Yaman deyingən olmuşuq. Bir az bürkü olan kimi deyinməyə başlayırıq, “bu, nə istidir, nəfəs almaq olmur” deyə. Ancaq bir anlıq düşünmürük ki, yayın ikinci ayında istilər olmazsa, anormallıqdır. Yaz uzunu yağan yağışlara da eyni qəzəbli reaksiyamız olmuşdu. Ölkədə az qala hamı havanı “cümlə-xəyanətlərə bais” hesab edir…
Biri deyir külək oldu, dənizə gedə bilmədik, başqası rayonda yağışa tuş gəldiyinə görə qəzəblənir, o birisi də… Əslində bizim problemimiz havanın isti, ya yağmurlu olması deyil. Biz o qədər yüklənmişik ki, təbiətin adi şıltaqlığına dözə bilməyib aqressivləşirik. Həyatımızı elə qura bilərik ki, hava onun düzəninə zərrə qədər təsir göstərə bilməz. Elə problemlər var ki, onun həlli üçün ATƏT-in vasitəçiliyinə ehtiyac yoxdur.
Problem metro qatarlarında kondisionerlərin normal işləməməsidir. İnanmırsınız, enin yerin altına, yarımca saatlıq müşahidə aparın. Buna sauna da demək olar, hamam da, təkcə metro yox. Tağı Əhmədovun vaxtında da eyni problemdən yazılırdı, “yeni vaqonlar gələcək, zülm bitəcək” deyirdilər. Xəttə bir müasir qatar buraxılıb, bəxtin gətirsə, minsən, normal nəfəs alacaqsan. Köhnələr dəhşətdir. Deməli, problem havada yox, havasızlıqdadır, bu da insanın görməli olduğu işdir, təbiətə qəti dəxli yoxdur.
Çıxaq yerin üstünə. Bakıya müasir avtobuslar gətirilib. Lakin marşrut xətlərində hələ də köhnə avtobuslar hegemonluq edir. Sürücü davranışlarından, marşrutu ifdarə etməsindən çox yazmışıq. Köhnə, sınıq-salxaq avtobuslarda nə havalandırma sistemi var, nə də… İnterval problemi, yolların bərbad olması kimi məsələləri də üstünə gəlsək, görərik ki, həm sürücü, həm də sərnişinlərin dəli olması üçün kifayət qədər əsaslar var.
Nə vaxtdır kart sisteminə keçidi, aylıq maaşla işləyəcəyini gözləyən sürücülər yaşamaq uğrunda mübarizə apararkən bir də görürsən özlərinin də, sərnişinlərin də həyatına son verirlər. Buna hava neyləsin?
Kasıb canı ilə Gürcüstan neçə illərdir kart sisteminə keçib. Necə olur ki, biz hətta paytaxtımızda bu sistemi tam tətbiq edə bilmirik? Axı, “Baku BUS” təcrübəsi göstərdi ki, bu ölkədə normal avtobus xətlərində çalışmağa qadir kifayət qədər normal sürücü var. Hətta həmin avtobuslardan istifadə edən hansısa anormal sərnişin də özünü yığışdırmağa vadar olur.
Gürcüstan demişkən, elə bu günlərdə tanıdığım onlarla insanın səsi Gürcüstandan gəlir. Sosial şəbəkədə fotolar paylaşırlar, olduqca pozitiv görkəmdə, heç bir şikayətləri yox, həyatdan və istirahətdən razı halda. Əslində Gürcüstanın iqlimi bizimki ilə eynidir, ancaq kimsə “bu, nə havadır” deyib həyatını giley-güzar üzərində qurmur. Deməli, aqressivliyin, cümlə günahları hava temperaturunda axtarmağın səbəbi üzləşdiyimiz gündəlik mənzərələr, münasibətlərdir.
Məhz bu münasibətə görədir turistlər ölkəmizdən iraq düşüb. Təkcə əcnəbilər yox, elə özümüzünkülər də. Statistika çox şeyi deyir: 2007-ci ildə Azərbaycandan Gürcüstana 281 629 turist getmişdisə, 2015-ci ildə bu rəqəm 1 milyon 392 minə qalxıb! Təsəvvür edirsinizmi? 1 milyondan çox artım! 2016-ci ilin ilk 5 ayına görə də Azərbaycan liderdir.
Gürcüstanı seçən turistlərimizin sayı 570 min 825 nəfər olub. Bu göstərici ilə hətta 80 milyonluq Türkiyəni (524 min 71 nəfər), 150 milyonluq Rusiyanı (303 min 678) geridə qoymuşuq!
Bu, həm də böyük miqdarda pulların qonşu ölkəyə axması deməkdir. Bəs, əvəzində biz nə qazanırıq, ölkəmizə nə qədər gürcü gəlir? Rəqəmlər ürəkaçan deyil. Təbii ki, turistlər havaların “məğşuş”luğuna görə Azərbaycandan kənar qaçmır…
Parlament iclaslarının birində deputat Qənirə Paşayeva təklif etdi ki, turistlərə vizanın verilməsi elə sərhəd buraxılış məntəqələrində verilsin və onları əlavə vaxt itirmədən ölkəmizə gəlsinlər. Təsəvvür edin, turist Türkiyədən keçib Gürcüstanı gəzir, sonra deyir “bir Azərbaycana da baş çəkim”. Ancaq “Qırmızı körpü”də “qırmızı vərəqə” alır, başına gün döyür və geri qayıdır. İtirən təkcə o turist olmur, Azərbaycan olur.
Təkcə qiymətlərin bahalığı deyil əcnəbiləri qaçıran. İstirahət üçün gələn turist pozitiv əhval-ruhiyyəli insanların yaşadığı ölkələri seçəcək, aqressiv davranışı ilə ətrafdakıları da yükləyənlərin məmləkətini yox. Etiraf edək ki, biz çoxsaylı səbəblərdən qaşqabaqlı topluma çevrilmişik. Di gəl, bizim əhvalımızı korlayan problemləri aradan qaldırmaq əvəzinə, tez-tez səmaya baxırıq – hirsimizi, hikkəmizi havanın üstünə tökərək…