Terror qardaş Türkiyənin ürəyi İstanbulu təzədən qana bələdi. Onlarla günahsız insan, o cümlədən əcnəbi əziz ayda həyatını itirdi. İlkin məlumata görə, qanlı olayın sifarişçisi və icraçısı İŞİD-dir.
Təəccüblü deyil. Özlərini guya əsl “İslam davamçıları” sayan bu vəhşilər beləcə, mübarək Ramazan ayında da günahsız müsəlmanlara və qeyri-müsəlmanlara aman tanımadılar. Bununla da gerçək simalarını növbəti dəfə dünyaya göstərib, mərhəmət və şəfahət dini olan İslamın onlara zərrəcə aidiyyəti olmadığını nümayiş etdirdilər.
Zülmkarın, terrorçunun dini-imanı, milliyyəti olmaz. İnsanlara sevgi imandandır. Zülmlə mübarizədə həlak olanları isə Peyğəmbərimiz (ə) şəhid adlandırıb. Öz növbəsində müqəddəs Qurani-Kərimdə bir günahsız insanın öldürülməsi bəşəriyyəti öldürməyə bərabər günah sayılır, günahsız mömini öldürənlərə isə əbədi cəhənnəm vəd olunur.
Türkiyəyə qarşı budəfəki terror hücumunun birinci özəlliyi bu – din adına qanlı cinayətlər törədən İŞİD amili, onun sərhəd tanımayan qəddarlığı, mübarək Ramazan ayında belə sadə insanların, müsəlmanların, oruc əhlinin, iftara hazırlaşanların, uşaqların qanına susaması.
Hücumun ilk dəfə olaraq ölkənin xaricə əsas giriş-çıxış qapısı hesab edilən İstanbul Beynəlxalq Hava Limanında törədilməsi ikinci özəllik sayıla bilər (Türkiyədə, İstanbul hava limanında bundan əvvəlki terror hadisəsi 34 il qabaq – 1982-ci ildə ASALA tərəfindən törədilmişdi).
Bu, qardaş dövlətə ciddi bir mesajdır və şübhəsiz ki, onun xarici aləmlə əlaqələrinə, ünsiyyətinə sarsıdıcı zərbə vurmağa, xüsusən də turizm mövsümündə ölkəyə əcnəbi axınını əngəlləməyə, yekun etibarilə Türkiyənin iqtisadi və maliyyə dayaqlarına zərbə endirməyə, nəhayət, onun təcridinə hesablanıb.
Terrorçular və onların arxasında duran regional və beynəlxalq çaplı qüvvələr yaxşı bilir ki, hava limanında əsasən xarici vətəndaşlar, qonaqlar olur. Təsadüfi deyil ki, dünənki terrorun qurbanları arasında əcnəbilər də var. Bu da olsun hədəfin niyə məhz hava limanı seçildiyinə işarə edən üçüncü amil.
Yeri gəlmişkən, qanlı aktın Ankaranın İsrail və Rusiya ilə əlaqələri qaydaya salmağa başladığı günə təsadüfi eləməsi də diqqət çəkir. Hava limanındakı terror hücumunu Türkiyənin bu iki dövlətlə münasibətləri normallaşdırmaq istəməsinə cavab olduğunu düşünən təhlilçilər bu xüsusda az deyil. Terror aktının bu dəfə PKK deyil, məhz İŞİD tərəfindən törədilməsi sonuncu versiyanı gücləndirir. Niyə?
Ona görə ki, İŞİD artıq fərqindədir ki, üç ölkə arasında münasibətlərin normala qayıtması və güclənməsi onun özünə qarşı mübarizəni də mütləq gücləndirəcək, bu mübarizə yeni keyfiyyət fazasına keçirəcək, İŞİD ətrafında həlqə daha da daralmış olacaq.
Bütün hallarda hədəflərin mərkəzində sözsüz ki, Türkiyə dövləti, onun xalqı dayanır. Baş vermiş xain hücum həmçinin, beynəlxalq terrorizmlə mübarizədə qardaş məmləkətin ön cəbhədə qərar tutduğuna şübhə yeri saxlamır. Başqa sözlə, Türkiyə sinəsini indi həm də digər dövlətlər və xalqlara görə terrorçulara sipər edib.
Demək, bəşəriyyəti bu böyük bəladan qurtarmaq üçün ən əvvəl Türkiyəyə kömək əli uzadılmalı, ona hər cür dəstək verilməlidir. Terrorla mübarizədə qalibin İŞİD kimi bir amansız və qəddar qüvvənin olmasına əsla imkan verilə bilməz. Əks təqdirdə, bu gün özünü ən təhlükəsiz durumda və terrordan sığortalanmış sayan, “məndən ötdü və ötəcək” deyən hər kəs yaşadığı məkandan asılı olmayaraq, günün birində terroru öz evində görəcək.