Formula 1-in start götürməsinə sadəcə bir gün qalıb. Artıq son tamamlanma işləri də yekunlaşır.
Bu ərəfədə Formula 1 yarışının təşkilatçısı Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai AzNews.az-a müsahibə verib.
– Azərbaycanda bu yarışa maraq necədir? İlk dəfə keçirilən yarışa öz vətəndaşlarımızın bilet əldə etmək istəyi qaneedicidirmi? Yoxsa tribunalar ancaq xarici vətəndaşlardan və jurnalistlərdən ibarət olacaq?
– İlk dəfə keçirilməsinə baxmayaraq, ölkə vətəndaşlarının yarışa marağı olduqca böyükdür. İyunun 17-19-da baş tutacaq Avropa Qran Prisi üçün bilet satışına ötən ilin dekabrın 19-dan start verilib. İlk aylarda xarici vətəndaşlar yarışa bilet alırdısa, indilərdə – yarışa çox az müddətin qaldığı bir ərəfədə bu göstərici yerli vətəndaşların lehinə dəyişib. Xüsusilə yarış ərəfəsində dünya ulduzlarının Bakıda səhnəyə çıxacağını elan etdikdən sonra və həmçinin yarış yaxınlaşdıqca şəhərin mərkəzində trek bütün yönləri ilə tam ərsəyə gəldikcə Azərbaycan vətəndaşlarının yarışa marağı daha da artıb və bu da öz növbəsində bilet satışlarına təsir edib. Biz ümumilikdə ölkə əhalisində yarışa böyük maraq müşahidə edirik.
– Bəs daha çox bilet alan ölkələr hansılardır?
– İndiyədək satılan biletlərin yarısını Azərbaycan vətəndaşları alıblar. Ümumilikdə beş qitəni əhatə edən 37 ölkədən bilet alınıb. Xaricə satılan biletlərdən 40 faizi Rusiya vətəndaşları tərəfindən alınıb. Böyük Britaniya, Ukrayna, Hollandiya və digər aparıcı Avropa ölkələri ilə yanaşı ərəb ölkələrindən də yarışa maraq böyük olub. Onu qeyd edim ki, ilk bilet ABŞ-dan alınıb.
– Biletlərin bahalığı barədə söhbətlər var. Bununla bağlı narazılıq edənlər olubmu?
– Formula 1 çempionatı hər il keçirilir və Qran Pri yarışlarının 187 ölkədə 500 milyondan çox izləyicisi var. Azarkeş kütləsi olduqca böyükdür. Bilet qiymətləri Qran Pri keçirilən digər ölkələrə müvafiq şəkildə təyin olunub. Ancaq buna baxmayaraq, biz yerli vətəndaşlara 20-40 faizədək endirimlər təklif edirik. Bununla yanaşı sırf ayaqüstü zonalar var ki, bu da ancaq ölkə vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşamaq icazəsi olan xarici vətəndaşlara təklif olunurdu. Ayaqüstü zonaya tələb çox olduğundan bu zona üçün ayrılmış biletlərin hamısı digər tribunalardan əvvəl satılıb. Onu da qeyd edim ki, tribunalar trekin ən görkəmli yerlərində quraşdırılıb və bu yerlər üçün bilet satışı da qənaətbəxş səviyyədədir. Bilet satışına əsasən deyə bilərəm ki, qiymətlərlə bağlı elə bir narazılıq müşahidə olunmur. Çünki bu üçgünlük biletlərə sahib olanlar Formula 1 və GP2 yarışları ilə yanaşı, dənizkənarı bulvar boyunca yerləşən Formula 1 şəhərciyində dünya ulduzlarının konserti və digər əyləncə tədbirlərində də üç gün ərzində iştirak edə biləcəklər.
-Yəqin ki, yarışlardan öncə test yürüşləri olacaq… Əgər yarış maşınlarının hərəkət etdiyi trasda hansısa problem yaranarsa, bunu necə aradan qaldıracaqlar? Ümumiyyətlə, bu barədə nəsə düşünülübmü? Yoxsa 100 faiz zəmanət verilir ki, heç bir problem olmayacaq?
– İyunun 19-da baş tutacaq əsas yarışdan əvvəlki günlərdə komandalar və pilotlar trekdə sınaq yürüşü keçirəcəklər. Eyni zamanda əvvəlcə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) trekin yarışa hazırlığı və təhlükəsizliyi ilə bağlı rəsmiləri Bakı Şəhər Halqasını yarışdan əvvəl təftiş edəcəklər. FİA-nın yarış direktoru və təhlükəsizlik üzrə nümayəndəsi Çarli Vaytinq son səfərində mətbuata açıqlama verdi ki, Bakı Şəhər Halqasının yarışa hazırlığı yüksək səviyyədədir. Bildiyiniz kimi, yarışın rəsmiləri sayılan marşallar yarış zamanı pilotların təhlükəsizliyini təmin etmək üçün gərəkli tədbirləri anında yerinə yetirməyə çalışacaqlar.
Ümumiyyətlə bütün mümkün qəza vəziyyətləri və ya arzuolunmayan hər hansı bir hadisə üçün tədbirlər planı əvvəlcədən hazırlanıb. Ona görə də bu barədə heç bir narahatlığa əsas yoxdur.
– Formula 1 zamanı Enrike İqlesias, Kris Braun və Farel Vilyams konsert verəcək. Bunlar bəllidir. Bəs başqa müğənnilərlə danışıqlar olubmu?
– Adlarını qeyd etdiyiniz dünya ulduzları dənizkənarı bulvarda yerləşən Formula 1 şəhərciyinin əsas səhnəsində tamaşaçıların qarşısına çıxacaqlar. Onlar Bakıda həmin günün ən böyük konsertini nümayiş etdirəcəklər. Bu müğənnilərlə yanaşı yerli və xarici digər populyar incəsənət nümayəndələrinin də iştirakı nəzərdə tutulub. Bu haqda ətraflı məlumatı rəsmi saytımızın müvafiq bölməsindən (Əyləncə və F1şəhərciyi bölməsi) əldə edə bilərsiniz.
– Bəs niyə səhnəyə çıxacaq olan əsas müğənnilər arasında yerli müğənnilər yoxdur?
– Formula 1-in dünyada böyük azarkeş kütləsi var. Avropa Qran Prisini izləmək üçün xaricdən çox sayda turist Bakıya gələcək. Biz tamaşaçılara yarışla yanaşı əyləncə də təqdim etmək istəyirik. Sözsüz ki, xaricdən gələn azarkeşlər və həmçinin yerli azarkeşlər üçün də ən ideal olanı dünya miqyaslı ulduzların səhnəyə çıxmasıdır. Xarici müğənnilərin Bakıya gələcəyini elan etməyimizdən dərhal sonra bilet satışlarında xeyli artım müşahidə olunub. Bu da onu göstərir ki, əyləncə proqramımız xarici azarkeşlərlə yanaşı yerli vətəndaşların da könlüncə olub.
– Bu yaxınlarda müsahibələrinizin birində bildirmisiniz ki, izləyiciləri surpriz gözləyir. Maraqlıdır, bu surprizlər arasında Azərbaycanı qonaqlara daha yaxından tanıtmaq üçün hansısa tur, gəzinti düşünülübmü?
– Dənizkənarı bulvar ərazisində salınan Formula 1 şəhərciyində Azərbaycan mədəniyyətini əks etdirən müxtəlif köşklər olacaq. Bununla yanaşı şəhərin trekə yaxın olan yerlərində, Mədəniyyət və Turizm Nazirliyinə məxsus incəsənət binalarında Bakıya gələn turistləri milli mədəniyyətimizlə yaxından tanış etmək üçün müxtəlif tədbirlər təşkil olunacaq.
– Yarış bitdikdən sonra söküntü işləri nə qədər çəkəcək?
– Yarışın sonrakı günü söküntü işlərinə start veriləcək. İlk növbədə trekin keçdiyi küçələrdə yerləşdirilmiş baryerlər götürüləcək və buna paralel olaraq da dənizkənarı bulvar zonasında olan müvəqqəti tikililər söküləcək. Tikinti-quraşdırma ərəfəsində olduğu kimi söküntü zamanı da bütün təhlükəsizlik tədbirləri alınacaq və həmçinin şəhər sakinlərinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunmasına xüsusi diqqət yetiriləcək. Bu da öz növbəsində söküntü prosesini bir qədər uzadacaq. Bununla belə bütün söküntü işlərinin iyulun sonunadək yekunlaşması nəzərdə tutulub.
– Söküntü zamanı şəhərə hansısa bir ziyan dəyə bilərmi?
– Yarışdan sonra trekin ətrafında quraşdırılmış baryerlər, tribunalar, Paddok ərazisindəki və dənizkənarı bulvardakı tikililərin hamısı soküləcək. Tikinti-quraşdırma işləri necə aparılmışdısa, yarışdan sonra da bütün lazımi təhlükəsiz tədbirlər alınaraq söküntü işləri həyata keçiriləcək. Əminik ki, bu proses ərzində şəhərə hər hansı bir ziyan dəyməyəcək.