img1396402

Ermənistanda Eduard Şarmazanov ad-soyadlı birisi var. Kökəncə yunan kürdü olan bu şəxs yüksək dövlət postu tutur – parlamentin vitse-spikeridir. Ermənidən çox ermənilik edən və özünü daim gözə soxmağı sevən bu yunan kürdü vaxtaşırı Azərbaycan əleyhinə sayıqlamaları və təhqiramiz ifadələri ilə gündəmə gəlməyi xoşlayır.

O biri həmkarları kimi özünü həmişə müdrik göstərməyi sevən Şarmazanov yenə farmazonluğundan qalmayıb. Bu dəfə durub nə ifraz eləsə yaxşıdır? Deyib ki, Azərbaycan yalnız Dağlıq Qarabağın müstəqilliyini tanıyandan sonra status-kvo dəyişə bilər.

Bundan sonrası isə lap şedevrdir. Sitat: “Ermənistan üçün əsas xalqların öz müqəddəratını təyin etməsi prinsipidir. Xalqların öz müqəddəratını təyin etməsi – prinsip, ərazi bütövlüyü isə – vasitədir. Vasitə prinsipə xidmət etməlidir, əksinə yox”.

Bəh-bəh. Yəni sözünün canı odur ki, Bakı Qarabağ məsələsinin həllini istəyirsə, regiondan əlini birdəfəlik çəksin, ikinci erməni “dövlətini” tanısın, qurtarsın getsin. Bununla da Azərbaycan torpaqlarında gəbərmiş minlərlə erməni yaraqlısının, yezidi kürdünün ruhu şad olsun, öz doğma torpaqları uğrunda şəhid olmuş minlərlə azərbaycanlı balasının, günahsız Xocalı qurbanlarının qəbiri isə tüstülənsin.

İşə bax, dünyada sayı 40 milyona çatan kürdlərin bircə dövləti yoxdur, amma cəmi 2-3 milyonluq erməni havadarlarına güvənib ikinci dövlət iddiası ilə yaşayır. Sayı 100-cə min olan bir ovucluq Qarabağ ermənisinə öz müqəddəratını təyin etmə haqqı verilməliymiş! Ay sən öləsən!..

Təbii ki, Azərbaycan buna heç vaxt getməyəcək. Ən yüksək səviyyədə də dönə-dönə bəyan edilib ki, tarixi ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Hətta nəzəri cəhətdən hesab eləsək ki, bizdə hansısa siyasi qüvvə buna razı ola bilər, yenə xalq, on minlərlə şəhidimizin ruhu, köçkünlərin, Xocalı qurbanlarının ah-naləsi buna imkan verməz. Amma Azərbaycanda özünüintihar haqda düşünən belə bir qüvvə yerli-dibli yoxdur, ola da bilməz.

Bunlar bəlli. Şarmazanovun “Öz müqəddəratını təyin etməsi prinsip, ərazi bütövlüyü isə vasitədir, vasitə prinsipə xidmət etməlidir” xəstə iddiası isə elementar tənqidə belə dözümsüzdür. Yəqin bu yeni erməni kəşfi, daha doğrusu, sayıqlama da elmə məlum olmayan qədim erməni mənbələrindən əxz edilib.

Əvvəla, müqəddəratı təyin etmə prinsipi düşmən tərəf üçün belə qiymətlidirsə, o zaman ermənilər 200 minlik azərbaycanlı toplumu kompakt yaşadığı ərazidən zorla çıxarıb Ermənistanı niyə monoetnik dövlətə çeviriblər? Sözü düşmüşkən, vaxtilə akademik Andrey Saxarov Qarabağ probleminin həlli üçün elə bu formulu təklif eləmişdi: Ermənistanda və Azərbaycanda simmetrik referendum. Amma İrəvan razı olmadı – aydın məsələdir niyə.

Nə isə. Adam hələ özünü oxumuş sayır, o boyda dövlət postu tutur, amma beynəlxalq hüquq haqda elementar təsəvvürü belə yoxdur. O sırada “Helsinki Yekun Aktı”ndan bixəbərdir (yaxud Şarmazanov özünü avamlığa vurur) – hansı sənəddə ki, birmənalı şəkildə ölkələrin ərazi bütövlüyü bütün yerdə qalan prinsiplərin önündə qoyulub. Bu, o deməkdir ki, Avroatlantik məkanda heç bir dövlətin sərhədləri zorla dəyişdirilə bilməz. Yoxsa Avropada daş-daş üstdə qalmazdı.

Eləcə də BMT Nizamnaməsi: bu Nizamnamədə üstəlik, təcavüzə məruz qalan ölkəyə öz ərazi bütövlüyünü bərpa eləmək, işğala son qoymaq üçün hərbi yola əl atmaq hüququ tanınır. Yeri gəlmişkən, BMT TŞ-nin Qarabağa dair qətnamələri məhz ərazi bütövlüyü prinsipinin vazkeçilməzliyi əsasında qəbul olunub – erməni tərəfi israrla onları rədd eləsə də.

Nəhayət, dünyanın ən böyük hərbi-siyasi bloku olan NATO özünün Varşavadakı sammitində qəbul elədiyi yekun sənəddə bu prinsipi ali prinsip kimi elan edərək, bir daha Azərbaycanın da ərazi bütövlüyü müdafiə etdiyini təsbit edib. Bununla da separatçı və işğalçı ermənilərə yerini göstərib, onlara növbəti tərs şillə tutuzdurub…

***
Görəsən, yaxın-uzaq tarixi, beynəlxalq hüququ özünəməxsus şəkildə təftiş və təhrif edən saxtakar ermənilərə, onların Şarmazanov tipli farmazonlarına daha hansı mötəbər sənəd, dəlil-sübut lazımdır?! Bəlkə öz bədbəxt xalqınızı miflərlə yedizdirmək əvəzinə, nəhayət, ona həqiqəti deyəsiniz – acı da olsa?! O həqiqət isə belədir: erməni xalqının xoşbəxtliyini başqa xalqın bədbəxtliyi üzərində qurmaq olmaz, mümkün deyil, olmayacaq!

Загрузка...