xarici siyasəti ideal deyil. Guya Obamanın, Ollandın, Merkelin daxili-xarici siyasətində qüsurlar yoxdur, olmayıb ki? Və nədən qardaş ölkənin yerləşdiyi coğrafi, geosiyasi özəlliklər nəzərə alınmasın?
Şəxsən mən Ərdoğanın fanatı deyiləm. Fəqət, hazırda olduqca mürəkkəb bir dönəmdən keçən, hər yandan diş qıcanan və təhdid edilən, xain əllərin uzandığı Türkiyə dövlətini daxildə taqətdən, xaricdə isə nüfuzdan salacaq bir vəhşi üsulla onun hakimiyyətdən uzaqlaşdırılması da məqbul sayıla bilməz. Demokratiya naminə öz xalqını raket atəşinə tutmurlar, onun parlamentini, hökumət binalarını, televiziyanı bombalamırlar. Bayırda XXI əsrdir e.
Hələ onu demirik ki, bu, Türkiyə xalqının əksəriyyətinin iradəsinə tüpürmək demək olardı. Amma Türkiyə xalqı alçaldılmasına imkan vermədi. 15 iyulda gerçəkdən tarix yazdı – demokratiya tarixi, demokratiyaya, seçkiyə sədaqət tarixi. İradə ortaya qoydu. Əslində bu, təkcə silah yolu ilə hakimiyyəti ələ keçirmək istəyən hərbçilərə sərt ismarış deyil, eyni zamanda gələcəkdə seçkilərsiz iqtidar olmaq arzusuna düşəcək siyasətçilərə də xəbərdarlıq mesajdır.
Şəksiz ki, bu gün Ərdoğanın arxasında duran xalq yeri gələndə ona da təzə yerini göstərəcək. Seçkilərdə. Buna kimsənin şübhəsi olmasın. Amma hələ ki, o, Ərdoğanla yola davam eləmək əzmindədir. 15 iyulun daha bir mühüm sonucu bu.
Guya xalq naminə qiyam etmək fikrinə düşənlər öncə həmin xalqın ürəyindəkini bilmək və ona sayğı göstərmək zorunda!