Belə şeylər həyatda çox olur. Gedirsən bir yerə kabab yeməyə, görürsən orda eşşək dağlayırlar. Yaddaşının hansısa dərəsində bir xatirə qımıldanır: “Axı elə bil keçən dəfə də mən burda kabab yeyəndə eşşək dağlayırdılar, bəs hansı ağılla bura gəlmişəm?”.
Bax, dünyagörmüş millətlər belə psixoloji halın adını dejavyu qoyublar. Fransız sözü imiş, anlamı hərfi olaraq elə “bunu görmüşəm”dir. İndi sizə dahi Üzeyir Hacıbəylidən iki isti dejavyu yazım.
Demək, hazırda Bakının mərkəzi hissələri, bulvara gedən yollar Formula-1 yarışına görə bağlıdır. Hökumət xalqın pulu ilə keçirilən yarışa elə həmin xalqın qıraqdan baxmasına da imkan vermir, yolları palaza bürüyüblər. İndi gəlin Üzeyir bəyin 1907-ci il 22 apreldə “İrşad” qəzetində yazdığı felyetonu oxuyaq: “Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılaçaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı” . O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəçəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır.
Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəçəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəgdir ki, filan yerdədir.
O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşaçaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, çamaatin başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki, bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür”.
İndi mən Üzeyir bəyin bu möhtəşəm əsərindən sonra nə yazım?
Yaxud, təzəlikcə Yaponiyada Tokionun qubernatoru istefa verdi. Çox gülünc səbəblər var – bizim pəncərədən baxanda. Sən demə goburnat iş maşınından şəxsi bağına getmək üçün yararlanıb, bir də idarənin pulu ilə rəsm çəkmək üçün kağız alıbdır. Dəhşətdir. Gəlin Üzeyir bəyin elə həmin 1907-ci ildə, cəmi 4 gün sonra – 26 apreldə yazdığı başqa əsəri qısa ixtisarla oxuyaq. “Müsəlman kəndlisinin siyasi söhbəti” adlanır:
“ – Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
– Əlbəttə, vəzir böyükdür!
– Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?
– Salar!
– Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə dəyilmi?
– Bəli!
– Goburnat da deməli, nəçənliyi salar?
– Bəli!
– Nəçəlnik də pristavı salar?
– Bəli!
– Pristav da yüzbaşını salar?
– Bəli!
– Yüzbaşı da, deməli bizi salar?
– Bəli!
– Yaxşı, onda deməli, bu gün məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?
– Salmağına salar, amma qazamatda bir elə yer olmaz…”
Mən bu söhbətdən sonra durum təzədən Tokio goburnatını Hacıbala və sairə müəllimlərlə müqayisə edim – bambılılıq olar. Kişi tarixi yazıb gedib, Formula-1 pisti kimi bir şeydir, qırağa çıxsaq avariya edərik.