Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, ilk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb.
Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.
55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da sonuncu xalı qazanan Nofəl Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısı ilə qarşılaşacaq.
66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib üstün olub. Sənan Süleymanov bürünc medal uğrunda görüşə çıxacaq.
84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizin rəqibi Türkiyə təmsilçisi olacaq.