Antalyanın Belek bölgəsindəki 5 ulduzlu otelin rəhbərlərindən olan Diyar İçkale Gültekin Rusiyanın dövlət başçısı Vladimir Putinə sülh məktubu yazaraq, rusları Türkiyəyə çağırıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktubda “Sevgili rus xalqı, bizim qardaşlarımız və dostlarımız… Kin tutmayın, barışaq. Antalya sizi gözləyir” – deyə qeyd edilib.
Otel idarəçisi D.İ.Gültekin Rusiya ilə yaşanan təyyarə problemindən sonra Antalyaya gələn rus turistlərin sayının azaldığını qeyd edib: “Bu vəziyyət turizm sektoruna çox təsir etdi. Bizlər turizm sektoru nümayəndələri olaraq, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinə göndərdiyi məktubu və böhranın sonlandırılmasına görə atdığı addımlara olduqca əhəmiyyət veririk.
Əsrlərdir ki, bir könül və qardaşlıq köprüsü ilə bir-birinə bağlanmış iki ölkə vətəndaşlarının yenidən ortaq məxrəcə gəlməsi və bu dostluğu irəli illərə daşınması üçün biz turizmçilərin üzərinə böyük məsuliyyət düşür.
Mən də ölkəsini sevən, yaşadığı şəhərə müsbət dəyər verən bir fərd kimi Vladimir Putinə bir məktub yazmağa qərar verdim. Ümid edirəm ki, iki ölkə arasındakı problemlər bir an öncə öz həllini tapar”.