“Həyətdə alaq da təmizləyirəm, ot da biçirəm”
Türkiyədə yaşayan azərbaycanlı maniken və model Könül Əzizin Aile.lent.az-a müsahibəsini təqdim edirik.
– Könül, bir müddətdir ki, səni Bakıda görürük. Türkiyədə fəaliyyətini dayandırmısan?
– Türkiyədən ayrıla bilmərəm. Qısa müddətlik burdayam. Amma sentyabra qədər İstanbula qayıdacam. Türkiyədə modelliklə məşğulam. Orada model və tekstil biznesi genişdir. Ona görə də bizdəki kimi çətinlik yoxdur. Hər hansı agentliklə müqavilə əsasında işləmirəm. Çünki bu halda onlara faiz verməliyəm. Amma artıq 8 ildir ki, oradayam, tanınıram və özləri dəvət edirlər.
– Türkiyəyə yolun necə açıldı?
– 9 il əvvəl İstanbula sadəcə bir həftəlik gəzməyə getmişdim. Orada model və manikenlik biznesi ilə məşğul olan dostlarımla görüşdüm. Mənə onlarla işləmək təklif etdilər. Əvvəlcə tekstil firmalarından birinin siması kimi fotosessiyada iştirak etdim. Bundan sonra bir neçə dəvət aldım və artıq həyatımı ora bağlamalı oldum. Türkiyə ikinci vətənimdir.
– Modellikdən əvvəl nə işlə məşğul olurdun?
– Turizm sahəsi üzrə təhsil almışam. Mədəniyyət və Turizm Nazirliyində tarixi abidələr şöbəsində işləyirdim. 5 il Şirvanşahlar sarayında gid işləmişəm. Həm də makiyaj vasitələri satan mağazam var idi. Dostlarımdan biri kinoya çəkilmək üçün görüşə gedirdi. Mən də onunla getdim. Rejissor mənə də şirkət müdiri rolunu təklif etdi. Uğurlu olmayan bu filmə çəkildim. Sonra bir neçə reklam təklifi aldım. Bir də gördüm ki, özümdən xəbərsiz tam fərqli işlə məşğul oluram. Kinoya gəlmək, aktrisalıq, modellik fikrim yox idi. Atam maştağalıdır. Qapalı ailədə böyümüşəm. O vaxt qızlar şalvar belə, geyinə bilməzdilər. Ağlıma da gəlməzdi ki, belə bir ailədə böyüyən qız bu cür sahəyə gələr. Elə həmin ərəfədə İstanbula getdim və model kimi orada qarşımda daha böyük yol açıldı. Maniken kimi də ilk dəfə İstanbulda podiuma çıxdım. Əslində boyu 175 sm-dən yuxarı olanlar maniken ola bilirlər. Amma boyum 171 sm olsa da, məni podiuma çıxardılar. Çünki peşəkarlar deyir ki, mən əynimdə paltarı satıram. Biri var model özünü göstərir, özünü ön plana qoyur, mənsə geyimi yaşadıram. Bu qabiliyyəti məndə gördülər və beləliklə, maniken kimi də fəaliyyətə başladım. Mənim simam onlara fərqli və maraqlı gəldi. Məni ispan, italyan qızlarına oxşatmışdılar.
– Öz peşəndən kifayət qədər pul qazana bilirsən?
– Özümü idarə edə biləcək qədər qazanıram. Azərbaycanda əvvəl çox tanınmırdım. Çünki özümü heç vaxt reklam etmirdim. Düşünürəm ki, öz işimi görürəmsə, reklam nəyə lazımdır? Orada “Best model” olan qızın qazandığı pulu heç kim qazanmır, amma onu heç kim tanımır. Efirlərə çıxıb özümüzü reklam etmirik. Sadəcə öz işimizi görürük. Mənə məşhurluqdan daha çox çörək pulu qazanmaq lazımdır. Məşhur adamların defiləsinə çıxanlar pul almır. Onlara sadəcə lazımdır ki, “ filankəsin defilesində əsas model oldu” desinlər. Amma mənə bu, lazım deyil. Türkiyədə butik, modelyer, fabrik, saytlar çoxdur. Ona görə də iş tələbatı olduğu üçün pul qazanmaq olur. Mən o işə görə sağlamlığımdan da olmuşam. Gecə-gündüz işləmişəm.
– Bizdə niyə model və manikenlik biznesi inkişaf etməyib?
– Əvvəla tekstil biznesi yoxdur, modelyer və modelyerlərə tələbat azdır. Modelyerdən çox dırnaqarası modellər var. Bir ölkədə tekstil azdırsa, orada maniken və modellik inkişaf edə bilməz. İkincisi, insanların düşüncəsi fərqlidir. Azərbaycanda model deyəndə ortaya mentalitet söhbəti düşür, bir az pis baxırlar. Deyək ki, qızlara pis baxırlar. Amma axı oğlanlar da işsizdir. İldə 2-3 dəfə defile olur. Haradan gəlir əldə etsinlər?
– Azərbaycandakılar dırnaqarası modellərdir?
– Bizim model olacaq qız və oğlanlarımız çoxdur. Amma yanlış insanlar model olaraq özlərini qələmə verirlər. Model biznesinin də adını belə batırırlar. Hər toy makiyajı, üçmərtəbəli saç düzümü edən ora-burasını açır ki, mən də bunu bacarıram. Ancaq baxanda nəyə görə ora-burasını açdığı bilinir. Onları görən valideynlər, qohum-əqrəba da modellərə pis gözlə baxır. Elə təəssürat yaradıblar ki, insanlar modellərə pis yolun insanları kimi yanaşırlar. Qızlar elə bilirlər ki, özlərini model kimi reklam etsələr, bunların müştəriləri artacaq, kişilərin bunlara həvəsi yaranacaq. Lakin ölkə üçün heç nə etmirlər. Model təkcə podiuma çıxan insan deyil. Ölkən üçün də nəsə etməlidir. Mənsə dəfələrlə öz cibimin xərci ilə Azərbaycanı təmsil etmişəm. Məni “azərbaycanlı model” kimi təqdim edirlər. Türkiyə telekanallarından birində yarışma verilişinə qatıldım. Azərbaycanın mətbəxindən tutmuş, rəqsə qədər təbliğat apardım. Hətta “Sarı gəlin” rəqsini qurmuşdum. Amma verilişə daxil etmək istəmirdilər. Mən də dedim ki, ya imtina edirəm, ya da “Sarı gəlin” rəqsi olacaq.
– Qeyd etdin ki, modellərə və manikenlərə dırnaqarası baxırlar. Sən də bu baxımdan əziyyət çəkmisənmi, yəni sənə qeyri-ciddi yanaşanlar olub?
– Yox. Çünki bu işi nə üçün gördüyümü bilirəm. İlk görüşdən o cür baxsalar da, bir neçə dəqiqədən sonra fikrilərini və münasibətlərini dəyişiblər. Anlayıblar ki, mən yalnız öz işimlə məşğul oluram. Heç vaxt gecə həyatım olmayıb, hər dəvətə getmirəm, ortalıqda gəzmirəm, getmirəm.
– Ümumiyyətlə, ətrafında kişilər çoxdur?
– Kişi dostlarım çoxdur. Kənardan zərif təəssürat yaratsam da, əslində, kişilərlə xasiyyətim daha yaxşı tutur, nəinki qadınlarla. Qadınlarla çox anlaşa bilmirəm. Tək-tük qadınlar var ki, onlarla dostluq edirəm, o da dünyagörüşü geniş olan, savadlı, mədəni, səmimi olanlardır. Əzilib-büzülən, sınıb-tökülən qadınları sevmirəm. Qadın nazlanmalıdır. Amma süni yox. Qadınlar oturub markadan söhbət edirlər, kiminsə geyiminin qiymətindən, brend çantadan danışırlar. Mən gedib bazardan 5 manatlıq kofta alıb geyinərəm, amma onu utanmadan elə gözəl daşıyaram ki. Məndən soruşanda yalandan demirəm 100-200 manata almışam, deyirəm 5 manata almışam. Qarşımdakının dodağı büzülür ha, bax, o insanla bir masa arxasında oturmuram. Qadınlar şişirtməyi sevir. Bu xüsusiyyət onlarda olduğu üçün qadınlarla anlaşa bilmirəm. Kişilər daha səmimidir, onlarla daha rahat oturub söhbət edə, dərdimi danışa bilirəm. Qadına dərdini danışırsan, sabah onu başqa yerdən eşidirsən.
– Bəs məhəbbət etiraf edənlər necə, çoxdur?
– Çox olur. Normal qarşılayıram. Amma baxır etirafa. Sevgi etiraf etməyin də tərzi var. Mənə nə cür etiraf edirlərsə, o cür də cavab alırlar. Həqiqətən sevgi etiraf edənlərə də hörmətlə cavabımı verirəm.
– Onların arasında dəyərləndirdiyin olubmu?
– Olub.
– Uzağa getməyək, elə Türkiyədə də cütlüklər rəsmi nikah olmadan birlikdə yaşayırlar. Evlənməyə də tələsmirlər…
– Buna çox yaxşı baxıram. Hərçənd elə ailədənəm ki, bu cür məsələləri normal qarşılamazlar. Bizim xəmirimiz başqa cür yoğrulub. Həyat insana bir dəfə verilir. Heç kimin ata-anası onunla birlikdə ömür sürməyəcək. Sadəcə böyüklərə hörmət qoymaqla hər kəs həyatını yaşamalıdır. Qarşındakına əyildikcə öz həyatına baş əyirsən. Mən atamın adət-ənənəsi ilə getsəydim, indi burada olmazdım.
– Sən də bu cür münasibətdə yaşaya bilərsən?
– Təbii ki, yaşayaram. Çünki heç kimə hesabat vermək məcburiyyətdə deyiləm. Nişanlılıq dövrü bir-birini tanımaqdır. Bir yerdə yaşmaq da eyni şeydir. O vaxt, xüsusən də atam tərəfdə qız bəyi toy günündə görürdü. Ona görə də boşanmalar çoxdur. Çünki ailələr valideynlərin istəyi ilə qurulub. Ya da ömür boyu bir-birini sevməyən insanlar bir yerdə yaşamaq məcburiyyətində qalıblar.
– Modelin sevgilisi olmaq asan deyil. Açıq-saçıq geyinirsən, səhnəyə çıxırsan. Bu baxımdan qarşı tərəflə necə anlaşırsan?
– Kənardan baxanda insanlar elə düşünür. Amma tanıyandan sonra səhnədəki insanla əslində olan insanın fərqli olduğunu görürlər. Mən ümumiyyətlə, açıq-saçıq geyinən insanam. Ancaq xasiyyətim qətiyyən açıq-saçıq deyil. Xarakter baxımdan çox qapalıyam. Məsələn, gecə mənə təklif edir ki, harasa gedək. Cavab verirəm ki, bu saatda mən evdən çıxa bilmərəm. Onda artıq bu insan başa düşür ki, mən necə insanam. Əslində qarşı tərəflə heç vaxt bu baxımdan problem olmur. Çünki xasiyyətimi bilirlər. Mən rahat yaşayan insan deyiləm. Bu da ailəmdən gələn şeydir.
– Şərt qoysalar ki, ya ailə, ya da peşən, hansını seçərsən?
– Əgər bir insanla yola çıxıramsa, o insanı mən seçirəmsə, qarşıma şərt qoysa da, yenə onu seçərəm. Çünki mən o insanı istəyib həyat qururam. Amma mənə elə gəlir ki, şərt qoymaz. Çox asanlıqla başqa işlə məşğul ola bilərəm. Hətta evdar xanım da olaram. Evə, mətbəxə ailəyə bağlı insanam. Onsuz da heç kim ömrünün sonunadək maniken, model olmur. Mən də nə zamansa bu işlə vidalaşacam. Bu da bir həvəs idi başlamışdım. Çox uğurlu alındı və professional formada davam etdirirəm.
– Bayaq qeyd etdin ki, atangil maştağalıdır, qapalı insanlardır. Sənin maniken olmağını necə qarşıladılar?
– Çox pis baxırdılar. Heç məni oxutmaq istəmirdilər. Sadəcə atam oxumuş adamdır deyə icazə verdi. Əmilərim deyirdi “qız nədir, oxumaq nədir?” Bizdə qızlar 18 yaşında ərə getməyibsə, evda qalmış hesab olunur. Atam maniken olmağıma əsəbiləşdi, qəbul etmirdi. Oğlan kimi olduğuma, öz dediyimin üstündə durduğuma görə razı oldular. İndi atam mənə qızım yox, “oğlum” deyir, mənimlə qürur duyurlar. Sadəcə hörmət əlaməti olaraq ehtiyat edirəm ki, açıq-saçıq şəkillərimi görməsin. Hətta bir dəfə telekanalların birində açıq-saçıq fotosessiyam olan anons getdi, səhəri həmin verilişə getməliydim. Bir də gördüm anons gedir – “Türkiyədə yaşayan azərbaycanlı model soyundu”. Tez zəng vurub xahiş etdim ki, çıxarsınlar. Bir dəfə də çimərlikdə müsahibə vermişdim və fotosessiya olmuşdu. Qardaşım bunu internetdə görüb, əsəbləşib və atama göstərmişdi. Qırğın-mərəkə qopmuşdu. Gedib atama sual verdim ki, mən kiməm, nə işlə məşğulam? Dedi model. Dedim modelin çimərlikdə şəkli necə olmalıdır, xələtdə? Sənə şəkilləri göstərdilər, bəs şəklin yanındakı müsahibəni oxudun? Cavab verdi ki, yox. Dedim mən dəniz kənarında şəkil çəkdirmişəm və müsahibə vermişəm. Dəniz kənarında çimərlik paltarı geyinirlər. Sadəcə fərq odur ki, insanlar çimir, onları çəkib sayta vermirlər, amma mən tanınıram deyə çəkib verirlər. Nəhayət, atamla bir-birimizi başa düşdük.
– Yəqin geyim seçimində kaprizlisiniz, hər şeyi bəyənmirsiniz.
– Bu işin içində olduğum üçün zövqlü olmaya bilmərəm. Amma gözəllik salonlarında yatıb qalmıram, özümə qulluq etmirəm, ayda-ildə bir dəfə saçlarımı rənglədirəm. Qaş-üz aldırmaq, manikür üçün salona getmirəm. Hamısını özüm edirəm. Nadir hallarda manikür-pedikür etdirərəm. Hər tədbirə gedəndə makiyaj etdirmirəm. Bakıda olduğum müddətdə bir dəfə gözəllik salonuna getmişəm, o da rəfiqəmin toyunda. Kənardan baxanda elə görünür ki, gözəllik salonlarından çıxmıram.
– Geyimlərini əsasən tikdirirsən, yoxsa alırsan?
– Çox vaxt Türkiyədə butiklərdən alıram. Çünki butiklərdə bir geyimdən cəmi 1-2 dənə olur. Həm də elə geyim alıram ki, onu bir neçə il geyinə bilim. Hər dəfə fərqli formada geyinirəm, heç bilinmir neçə ilin şalvarı və ya köynəyidir. Bir kostyumu bir neçə yerə geyinə bilərəm. Amma elə formaya salıram ki, heç kəs bunu anlamır. Özüm dizaynerliyi yaxşı bacarıram.
– Brend geyimlərə üstünlük verirsən?
– Belə bir vəsvəsəm yoxdur. Lap 28 may metrosunun keçidindən də geyim almışam. Çox qəşəng də geyimlər var orda. Brend geyimlərim də var. Məsələn, ayaqqabı, çanta, eynək və saatı brend alıram. 6-7 brend çantam, 10-a yaxın brend ayaqqabım var. Amma bahalı geyim almıram. Palto bahalı alaram, çünki 2-3 il geyinə bilərəm. Hazırda əynimdəki ayaqqabı və çanta eksklüzivdir, 200 dollara başa gəlib.
– İndiyədək ən çox pulu nəyə xərcləmisən?
– 7 min dollara çanta almışam. Çox xoşuma gəlmişdi. Ondan bahalı çantam da var, amma hədiyyədir. Ən bahalı saatım 3 min dollardan yuxarıdır. Özüm almışam. Ən bahalı eynəyimi də 2 min dollara almışam. Ayaqqabı 800-1000-1200 dollara almışam. Ümumiyyətlə, pul xərcləməyi sevirəm. Hər an başıma nəsə gələ bilər, pulu niyə yığım ki? Ən çox ailəmə xərcləyirəm. Hədiyyə verməyi, qarşımdakı insanları məmnun etməyi sevirəm. Simic insanları, özünə qıymayanları sevmirəm.
– Yeri gəlmişkən, sənə hədiyyə çox verirlər?
– Bahalı hədiyyələri həmişə bir nəfərdən almışam. Zinət əşyaları, çanta, ayaqqabı.
– Aksessuarlarla aran necədir?
– Çox sevirəm, xəstəsiyəm. 5 manatlıq kofta, cırıq cins geyinərəm, amma aksessuarlar taxaraq onları 2 min dollarlıq göstərə bilərəm. Qadınlara da bunu məsləhət görürəm. Çox sadə geyinib aksessuarlarla çox bahalı görünüş yaratmaq olar. Zinət əşyalarını sevmirəm. Ən çox sevdiyim zinət əşyası boynumdakı boyunbağıdır. Bu, mənim talismanımdır, 8-ci ayda anadan olmuşam, bu da sonsuzluq işarəsidir. Özəl bir insandan hədiyyədir. Ona görə hər zaman üstümdədir. Qızıl əşyalarım çoxdur, amma taxmıram.
– Ətirlərlə aran necədir?
– Ən çox pulu ətirlərə xərcləyirəm. Türkiyədəki evdə çox ətrim var. Özüm də almışam, hədiyyələr də var. İllərlə yığılan ətirlərdir. Bir dəfə hesabladım, 17 min dollara gəlib çıxmışdı. O dərəcədə ətir xəstəsiyəm. Moskvaya getmişdim, 5 dənə ətir aldım. Hamısı da brend. Ucuz ətir almıram. Ona görə yox ki, bəyənmirəm, ucuzdur, ya imkanım çoxdur. İmkanım olmasa, ətir vurmaram, amma vuranda da qəşəngini vururam. Ucuz ətrin iyi tez keçir, ya da xoşagəlməz olur. İndiyədək ən bahalı ətrim hədiyyə olub, 2 min dollardan çox qiyməti var. Hələ də evdədir. Əsasən təravətli qoxuları sevirəm.
– Sənə baxan elə bilər ki, bütün günü ac qalırsan, pəhrizdəsən və idman edirsən.
– Qətiyyən elə deyil. Pəhriz saxlamıram. Mənim pəhrizim ziyanlı qidalardan uzaq olmağımdır. Qazlı içkilər içmirəm, zərərli vərdişlərdən uzağam. İdmanla 2 ildir məşğul olmuram, amma əvvəl idmana gedirdim. Həm də əsəbiyəm deyə belə arığam. Əsəbi olanda ağzımdan su da keçmir. Amma istənilən vaxt, lap gecə də durub yemək yeyə bilərəm. Ən kök vaxtımda 60 kilo olmuşam. Hazırda isə 52 kiloyam.
– Bişirməklə aran necədir?
– Çox yaxşı. Evdarlığı çox sevirəm. “3 bacı” dolması ən sevdiyim yeməkdir. Şorbaları yaxşı hazırlayıram. Ağlınıza gələn hər yeməyi bişirməyi bacarıram. Ev işləri də görürəm. “Manikürüm pozular, pəncərəni silməyim” fikri məndə yoxdur. Çıxıb pəncərə də silirəm, əyilib döşəmə də silirəm. Həyətdə alaq da təmizləyirəm, ot da biçirəm.
– Bu yaxınlarda aktrisalardan biri müsahibə verdi ki, kişilər ona lüt şəkillərini yollayırlar və o, həmin şəkillərdən sərgi təşkil edəcək. Sənə belə yersiz təkliflər və ya sms gəlib?
– Olub. Yarıçılpaq yox, ondan da betər şəkillər yollayıblar. Təzə vaxtlarda şok olurdum, amma sonradan reaksiya vermədim. Hətta mənə pul müqabilində görüş də təklif ediblər. 3-4 il əvvəl pul təklifi ediblər, 1200 dollar. Yazmışdı ki, evliyəm, heç kim bilməsin. Dedim razıyam, gələcəm, amma tək yox. Elə bildi rəfiqəmlə gələcəm. Mən də cavab verdim ki, həyat yoldaşımla gələcəm. Onunla da səsi kəsildi. Bir dəfə yenə ailəli biri mənə pul təklif etdi. Mən də əsəbləşib yazdım ki, mənə verəcəyin pulu apar ver həyat yoldaşına. Belə insanlara ruhi xəstə kimi baxıram, başqa ad tapmıram.
http://s019.radikal.ru/i618/1606/01/04765e90e810.jpg
http://s017.radikal.ru/i415/1606/d6/b655d41d1b34.jpg
http://s018.radikal.ru/i509/1606/75/ea49022c2173.jpg
http://s016.radikal.ru/i336/1606/32/bca4748ea23b.jpg
http://s020.radikal.ru/i717/1606/25/d8be53d883c9.jpg
http://s015.radikal.ru/i331/1606/d9/fc6a78b96a67.jpg
http://s020.radikal.ru/i709/1606/5f/c599a19a6a7a.jpg
http://s020.radikal.ru/i705/1606/c3/147385a402c6.jpg
http://i045.radikal.ru/1606/f2/dbf2fc99198b.jpg
http://s019.radikal.ru/i641/1606/19/fc0c72a1d302.jpg
http://s009.radikal.ru/i309/1606/cd/6697c3d8e068.jpg
http://i013.radikal.ru/1606/c3/d41d1df5a7b0.jpg
http://s017.radikal.ru/i412/1606/de/e2153b689bb3.jpg
http://s012.radikal.ru/i320/1606/e4/d0d46ffabe8c.jpg
http://s018.radikal.ru/i505/1606/61/276640078446.jpg
http://i069.radikal.ru/1606/5e/0ca853a15734.jpg
http://s019.radikal.ru/i635/1606/0a/b7b31f8bbbfc.jpg
http://s008.radikal.ru/i303/1606/11/7edafcf6057b.jpg