Salyanda yaşam apatarına qoşulu iki çağanın xəstəxanada elektrik enerjisinin kəsilməsi səbəbindən vəfat etməsi, Bakıda ahıl qadının sağlam ayağının amputasiya edilməsi mediada və sosial şəbəkədə ciddi ajiotaj doğurub.
Yüzlərlə, bəlkə də minlərlə adam bu barədə həyəcanlı, hiddətli, bəzən də hüznlü qeydlər yazır.
Hiddət vektorları milli səhiyyənin, yerli həkimlərin üzərinə yönəlib.
Tənqidi fikirlər yazanları qınamaq mümkün deyil. Necə deyərlər, hər kəsin içində bir dərdi var.
Yeri gəlmişkən, bu ifadənin götürüldüyü məşhur “Cərrahpaşa” şarkısının hekayəti də tibbə aid kədərli bir olaydır. Vaxtilə müğənni Volkan Konakın kirvəsinin gənc oğlu xəstələnib, Cərrahpaşadakı klinikaya aparılıb, amma həkimlər yanlış diaqnoz qoyaraq onun həyatını xilas edə bilməyiblər. Bundan təsirlənən müğənni belə sətirlər yazıb, musiqi bəstələyib: “İnandıq doktorlara, öylə-böylə dedilər, ayrılıq dəftərini əlimizə verdilər”.
Bu qaydadır, əzizinin, yaxınının həyatına təhlükə yarananda hər kəs həkimləri məsul tutur. Belə olmalıdır, əlbəttə. Həkimlər insan həyatına cavabdehdir. Ancaq “həyatın qanunu” deyilən bir şey də var: bir gün yaranan bir gün getməlidir. Dünyanın heç bir həkimi bu əbədi qanunu dəyişdirə bilməz.
Biz 85-90 yaşlı valideynlərinin vəfat etməsinə görə təcili tibbi yardım briqadasını “gec gəldiniz” deyə döyən insanların ölkəsində yaşayırıq. Minlərlə belə hadisə baş verib və hər gün baş verir.
Bu yazım həkimləri müdafiə xarakteri daşımır. Obyektiv olmağa çalışaraq, həkimlərlə münasibətə dair öz şəxsi həyatımdan iki nümunə verirəm.
Bu ilin əvvəlində göslənilmədən səhhətimdə problem yarandı və ambulansla Bakı Sağlamlıq Mərkəzinə aparıldım. Orada bir həftə müalicə olundum. Çıxandan sonra Musavat.com saytında və “Yeni Müsavat” qəzetində (14 yanvar tarixli sayında) “Qanımın arasına girənlər” başlıqlı bir yazı dərc etdirdim. Yazıda belə sətirlər vardı:
“Hər gün neçə nəfər mənim kimi çətin duruma düşmüş xəstənin həyatını xilas edən Şahin həkim soyuqqanlı bir şəkildə qanaxmanı dayandırandan sonra dərhal başqa bir xəstənin həyatını xilas etməyə girişdi. Xəstəxanadan ayrılanda mən ona “qanımın arasına girən həkim” dedim və burada şişirtmə yox idi. Belə həkimi İranda, Türkiyədə tapsaq, başına dönərik. Amma o da, onun şöbə müdiri Fuad doktor da budur, burdadırlar…”.
“Adama öz qardaşları, oğulları kimi baxan tibb bacılarını unutmaq olarmı? Əsla. Aytən, Arzu, Təranə, Fəridə xanımların qayğıkeşliyi, şəfqətli əlləri heç vaxt unudulmaz. Allah hamısına kömək olsun. Gün gəlsin ki, onlar İsveçdəki, Norveçdəki həmkarları qədər maaş alsınlar, özləri insanlara sağlamlıq bəxş etdikləri halda məişət sıxıntısı çəkməsinlər”.
“Xəstəxananın direktoru Hikmət Həsənova belə bir nümunəvi şəfa ocağı və ciddi nizam-intizam bərqərar etdiyinə görə ayrıca minnətdarlıq düşür”.
“Demək, istəyəndə, çalışanda ortaya nümunəvi iş qoymaq olur. Bakı Sağlamlıq Mərkəzi həm xarici görünüşü, həm də interyerinin dizaynı, təmizliyi ilə xaricdəki məşhur klinikalardan seçilmir. Allah eləsin, bu cür şəfa ocaqları ölkəmizdə çox olsun və insanlar hər sağlamlıq probemləri ilə bağlı dağa-daşa düşməsinlər”.
İndi bir başqa misal da gətirim. Bu da şəxsən başımıza gələn hadisədir.
23 il əvvəl idi, fevralın soyuq günlərinin birində atam bir balaca özünü soyuğa vermişdi, nəticədə ödün sızmamasından səhhətində problem yaranmışdı. Əmim onu Bakıya gətirdi. 40 illik ailəvi tanışlığımız olan bir məşhur professor (adını çəksəm, çox adam tanıyacaq) atamı müayinə edib və bildirib ki, artıq ödüylə bağlı problem yoxdur, sızma bərpa olunub, amma mədəsində xora var, təcili kəsilməlidir, yoxsa xərçəngə çevirəcək, təcili 500 dollar (o vaxt 500 dolların alıcılıq qabiliyyəti təxminən indiki 2500 dollarınkı qədər idi) hazırlayın, əməliyyat edək. Təbiətcə skeptik olan əmim professorun assistentindən öyrənir ki, əslində atamın problemini əməliyyatsız da həll etmək olar, bir-iki həb kifayətdir. Beləcə, əmim atamı əməliyyat etdirmədən evə gətirdi. Bu 23 ildə atamn mədəsi bir dəfə də ağrımayıb. 79 yaşı var və gümrahdır. O 40 ilin tanışı olan həkim isə vəfat edib. İndi təsəvvür edin, bu, hələ bizə yaxın olan bir adamın fırıldaqla 500 dollar qopartmaq çəhdiydi, görün, bunlar yadların başına nə oyun açırlar. Əmin olun ki, bir baytar həkim müalicə etdiyi mal-qaraya necə yanaşırsa, bizim həkimlərin bir çoxu da pasiyentlərinə elə yanaşır.
Bəli, bu ölkədə yaxşı şəfqət ocaqları da var, yaxşı həkimlər də var. Ona görə də qurunun oduna yaşı yandırmaq, problemə total yanaşaraq, “bizdə səhiyyə ölüb”, “həkimlərimizin hamısı pisdir” demək ədalətsizlik olar.
Ancaq yuxarıda dediyim kimi, hər gələn xəstəyə pul dağarcığı kimi baxan, əlinə düşmüş sağlam adamı belə soymamış buraxmayan, onun vəziyyətini ağırlaşdırıb öz maddi problemlərini həll etməyə çalışan həkimlər də çoxdur.
Bu ölkə də adamın yaxşı həkimlərə rast olması bir az ağıl-kamal, fəhm, bir az da bəxt məsələsidir. Gendən kimin yaxşı, kimin pis olduğunu bilmək olmur. Gərək arada tanışlıq, dostluq, nəsə bir yaxınlıq olsun. Hələ o da kifayət deyil. Atamın hekayəti də göstərdi ki, ən yaxın tanış həkim belə vicdanlı olmaya bilər.
Səhiyyə elə bir sahədir ki, burda çalışanlar istisnasız olaraq vicdanlı olmalıdır. Vicdansız müəllim, vicdansız hakim, vicdansız jurnalist, vicdansız ticarətçi və sair vicdansız peşə sahibləri cəmiyyət üçün təhlükədir, söz yox. Amma vicdansız həkim Əzrayıl deməkdir.