Mübarək Ramazan ayı başa çatır. Əfsus ki, od-alov, qan-qada içində olan bölgəmiz heç olmasa, bu ayda da nisbi sakitlik tapmadı. İraqda, Suriyada, Türkiyədə terror, qətliamlara əziz ayda belə ara verilmədi. Hətta Allah evi sayılan məscidlərə aman tanınmadı, partlayışlar davam elədi, möminlər qətlə yetirildi. Beləcə, “Şeytanların zəncirləndiyi ay”da da ikiayaqlı şeytan-terrorçular bəd əməllərindən qalmadılar…
İslam Peyğəmbərinə (s) görə, Ramazan ayında da bağışlanmayan adam ən bədbəxt adamdır. Gör indi bu mübarək ayda günah yandırmaq əvəzinə yeni, böyük günahlar qazanan, insanları, o cümlədən ağzı oruclu müsəlmanları, toyuna cəmi bircə həftə qalan müsəlman gənci qətlə yetirənləri nələr gözləyir.
Onları indi necə Məhəmməd ümmətinə aid edəsən? Onların, ümumiyyətlə, insanlığa dəxli yoxdur. İnsanlığa qənim kəsilənlər insan adlana bilməz ki…
İnsanlıq düşmənləri Türkiyəmizi yenə hədəf götürdülər. Bununla bir daha bəşəriyyətə hədənin əslində eyni ünvandan – böyük və qlobal miqyaslı şərdən gəldiyini ortaya qoydular. Çünki Türkiyəyə kimi həmin qüvvələr analoji terror aktlarını Avropada, Fransada, Belçikada törədiblər, törətmək planlarına davam etməkdədirlər.
Yəni son deyil hələ. Keşkə yanılaydıq. Keşkə heç kim terror dəhşətinin qurbanı olmayaydı. Amma görəndə ki, ikiayaqlı şeytanlar böyük və çirkin siyasi oyunlarda hələ də üçüncü qüvvələr tərəfindən vasitə kimi istifadə edilir, nikbinliyə yer qalmır.
“Zülmə dözən varsa, zülm də olacaq” deyib məsumlardan biri. Terrorun da kökü o vaxt kəsiləcək ki, ona qlobal miqyasda, bütün irili-xırdalı dövlətlər səviyyəsində, hamılıqla, total dözümsüzlük göstəriləcək.
Nə yazıq ki, üfüqdə belə bir şey görünmür. Ona görə ki, kimlər üçünsə, müəyyən böyük güclər üçün terror hələ də nisbi anlayışdır, öz milli maraqlarını gerçəkləşdirmək yolunda məqbul vasitələrdən biridir.
Yəni hamıya klassik terror kimi görünən bir faciə kiməsə sadəcə, mübarizə vasitəsi qismində, adi gələ bilir. “Yaxşı terror”, “pis terror” təsnifatı elə buradan yaranıb.
Nə qədər ki, belə əcaib təsnifat mövcuddur, bəşəriyyət qlobal terror bəlasından qurtula bilməyəcək. Nə qədər ki, dünyanın aparıcı dövlətləri yığışıb terror təşkilatlarının vahid siyahısını hazırlamayıb, onlarla vahid mübarizə taktikasını müəyyən etməyib, beynəlxalq terrorizmin kökü də kəsilməyəcək.
Mümkün deyil. Çünki bir yandan terrorçular, onların maliyyə qaynaqları məhv ediləcəksə, o biri yandan maraqlı siyasi mərkəzlər hesabına təzələri və təzə maliyyə mənbələri peyda olacaq.
Terroru qidalandıran mənbələr qaldıqca terror da şəkk-sübhəsiz, qalacaq. Unutmayaq, İŞİD sıralarına qoşulan gənclərin mütləq əksəriyyəti maddi faktora görə bu “ölüm batalyonları”na qoşulublar…
Qayıdaq İstanbuldakı son terror olayına.
Qardaş Türkiyə artıq neçə gündür xain terror hücumundan aldığı yaralarını sarıyır. Bu yara da sağalacaq təbii ki. Söhbət Türkiyə dövlətindən gedir. Ancaq insanlara, qəlblərə, ailələrə vurulan yaralar sağalmayacaq. Onlar ikiayaqlı vəhşiləri və onların arxasında duranları həmişə lənətlə yad edəcək, qarğıyacaqlar. İlahi cəza da ki, öz yerində.
Bu cəzadan terrora gizli-açıq dəstək, nəfəs və stimul verən siyasi qüvvələrə, dövlətlərə də pay düşəcək. Gec-tez. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, “bu gün Türkiyədə partlayan bombalar sabah onları göndərənlərin əlində partlayacaq”.
Terrora nəfəs verənlər terrorçulardan da qorxuludur. Demək, əsas mübarizə birincilərə qarşı aparılmalıdır.