Mən fikir verdim, azərbaycanlı həkimin xəstənin sağlam ayağını kəsməsi haqda xəbəri dünya mediasında heç kim paylaşmadı. Bu da dünyanın ikili standartla yaşamasının, Azərbaycan həqiqətlərini görmək istəmədiyinin tipik nümunəsidir. Nə təhər olur, bizim qəzetlər və telekanalizasiyalar planetin hər yerindən istənilən əcaib işləri tapıb yazır, bunlar yazmaq istəmir? “Avstriyada müəllim uşağın başına xətkeşi soxdu”, “Belçikada mühəndis binanın bir divarını tikməyi yaddan çıxartdı”, nə bilim, “Almaniyada həkim xəstənin qulağını dabanına tikdi” və sairə… Biz bunların hamısını manşetdən yazırıq, əcnəbilər isə “Azərbaycanlı həkim sağla solu qarışdırdığı üçün xəstənin qanqrenalı ayağını qoyub sağlam ayağını kəsdi” xəbərinə lap axırda elanlar bölümündə də yer vermədilər.
Ancaq başqa xəbər olanda dərhal yazırlar. Elə dünən İtaliya qəzetləri bizim yapistlərin bir italyan deputata 2 milyon 390 min avro rüşvət ötürməsi haqda məqalə veriblər. Yazıda deyilir ki, həmin deputat Luka Volonte müəllim AŞ PA-da müavin işləyir. Keçən il AŞ PA azərbaycanlı siyasi məhbuslarla bağlı qətnamə qəbul eləmək istəyəndə bunun əleyhinə daha çox səs verilmişdi. İndi İtaliya prokurorluğu tapıb ki, bu, Luka əkənin yapistlərdən rüşvət almasının nəticəsində olmuşdur, cinayət işi açıblar. Axırı necə olacaq, deyə bilmərəm, mümkündür İtaliya hüquq-mühafizə orqanları da komissar Katani-nin ruhuna xəyanət edərək Luka əkəyə heç zad eləməsinlər, hətta Azərbaycan təcrübəsindən yararlanaraq onun əvəzinə başqa bir deputatı tutub dama salsınlar. Bu asılıdır bizim hökumətin sonrakı fəaliyyətindən. Müdriklər demişkən, xoşbəxtlik pulda deyil, onun miqdarındadır. Yaxşı pul basıb Luka-nın yerinə azərbaycanlı siyasi məhbus basmaq olar, elə Avropa Məhkəməsinin çoxdan azadlıq tələb elədiyi İlqar Məmmədovu göndərərik. Qoy bir az da Avropa türməsində yatsın, nə ziyanı. Özü də görünüşcə intellektual avropalıya oxşayır.
Araşdırma aparsaq əslində o rüşvətin italyan deputata Azərbaycandakı repressiyanı ört-basdır eləmək üçün verilmədiyi, məqsədin başqa olduğu ortaya çıxar. Bəlkə Luka muğam müsabiqəsi, dolma festivalı, sarı gəlin konkursu keçirməliymiş. Hamının belə vicdanlı səhv eləmək hüququ var, neyləyək? Çağırıb 3 milyon avro verək, getsin Azərbaycan həqiqətlərini italyan polisinə də izah eləsin.
Yeri gəlmişkən, məndə dəqiq məlumat var ki, səhiyyədə problemlər üzə çıxanda dövlət rəhbərliyi nazir Oqtay müəllimi cəzalandırmaq istəyibmiş. Sadəcə, sərəncam masaya soldan yox, sağdan qoyulub, ara yerdə başqa Oqtay müəllim – parlamentin spikeri cəzalanıb. Cəza Zahid Orucun çoxlu danışması şəklində verilib. Oqtay Əsədov bu cəzanın təsirindən, ağırlığından neçə gündür özünə gələ bilmir.
Açığı, məncə də çox qeyri-humanist cəzadır. Kim olsa dözməzdi. Şəxsən mənim özümə bir dəfə Zahid müəllim hansısa yazıya görə irad tutmağa zəng etmişdi, ona qulaq asandan sonra getdim intihar elədim. Ancaq təbii ki, mən də ipi qarışıq saldım, özümü saçaqlı pendirdən asdığım üçün sağ qaldım.
Sonda italyan deputata rüşvət vermək mövzumuza qayıdıram. Bu da Azərbaycanın saysız uğurlarından biridir. Artıq ölkəmizdə işsizlik, aclıq problemləri həll edilibdir, kasıbların kökü yerli-dibli kəsilibdir, indi biz dünyadakı ac-yalavacların qarnını doydurmalıyıq. Yeri gələndə italyanlar da bizimkilərdir, hansının adına baxsan Canluka, nə bilim, Canbaxış, Sara, Covanni (bunun da mənası cavan oğlan deməkdir) … AMEA Tarix İnstitutunun direktoru Yaqub müəllimin “Türklər İtaliyada – etrusklar və Monika Beluççi” əsərində qədim türk tayfalarının Siciliya adasına necə çıxması, orda dünyanın ilk mafiyasını qurması ətraflı təsvir edilmişdir. AMEA Dilçilik İnstitutu isə “mafiya” sözünün qədim azərbaycan dilində “məhvi ya” sözündən götürüldüyünü isbata yetirmişdir.
İndi söz əlaqədar italyanlarındır.