Yaxud İstanbuldakı terror qurbanlarına qıyılmayan 1 dəqiqə
Şübhəsiz ki, qardaş ölkə budəfəki sınaqdan da mətanətlə çıxacaq, xain hücumdan sarsılmayacaq, ayaqda qalmaqda davam edəcək. Baxmayaraq ki, dünyanın bir sıra gücləri Türkiyəmizin nəinki irəliyə, Avropa Birliyinə doğru getməsinə, hətta yerində dayanmasına da imkan vermək istəmirlər.
Atatürk hava limanında törədilən dəhşətli terrordan sonra dünyanın dörd tərəfindən
Türkiyəyə başsağlığı mesajları göndərildi. Ancaq onların bir çoxunda səmimiyyət deyilən bir şey yox idi. Nə olsun ki, üzdə “Biz terroru lənətləyirik, Türkiyə tək deyil, üzülürük, sarsılırıq” deyirlər. Ona qalsa, 25 ildir Qarabağda baş verənlərlə bağlı da Azərbaycana o qədər narahatlıq dolu məktublar, mesajlar, başsağlığı zəngləri olub ki. Nə dəyişib? Yox, amma dəyişən olub, mesaj yollayan rəsmilər, dövlət və hökumət başçıları, həmçinin tarixlər dəyişib. Vəssalam. Elə Xocalı qatili Sərkisyan da Ərdoğana başsağlığı verib, nə olsun ki…
Son bir ildə Türkiyəni artıq ürəyindən, şah damarından vururlar. Əvvəlki teraktlar artıq qaniçənlərə, onların himayədarlarına maraqlı deyil, onlar Türkiyənin ürəyindən-çeşmənin gözündən qan içmək istəyirlər. İstanbulda, Sultan Əhməd camesinin qarşısında, Ankarada Qızıl Ay meydanında…nəhayət, Türkiyənin ən böyük hava limanında törədilən terror aktları bunun sübutudur. Sözsüz ki, dünya üçün böyük turizm potensialı olan ölkəyə gediş-gəlişi bu yolla durdurmaq, Türkiyəni iqtisadi cəhətdən sarsıtmaq istəyi var burada.
Ancaq istək təkcə terrorçuların olsaydı, nə vardı ki. İllərdir Türkiyənin qarşısında şərtlər qoyan Avropa Birliyinin bəzi rəsmilərinin, bir sıra Avropa dövlətlərinin son davranışları ilə terrorçuların Türkiyəyə münasibəti arasında bərabərlik işarəsi də qoymaq olar.
“Canlı bomba”lar Türkiyənin dinc insanlarını məhv edir, Avropadakı anti-türk qüvvələr isə Türkiyənin Avropa Birliyinə üzv olmasını təhlükəli sayıb onu geri itələyir. Türkiyə 5 ildir sinəsini qabağa verib Suriya qaçqınlarının Avropaya axınının qarşısını alır, 3 milyon qaçqını ərazisində yerləşdirib. Suriya qaçqınlarına 10 milyard xərcləyən ölkəyə Avropa Birliyi 3 milyard yardım vəd etmişdi, hələ qəpik də ayırmayıb. Avropa Türkiyə vətəndaşlarına vizasız gediş-gəliş vəd etmişdi, sözündən qaçdı, ortaya 72 maddəlik şərt qoyuldu.
O şərtlərdən ən çox qəbulolunmaz olanı, bilirsinizmi, nə idi? Avropa Ankaradan antiterror qanunvericiliyini dəyişməyi, terrorçuluqla mübarizə qanununu yumşaltmağı tələb edir. Avropanın nüfuzlu təşkilatının belə bir tələbi elə terroru müdafiə deyilmi? “Nəticəsini” də 28 iyunda İstanbulda gördük.
Əslində dünyada terrorçuları stimullaşdırma prosesi gedir. Özü də sinəsini qabağa verib PKK, ASALA, ya İŞİD-lə təkbaşına mübarizə aparan, dörd bir yanı od tutub yandığı halda qürurunu pozmayıb mücadiləsini davam etdirən bir dövlətə qarşı edirlər bu xəyanəti. Bəşəri dəyərlərə sadiq olan, antiterror koalisiyasının üzvünə, NATO təmsilçisinə, Avropa ailəsinin de-fakto nümayəndəsinə qarşı.
Keçən il Parisdə terror törədildi, insanlar Fransanın ölkəmizdəki səfirliyinin qarşısına axışdı, gül dəstələri düzüldü, terror lənətləndi. Türkiyədə də eləcə. Necə olur Fransada bənzər aksiya təşkil olunmur? Yaxud nədən bir lider Ankaraya uçmağa, terror qurbanlarını anmağa qərar vermədi? Avropada terror qurbanlarını əl-ələ, qol-qola ziyarət edən liderlər hardadır?
Görün, qardaş ölkəyə qarşı kin-küdurət, hikkə nə qədərdir ki, nəinki siyasi qurumlar, hətta Avropa Futbol Federasiyaları Assosiasiyası da Türkiyəyə qarşı olanlarla birləşib. Qurum bəyan edib ki, Atatürk hava limanında törədilmiş terror aktına görə futbol üzrə Avropa çempionatının 1/4 final oyunlarından əvvəl 1 dəqiqəlik sükut olmayacaq. Bu gün bütün Türkiyə mediası bu olaydan danışır.
Bu, ayrı-seçkilik aktıdır və Türkiyədə haqlı olaraq sərt reaksiya doğurub, sosial şəbəkələrdə türk insanı üsyan püskürür. “Sayğı duruşuna gərək yox! Sizin duruşunuzu bilirik, zatən!” “İkiüzlüsünüz!” “İkili standartın kitabını yazdılar!” kimi statuslar saysızdır. Heç olmasa İstanbulda həlak olan 13 qeyri-türk, qeyri-müsəlmana görə bu cür sayğısızlıq etməzdilər.
Türkiyə Avropa çempionatının iştirakçılarından biri idi və qrup mərhələsində iştirak edirdi. Parisdə törədilmiş terror aktından sonra UEFA öz bayrağı altında keçirilən oyunların hamısında 1 dəqiqəlik sükut və komandaların oyunlara qara sarğı ilə çıxması təlimatını vermişdi. Təbii ki, UEFA İŞİD-dən qorxduğu üçün bu qərarı verməyib.
Türkiyə mediası UEFA-nın 42 insanın həlak olması, 150-dən çox insanın yaralanmasına səbəb olan olaya sayğısız münasibəti lənətləyib və “UEFA bu fotoqrafa baxsın, utansın!” sərlövhəsi ilə bir foto paylaşıb. Nyu-Yorkun Yankes stadionunda New York Yankes-Texas Rangers beysbol oyunundan öncə çəkilmiş fotodur. İstanbulda həyatını itirənlər sayğı duruşu ilə anılıb. Uzaq Amerika anır, yaxın Avropa yox… Doğrudan da UEFA baxsın, utansın!
Amma təkcə UEFA-mı? Bəlkə Türkiyəni saxta “erməni soyqırımı” ilə təhdid edən, elə az öncə erməni terroruna stimul verərək “soyqırım”ı tanıyan Almaniya kansleri Merkel, “Türkiyə Avropa Birliyinə üzv ola bilər, amma 3 mininci ildə” deyən Britaniyanın baş naziri Kemeron, ya Türk insanına həqarət edib onu “cəllad” adlandıran Roma papası da utansın. Ancaq utanırlarmı? Utanacaqlarmı? Çətin…