Загрузка...

img1266838

Ermənilər İran-Azərbaycan əlaqələrindən ciddi narahatdır. Xarici işlər naziri Edvard Nalbəndyan əbəs yerə özünü tez-tələsik Tehrana yetirməmişdi ki. Elə həmin səfərdən sonra iki müsəlman qonşunun münasibətlərinə xələl gətirməyə yönəlik xəbərlərin yayılması da təsadüfi deyildi. Erməni məkri hər zaman öz işindədir.

Aprel ayında Azərbaycan və İranın dəmir yolunun (Qəzvin-Rəşt-Astara) birləşdirilməsi ilə bağlı mühüm bir anlaşma əldə olundu. Təsəvvür edin, Ermənistanın Qarabağ cəbhəsində sarsıdıcı zərbə almasından iki həftə sonra iki müsəlman ölkə dəmir yolu xətlərini birləşdirməyə qərar verdi. Ermənilər Bakı ilə Tehranı bir-birindən daha çox ayırmaq üçün kilsədə dua etdiyi halda, 20 apreldə Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirildi. Azərbaycan və İran Astarasını birləşdirəcək bir körpü.

Bunun ardınca Azərbaycan inşaat işlərinin maliyyələşdirilməsi üçün 500 milyon dollarlıq kredit ayırmağa da razılıq verdi. Elan olundu ki, tələb olunan əlavə 500 milyon dolları isə İran xərcləyəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov keçən həftə İrandan gəlmiş nümayəndə heyətini qəbul edərkən deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən nəhəng layihə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Artıq Astara-Astara körpüsünün inşasına başlanılıb, ermənilər necə dözsün? Düşmən Xudafərini ona görə nəzarət altında saxlamır ki, Astara körpüsü tikilsin.

Dəmir yollarının birləşdirilməsi təkcə Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirildməsinə gətirib çıxartmayacaq, yük daşımaları ilə əlaqədar ölkələrin gəlirlərini artırmayacaq, həm də iki ölkə arasındakı soyuqluğu aradan qaldırmağa imkan verəcək. Təbii ki, belə vəziyyət işğalçı Ermənistanı heç cür qane edə bilməzdi. Ona görə də İrəvan-Tehran əlaqələrindəki yeni mərhələ görüntüsü yaratmağa çalışdılar.

Düzdür, Qarabağdakı salamat məscidlərdə donuz (!) saxlayan ermənilər bəzən İran hakimiyyətinin ürəyinə girməyi də bacarır. Necə ki, prezident Ruhani Nalbəndyan vasitəsilə cinayətkar Sərkisyana salam göndərdi və İrəvana gedəcəyini bildirdi. Ancaq hətta bu cür jestlər də İran-Azərbaycan münasibətlərini pozmamalıdır. Bakı maksimum soyuqqanlı şəkildə nəhəng layihələrin reallaşmasına çalışmalıdır, əsas nəticədir. Ermənilər dəmiryolu layihəsinin yarımçıq qalmasını çox arzulayardı…

90-cı illərdən fəaliyyəti dayanan Suxumi-Tiflis-İrəvan dəmir yolu xəttinin bərpası barədə xəbərlərin yenidən dövriyyəyə buraxılması da təsadüfi deyil. Azərbaycanla Gürcüstan arasındakı qaz anlaşmasını pozmaq üçün də çox çalışmışdılar, hətta İrana Ermənistan üzərindən Gürcüstana qaz nəqli təklifini vermişdilər. Bu, əslində Bakı-Tiflis və Bakı-Tehran münasibətlərini korlama layihəsi idi.

Hələ illər öncə keçmiş prezident Levon Ter-Petrosyan “İran Ermənistan üçün nəfəslikdir, o nəfəslik olmazsa, Ermənistan boğular” demişdi. İndi də vəziyyət dəyişməyib. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri bəllidir. Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik səbəbindən işğalçı İran “nəfəsliyi”nə ümid bəsləyir. Ona görə də hər dəfə Dağlıq Qarabağın Mehri ilə mübadilə olunması təklifindən havalanırlar.

Keçən il Qərb İrana qarşı sanksiyaları aradan qaldıranda bundan sevinən həm də Ermənistan olmuşdu. Erməni düşünürdü ki, Rusiyanı atıb rahatca İran üzərindən Qərbə çıxış imkanı əldə edəcək. Kreml də ehtiyatlı tərpəndi və Ermənistanın hər yeri kimi, havasını da tam nəzarətə götürdü.

İndi Ermənistanda çoxları məcburiyyətdən – xüsusilə də aprel dərsindən sonra – Rusiyanın bu addımına dözür. Ancaq ağıllı ermənilər bu “havasızlıqdan” – Rusiyanın Ermənistanın hava məkanını nəzarət altına almaq qərarından – boğulduğunu açıq deyir. Elə buna görə də Ermənistan parlamentinin bu sənədi ratifikasiya edəcəyi 13 iyun günü etiraz aksiyası təşkil ediblər.

Bu gün Ermənistan həm də ondan narahatdır ki, İran-Azərbaycan dəmiryolu layihəsində Rusiya da var. Erməni mediası manşet yazılarında qeyd edir ki, bu yolla gündə 5 milyon ton (gələcəkdə bu rəqəm 10 milyona çatacaq) yük daşınacaq. Və təbii ki, 2017- ildən reallaşacaq bu nəhəng layihəyə ermənilər uzaqdan baxacaqlar, Lələtəpəyə baxdıqları kimi…