Azərbaycana məxsus hərbi vertolyotların Türkiyə səmasındakı uşuşlarını izləmək qürurvericidir. Bir zamanlar İran Azərbaycanı təhdid edəndə Türkiyənin hərbi təyyarələri Azərbaycan səmasında uçuşlar həyata keçirərək ölkəmizə dəstək vermişdilər. Bu dəfə Azərbaycan hərbçiləri qardaş ölkə səmasında birlik mesajı verdilər.
Son aylarda yaşananlar bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyənin bir yerdə olmasının alternativi yoxdur. Avropa Birliyi terrorla təkbaşına mücadilə aparan, sərhədlərində müharibələr gedən, 3 milyondan çox qaçqını ağuşuna alan qos-qocaman Türkiyəyə qarşı əlindən gələn pislikləri etdi. Böyük Britaniyanın baş naziri Türkiyənin 3 mininci ildə Avropa Birliyinə üzv olacağını dedi, Almaniya isə “erməni kartı”ndan qardaş ölkə əleyhinə istifadə etdi.
İndi şübhələr daha da çoxalır ki, əslində Rusiya-Türkiyə münasibətlərini pozan üçüncü qüvvə var. Regionda İŞİD adında başkəsənlər ordusunu yaradan, onu silah-sursatla, müasir avadanlıqlarla təmin edən laboratoriyalar üçün bir rus təyyarəsinin vurulması layihəsi nədir ki?
Bu mənada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə Rusiya günü münasibətilə təbrik məktubu ünvanlaması tam normal addım idi. Bəlkə də tərəflər münasibətləri gərginləşdirməkdə çox irəli getdiklərini yaxşı bilirlər, sadəcə heç biri irəli çıxıb “keçmiş olsun, bir iş idi oldu, gəlin yenidən başlayaq” demək istəmir. Ancaq ara yerdə üçüncü qüvvələr qazanır, özü də təkcə turizmdən yox…
Azərbaycan Rusiyadan böyük həcmdə silah-sursat, hərbi texnika alıb və T-90 tanklarının sonuncu partiyası ilə elə bu günlərdə ölkəmizə gətirilib. Paralel olaraq Azərbaycan Türkiyəyə 60 ədəd ATAK vertolyotu sifariş verib. Qərb isə ümumiyyətlə, işğal olunanla işğala məruz qalan arasında bərabərlik işarəsi qoyub və bizə silah satmır. Hansı ki, Azərbaycan antiterror koalisiyasının üzvüdür. Deməli, bir sıra hallarda demokratik Qərbin Qarabağ məsələsinə daha ədalətsiz yanaşdığını deməliyik. BMT qətnamələri ümumiyyətlə, unudulub…
Təbii, bu həqiqəti də unutmamalıyıq ki, Rusiya heç zaman Azərbaycan torpaqlarının bütövlüyündə maraqlı olmayıb, bundan sonra da olmayacaq. Ermənilər bu günlərdə etiraf etdilər ki, 90-cı illərdə Rusiya olmasaydı, onlar Azərbaycana məğlub olacaqdılar. Ancaq eyni zamanda qonşuluq prinsiplərinə istinad edərək münasibətləri normal saxlamağa çalışmağımız gərəkdir və bunun alternativi yoxdur. Əks halda fəlakətlər qaçılmazdır, Ukrayna, Gürcüstan nümunəsi var.
Eyni sözləri İranla bağlı da demək olar. İrana ultimativ dildə “sən niyə Ermənistanla əməkdaşlıq edirsən” demək Azərbaycana uğur gətirməyəcək. Etiraf edək ki, ermənilər usta davranırlar. Necə ki, Bakı-Tehran münasibətlərindəki yaxınlaşmasını müşahidə edən Ermənistan rəhbərliyi hərəkətə keçdi, Tehrana səfər təşkil olundu, iki ölkə arasında viza aradan qaldırıldı, Ruhani İrəvana dəvət edildi. Üstəlik də Ermənistan 2016-cı ildə İrana 1,02 milyard kilovat-saat elektrik enerjisi ixrac etmək istədiyini bəyan etdi. İranın verdiyi qazın ödənişini elektrik enerjisi ilə edəcəklər. Azərbaycan-İran münasibətlərində də bənzər razılaşmalar var, üstəlik Ruhani yayın sonlarında Bakıya gələcək. Guya Mahmud Əhmədinejad Sərkisyanla qucaqlaşanda nə baş verdi ki, Ruhani İrəvana gedəndə nə olacaq?
Qoy İran Ermənistanla alış-verişini eləsin, Azərbaycan da İsraildən aldığı silahla erməni işğalçılarının başını əzsin. Təbii ki, Tehrana etirazımızı bildirməkdən də çəkinməməliyik, amma elə edək ki, ermənilər yarana biləcək gərginlikdən yararlanmasın. Lap biz də İranla vizalı rejimin ləğvinə getməliyik. Niyə 35 milyon azərbaycanlı Bakıya viza ilə gəlməlidir?
İran və Rusiya isə “status-kvo”nun qalmasını, bu iki ölkənin əbədi düşmən olmasını istəyir. Bölgədə təsirlərini saxlamaq naminə. Saxta “soyqırım”ı tanıyan, Bako Saakyana Avropada tribuna verən, Azərbaycanın ərazi bütövlüyünün səsverməsində bitərəf qalan, Ermənistanın işğalçı olduğunu rəsmən bəyan etməyən, Dağlıq Qarabağ separatçılarına, bölgəni atom silahı ilə təhdid edən Ermənistana böyük pullar ayıranlar isə Qarabağın azadlığını istəyirlər, ancaq erməni işğalından yox, Azərbaycandan azad olunmasını. Buna şübhəniz olmasın. Əks təqdirdə Qarabağda ölən erməni hərbçilərinə görə hər dəfə qara geyinməz, “narahatıq” deməzdilər. Budur, onların gerçək siması…